İnsanlara hürriyət, millətlərə istiqlal!

Narendra Modi Kazanı niyə erkən tərk edib? - İLGİNC DETALLAR

Məlum olduğu kimi, Rusiyanın Kazan şəhərində keçirilən BRICS toplantısında müxtəlif ikitərəfli görüşlər də keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşarkən Ankarada PKK terror aksiyası baş verdi. Bu səbəbdən Putin görüşə Ərdoğana başsağlığı verməklə başladı. Kreml sahibi ikitərəfli iqtisadi əlaqələrin artım tempindən və Rusiyanın "Rosatom" şirkətinin "Akkuyu"da inşa etdiyi atom elektrik stansiyasından danışdı.

elxan.jpg (68 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Hindistanın baş naziri Narendra Modi ilə Çin lideri Si Cinpin arasında görüş də diqqət çəkib:

"Məsələ burasındadır ki, bu görüşdən sadəcə bir neçə gün əvvəl iki ölkə sərhədin mübahisəli hissəsində birgə patrul həyata keçirməklə bağlı razılaşma əldə ediblər. Halbuki, 4 il əvvəl sərhəddə hər iki tərəfdən hərbçilərin ölümlərinə yol açan gərginliyin azaldılması üçün aparılan danışıqlar nəticə vermirdi. İki lider 2022-ci ildə İndoneziyanın Bali şəhərində, daha sonra Cənubi Afrikanın Yohannesburq şəhərində G20 toplantısı zamanı görüşsələr də, problem həll olunmamışdı.

Buna baxmayaraq, Narendra Modi Kazan sammitini erkən tərk etmək məcburiyyətində qalıb. Çünki Almaniyanın kansleri Olaf Şoltsun Hindistana səfəri başlayırdı, Modi onunla görüşə tələsirdi. Dehliyə səfər Olaf Şolts üçün vacib idi. Almaniya Hindistanın tender elan etdiyi 6 sualtı gəmisini inşa etmək istəyir. Dehli  tikintini Almaniya şirkətlərinə həvalə etməyə həvəslidir. Ancaq yekun qərar hələ verilməyib. Dehli Almaniyanın Hind-Sakit Okean bölgəsində təhlükəsizlik məsələsinə marağının artmasına nail olmaq istəyir. Tenderin şərtlərinə görə, 6 milyard dollara başa gələcək sualtı gəmilərin tikintisi Hindistanın limanlarında həyata keçirilməlidir. Məqsəd tikitini həyata keçirəcək şirkətlərin texnologiyalarını Hindistanla bölüşməsini təmin etməkdir. Almaniya ilə yanaşı, İspaniya şirkətləri də tenderdə iştirak etmək istəyirlər. Təsadüfi deyil ki, Olaf Şoltsdan sonra İspaniyanın baş naziri Pedro Sançes də Hindistana səfər edəcək".

Politoloq bildirib ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avropa İttifaqı, o cümlədən Almaniya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib:

"Nazirin sözlərinə görə, Dehli ilə Berlini geosiyasət, geoiqtisadiyyat və texnologiyalar birləşdirir. Bu, bir daha göstərir ki, Dehli BRICS təşkilatının anti-Qərb blokuna çevrilməsinin əleyhinədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR