İnsanlara hürriyət, millətlərə istiqlal!

Müvəqqəti müttəfiqlik, məxfi məlumat və pul kanalı – İçəridəki xain kimdir?

Hökumət strukturlarında müxalifətə maliyyə dəstəyi verən, informasiya sızdıran, onun vasitəsilə hakimiyyətdaxili rəqiblərini “vurmağa” çalışanlar həmişə olub – dövlət müstəqilliyimizi bərpa etdiyimiz ildən bu günə qədər.

Müxalifət düşərgəsində bu, məmnunluqla qarşılanır və imkanlı məmurların “demokratiyaya töhfəsi” sayılır.

İqtidar düşərgəsində isə bu hərəkətin adı daha konkretdir: xəyanət.

O cür adamlar özləri isə bunu nə “demokratiyaya töhfə” hesab edirlər, nə də “dövlətə, rəhbərə xəyanət”. Onlara görə, bu, sadəcə, öz oyununu oynamaq, öz gələcəyini düşünmək, “odioz qüvvələri zərərsizləşdirmək”, “yüksək vəzifələri yaxşı adamların tutmasına çalışmaq”dır.

Göründüyü kimi, müxalifətə maliyyə və informasiya sızdırmaq üçmənalı şəkildə qiymətləndirilir.

Keçmiş vaxtlarda parlamentin spiker olmaq üstündə bir-birini vurub əldən salan nazirlər vardı, mərhum prezident Heydər Əliyev onların ikisini də kənarda qoydu, həmin vəzifəyə hüquq professorunu layiq gördü.

10-15 il öncə baş nazir olmaq üstündə çarpışan nazirlər də qıraqda qaldı, bu vəzifəni adı korrupsiyada hallanmayan, şəxsi iddia sərgiləməyən şəxslər tutdu. Çarpışanların bir-birinə qarşı apardıqları media mübarizəsi, qara piar kampaniyası hədər getdi.

Yəni hakimiyyətin daxilindən kənara informasiya və pul sızdırmağın, müxalifətin hansısa qanadı ilə müvəqqəti müttəfiq olmağın əsas məqsədi, birmənalı olaraq, ya kimdənsə qisas almaqdır, ya da başqalarından önə keçməkdir.

Hazırda adları çəkilməyən bəzi qüvvələrin xaricdə yaşayan və ümumilikdə hakimiyyətə qarşı hər cür həqarət dolu çıxışlar edən şəxslərlə işbirliyinə getmələri barədə informasiyalar dolaşır.

efqan-muxtarli.jpg (271 KB)Əfqan Muxtarlının statuslarından biri

Bunu dilə gətirənlərdən biri Əfqan Muxtarlıdır. O, intensiv şəkildə davam edən sərt və təhqiramiz çıxışları ilə tanınan bloqer Tural Sadıqlını ittiham edərək, deyib ki, Tural özü və atası xaricdə dövlət qurumlarından birinin adı açıqlanmayan məmuru ilə görüşüb.

Bu ittihamı irəli sürərkən Ə.Muxtarlının hədəfi heç də hakimiyyət strukturlarındakı “göstəbək”i ifşa etmək deyil, o, bu sözlərlə Tural Sadıqlını gözdən salmağa, onun haqqında şübhə yaratmağa çalışır. Çünki “müxalifətin alovlu tribunu” olmaq, fondlardan “Azərbaycan hakimiyyətini tənqid edənlər”ə ayrılan qrantlara sahiblənmək məsələsində Tural Sadıqlı Əfqan Muxtarlının üzv olduğu sektaya rəqibdir.

Ə.Muxtarlıda T.Sadıqlının hansı məmurla görüşməsi barədə səhih informasiya vardısa, o, bunu açıqlaya bilərdi. Amma o, belə etmir, hədəf taxtasına məmuru yox, T.Sadıqlını çıxarır. Bu da o deməkdir ki, Ə.Muxtarlının istəyi müxalifətə pul və informasiya sızdıran məmurun T.Sadıqlı ilə yox, onunla, ona yaxın qrupla “işləməsi”nə nail olmaqdır.

tural sadiq_1716970950.jpg (60 KB)

T.Sadıqlı da ona borclu qalmayıb, deyib ki, o, ümumiyyətlə, hökumət rəsmilərinin simasında hökuməti tənqid etməyə üstünlük verir, son altı ayda bir neçə dəfə xarici mediaya müsahibə verməkdən imtina edib.

Azərbaycan hakimiyyətinə maraqlı olan məqam isə heç də söz savaşına çıxanlardan hansının – Turalın, yoxsa Əfqanın haqlı olması deyil. İqtidar komandasını hakimiyyət strukturlarında müxalifətlə, xaricdəki tənqidçilərlə işbirliyində olan məmurların olub-olmaması maraqlandırır.

Prinsipcə, belələri ola bilər və onların mövcudluğu hakimiyyət üçün xoşagəlməz və təhlükəlidir. “Ocaq başındakı düşməni” heç yerdə sevmirlər və ifşa edib zərərsizləşdirirlər.

İndiyədək olan bir çox hadisələr göstərir ki, ortada nəsə bir kanal var. Çünki yalnız hakimiyyət orqanlarının biləcəyi bəzi məxfi informasiyalar vaxtaşırı xaricdəki bloqerlərin dilindən səslənir. Onlar bu informasiyaları necə əldə edirlər, maraqlıdır.

Həmin bloqerlərin Azərbaycan məmurlarını şantaj etməsi iddiası da var. Bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov sosial şəbəkədə status paylaşaraq yazıb ki, Almaniya prokurorluğu konkret faktlar əsasında azərbaycanlı bloqerlərə qarşı araşdırma başlayıb.

eeeeeeeeeeeeeeeeeeeeeee.jpg (138 KB)

S.Lətifov yazıb: “Məsələ bundadır ki, həmin bloqerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ...İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.

Bir sözlə, gedişat göstərir ki, bu prosesin sonunda kimlərinsə qoluna qandal vurulacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR