Onlayn ictimai-siyasi qəzet
Musavat.com Milli Məclisin deputatı Kamal Cəfərovun müəllif yazısını təqdim edir:
Əziz həmvətənlilərim!
Bu gün müstəqilliyimizin bərpası gününüdür. Ötən günlərdə isə biz Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi və 15 oktyabrda Müzəffər Liderimiz İlham Əliyevin ilk dəfə prezident seçilməsi ilə bağlı ildönümünü qeyd etdik.Bu əlamətdar günlər Azərbaycan xalqının, onun milli kimliyinin, dövlətçiliyimizin təntənəsi və möhtəşəm qələbələrimizin təməlidir.
Bu əlamətdar günlər həmçinin dövlət kimliyimizi dəyərləndirmək, dövlətçilik tariximizi yenidən nəzərdən keçirmək üçün xüsusi imkan yaradır.
Əziz xalqımız, tarixin reallıqlarını düzgün dərk etmək lazımdır. Etiraf etməliyik ki, 1918-ci ildə elan edilən müstəqillik, eyni zamanda 1991-ci ildə bərpa edilən müstəqillik o vaxtkı geosiyasi şəraitin, tarixi hadisələrin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı.
1918-ci ildə Azərbaycanın müstəqilliyi Birinci Dünya Müharibəsi və Rusiya İmperiyasının dağılması ilə yaranan geosiyasi boşluğun nəticəsi idi. Xarici güclərin böyük təsiri və daxili siyasi qeyri-sabitlik bu müstəqilliyi formal və qısaömürlü etdi. 1991-ci ildə Sovet İttifaqının dağılması prosesi sürətlənərkən biz müstəqilliyimizi bir çoxlarından daha gec elan etdik. Hətta Sovet İttifaqının əsasını təşkil edən Rusiya belə bizdən iki ay əvvəl öz müstəqilliyini bəyan etmişdi.
Bu faktları tarixin bir hissəsi kimi qəbul etməliyik, lakin unutmamalıyıq ki, bu tarix bizə dərslər verməlidir. Çünki yalnız millət özünü dərk etdikdə güclü olur, xalq öz kimliyini tanıdıqda qüdrətli olur!
Məzmun baxımından Azərbaycanın müstəqilliyinin əsl bərpası 1990-cı ilin noyabrında, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə başlandı. O, "Sovet Sosialist" sözlərini Naxçıvanın adından çıxararaq, üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı elan etdi. Bu addım yalnız dövlətçiliyin bərpası deyildi, həm də müstəqilliyimizin ideoloji təməlini möhkəmləndirən bir qəraridi.
Ona görə də Ulu Öndər Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də əsl müstəqilliyimizin banisi olmuşdur.
1993-cü ilin 15 iyunundan, yəni Qurtuluş Günündən etibarən atılan strateji addımlar bizi 2020-ci ildə Müzəffər Liderimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızı Böyük Zəfərə çatdırdı. Əliyev dövlət idarəçiliyi sübut etdi ki, Azərbaycanın gücü sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və müstəqil xarici siyasətdən keçir. Bu idarəçilik irsi əsasında formalaşan dövlət kimliyi isə bizim suverenliyimizin qarantıdır.
Azərbaycanın parlaq gələcəyi də məhz Əliyev dövlət idarəçiliyi əsasında formalaşan bu kimlikdədir – sabitlik, inkişaf və qürurlu suverenlik üzərində qurulmuş bir kimlik.
Bizim vəzifəmiz bu kimliyi gələcək nəsillərə aşılayaraq qorumaqdır. Çünki bu kimliyin qorunması, həm də Azərbaycanın rifahı və təhlükəsizliyinin təminatıdır.
Müstəqilliyimizin Bərpası Günü mübarək olsun! Ancaq unutmamalıyıq ki, müstəqilliyimizin əsl dəyəri onun üzərində qurulmuş dövlət kimliyimizdədir.
Bu kimlik millətimizi irəli aparacaq və gələcəyimizi daha güclü edəcək. Ona sahib çıxmaq və qorumaq hər bir vətəndaşın müqəddəs borcudur!
Kamal Cəfərov
Milli Məclisin deputatı
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ