Onlayn ictimai-siyasi qəzet
Xalq artisti “20 yanvar” faciəsini xatırlayıb, jurnalistə açıqlama verib. Deyir, həmin gün xəstəxanada yatırdım.
Dəhşətdir. Fısqırıq. Gör nə qədər dərin xatirədir. Xatirələr xatirəsidir. Görəsən niyə bizim sənət xadimlərimizin xatirələri adətən belə boş-boş şeylərdən ibarət olur? Məsələn, mənim yadıma gəlir, bir dəfə xalq yazıçısı Elçin müəllim xalq şairi Qabil müəllimin haqqında guya xatirə yazısı yazmışdı. Niyə “guya” əlavə etdim, buyurun, özünüz qiymət verin, həmin “xatirələrdən” bir epizodu olduğu kimi burda sitat verirəm:
“…Həyətdən Qabilin səsi gəlir:
- Mahir!..
Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:
- Hə?
- Gəl, zənbili götür!
Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin…”
Bu xatirəni hansısa sadə azərbaycanlı danışsa, yazsa, bütün millət onu hoydu-hoyduya götürər. Axı bu heç xatirə də deyil! Lakin xalq yazıçısı adın varsa, buyur, bas getsin...
Məsələn, həvəsə gəldim, istəyirəm burda Nemət Pənahlı ilə bağlı xatirəmi yazım. 1990-cı illərin əvvəlində “Gənclik” adlı çox populyar jurnal çıxırdı. Bir gün onun redaksiyasına getmişdim. Rəhmətlik Sabir Sarvan və Hüseyn Əfəndinin çalışdığı otaqda idim, qəfil Nemət Pənahlı içəri girdi. Dedi jurnalın redaktoru, şair Məmməd İsmayılı axtarır. İşçilər Nemət müəllimi hansısa üsulla başlarından elədilər, orası dəqiq yadımda qalmayıb. Vəssalam. Gözəl xatirə deyilmi?
Bir dəfə də mən Müsavat Partiyasının qərargahında başqan İsa bəylə rastlaşdım, mənə dedi salam. Mən də dedim, salam, İsa bəy. Unudulmaz xatirədir.
Sözgəlişi, dünən Nemət müəllim ənənəvi olaraq həmin tarixi dövr üzrə göz yaşı axıdıbmış. Yaxşı eləyir. Bizim kimilərinə bu da azdır. Deyibən qayıdıram əvvələ. Amma hövsələnizi saxlayın, axırda (matəm günü olmağına görə üzr istəyərək) bu temada bir pritçanı əlavə edəcəyəm. Nemət müəllim kimiləri hər dəfə faciələrimiz, “20 yanvar” və sairə temalarda ağlaşma quranda mən istər-istəməz o pritçanı xatırlayıram.
Əlbəttə, şanlı xalq artistimiz Məleykə xanımın (bayaq xatirənin şiddətindən ismi-şərifini yazmadığımı yalnız indi duydum) “20 yanvar” gecəsi xəstəxanada olması məni bir az da çaşdırdı. Elə bildim qatil sovet ordusu onu yaralayıbmış. Hətta fikirləşdim, ey dili-qafil, nə qədər laqeyd, bivec, biganə adamam, tariximizi oxumuram, Məleykə xanımın “20 yanvar” yaralısı olduğunu indiyəcən bilməmişəm. Ardını oxudum, özümü qırmaclamağı dayandırdım, sən demə Məleykə xanım xəstəxanaya nəsə başqa səbəblə yatıbmış. Bəs bu xatirənin mənası heç yoxdurmu? İnsafən, var. Deyir, gecə xəstəxanaya çoxlu sayda yaralı insanlar gətirildi. Məleykə xanım da yaralıları görüb, şok keçirib.
Səmimi sözümdür, Məleykə xanım mahnı oxuyanda da mən şok keçirirəm. Hətta nəinki oxuyanda, səsini eşidəndə belə. Ancaq bunun mövzuya dəxli yoxdur.
Sonda yuxarıda Nemət müəllim barədə söz verdiyim pritçanı yazım.
Deyir, iki nəfər kənddən gəlir, şəhərdə kafedə otururlar, yemək sifariş verirlər. Süfrədə xardal var imiş, bunlar heç birisi xardalın nə olduğunu bilmirmiş. Biri xardalı qaşıqlayır, yeməyə başlayır. Ağız-burun, göz-qaş az qalır yerindən çıxsın, gözündən su sel kimi axır. Dostu soruşur ki, nə oldu, niyə ağlayırsan, adam deyir: “Əşşi, heç, rəhmətlik qardaşım yadıma düşmüşdü, ona görə ağlayıram”. İkinciyə də tamah güc gəlir, başlayır bu da xardalı yeməyə və ağlamağa. Birinci deyir: “Bəs sən niyə ağlayırsan?”. İkinci deyir: “Elə mən də sənin rəhmətlik qardaşını xatırladım. Kaş onun yerinə sən öləydin”.
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ