İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 20 yanvar həyasızlığı – Bu xalq 35 il öncəki hadisələri düz oxumalıdır!

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini bu gün minnətdarlıqla yad edir. Təkcə yad etmir, eyni zamanda, onların uğrunda həlak olduğu hədəflərə tam çatmasını iki ildir başı uca, alnıaçıq, qürur hissi ilə qeyd edir – millət və dövlət olaraq. Buna görə bütün şəhidlərimizə borcluyuq. Xüsusən də öz həyatları bahasına müstəqilliyimiz üçün ilk cığır açmış 20 Yanvar şəhidlərinə...

Sirr deyil ki, Bakıda milli azadlıq hərəkatı “Ermənistan” adlı saxta dövlətin əsassız ərazi iddiası ilə, Qarabağdakı dağıdıcı separatçılığın başlaması ilə qısa zamanda vüsət almış, Moskvanın qərəzli, ermənipərəst mövqeyi nəticəsində isə Azərbaycan üçün ölüm-qalım məsələsinə çevrilmişdi. Xoşbəxt xalqıq ki, tarixin və taleyin bu amansız sınağından uğurla, üzüağ çıxdıq. Nəinki işğalçı Ermənistanın, onun havadarlarının da dərsini verdik.

Hərgah, arxayınlaşmağa, eyforiya yuxusuna dalmağa, “qılıncımızı qınına qoymağa” gərək yox. Çünki düşmən ram edilsə də, yatmayıb. Bəd vərdişləri və niyyətlərindən, fitnə-fəsadından, revanşist planlarından əl çəkməyib. Ən əsası, haqq elədiyi faciələrdən ibrət götürməyib, düzgün nəticə çıxarmayıb...

Nə qədər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayıb, nə qədər ki, İrəvan həmin sənədin reallaşması üçün gərkənləri etmək, öz konstitusiyasından ölkəmizə və qardaş Türkiyəyə qarşı torpaq iddiaları ilə bağlı müddəaları çıxarmaq əvəzinə sürətlə silahlanmaqla məşğuldur, sakit otura bilmərik. Sülh sazişi yoxsa, müharibə də bitməyib.

Bu da növbəti dəlil-sübut.

Bu gün Ermənistan parlamentinin iclası zamanı radikal müxalifətçi “Şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan “Ermənistan və “artsax”ın birgə xəritəsi”ni kağız formada parlamentin salonundan yapışdırıb. Bu addımını baş nazir Nikol Paşinyanın maketini təqdim etdiyi Ermənistan xəritəsinin (29.7 min kv km) parlament divarından asılması ilə əsaslandırıb. Çıxışında isə həyasızcasına bildirib: “Bura erməni xalqının vətəni olub. İndiki hakimiyyət “Ermənistan və “artsax” bir yerdə” təhvil alıb”.

EURO.jpeg (39 KB)

Doğrudur, hakim partiyanın üzvü, spiker Alen Simonyanın göstərişi ilə təhlükəsizlik işçisi kağız “xəritələri” yapışdırıldığı yerlərdən cırıb. “Ermənistan” fraksiyasının katibi, öz masası üzərinə “artsax”ın əski parçasını qoymaqla təsəlli tapan Artsvik Minasyan isə bu hərəkəti hakimiyyətin “simasının göstəricisi” adlandırıb...

İstənilən halda, unutmaq lazım deyil ki, kapitulyant ölkədə Anna Mkrtçyan və Artsvik Minasyanın təxribatçı mövqeyini bölüşənlər yetərincədir. Həqiqət belədir ki, erməni cəmiyyətinin çox mühüm hissəsi hələ də “miatsum” virusundan əziyyət çəkir.

Təsadüfi deyil ki, “Gellup”un keçirdiyi son sorğulardan məlum olmuşdu ki, ermənilərin əksəriyyəti konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırılmasının qəti əleyhinədir. Bu o anlama gəlir ki, ölkədə revanş hissi ilə yaşayan müharibə tərəfdarlarının sayı az hesab olunmaz. Hərçənd nə qədər müəmmalı görünsə də, radikal müxalifətin reytinqi aşağıdır.

Lakin bu da bizi arxayın salmamalıdır. Fakt budur ki, erməni toplumunda revanşistlərin sosial bazası ciddidir. Erməni məktəblərində hələ də “böyük ermənistan” tədris olunur. Deməli, qalır revanşist sosial bazadan hansı qüvvənin, nə vaxt və necə istifadə edəcəyi, onu öz tərəfinı necə çəkəcəyi məsələsi. Hələ ki, bunu üsyançı keşiş Baqrat da bacarmayıb. Ancaq cəhdlərin davam edəcəyi şəksizdir. Xüsusən də konstitusiya referendumu ərəfəsi...

Məsələ də ondadır ki, guya ermənilərin ən mötədili olan Paşinyan nə qədər tez referenduma getsə, bir o qədər hamı öz işini bilər. O sırada Ermənistan əhalisinin neçə faizinin müharibə (“dəmir yumruq”) arzusunda olduğu dəqiqləşər. Əgər bu xalq radikal-revanşistləri hər hansı yolla təzədən hakimiyyətə gətirsə, onda bədəlinə də hazır olmalıdır.

Azərbaycan Prezidentinin xəbərdarlıq elədiyi kimi, biz qonşuluqdakı təhlükəli proseslərə münasibətdə tamaşaçı olmayacağıq. Xam xəyallara qapılmasınlar. Əgər Paşinyan erməni faşizmi ilə, revanşistlərlə bacarmayacaqsa və ya buna həvəs göstərməyəcəksə, o zaman işi Azərbaycan dövləti bitirəcək.

Odur ki, 1990-cı ilin 20 yanvarında Bakıda baş verənləri erməni xalqı iqtidarlı-müxalifətli-cəmiyyətli düz oxumalıdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR