Onlayn ictimai-siyasi qəzet
Müstəntiqlər Cənubi Koreyada müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər. Bu müasir tarixdə ilk hadisə deyil. Bir çox dövlətlərin rəhbərləri müxtəlif səbəblərdən məsuliyyətə cəlb ediliblər. Hətta bu gün paytaxt Vaşinqtonda inauqurasiya mərasimi keçirilən ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp da həbs edilmək təhlükəsi ilə üzləşib.
Donald Tramp
Donald Tramp, 4 aprel 2023-cü ildə biznes qeydlərini saxtalaşdırmaqda ittiham edilib. O, təqsirini boynuna almayıb, vəkili isə təqibi “siyasi” addım adlandırıb. Bir ay sonra Manhetten Federal Məhkəməsinin münsiflər heyəti Trampı ayrı bir işdə, yazıçı Elizabet Cin Kerrolla qarşı cinsi qısnama və böhtanda təqsirli bilib. O, Kerrolla təqribən 3 milyon dollar təzminat və hücuma görə mülki iddiada daha 2 milyon dollar ödəməli olub.
Daha sonra Trampa qarşı məxfi sənədlərlə işləmə qaydalarını pozmaqla bağlı ittihamlar irəli sürülüb. Qeyd olunub ki, Tramp Ağ Evdən çıxarkən özü ilə onlarla qutu aparıb, onların çoxunda məxfi sənədlər olub. Avqustun əvvəlində Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı yeni cinayətlərdə ittiham olunub.
Avqustun 3-də keçirilən məhkəmə iclası təxminən yarım saat davam edib və Tramp həbs olunmayıb. Yalnız, vəkil istisna olmaqla, ona iş üzrə şahidlərdən hər hansı biri ilə əlaqə saxlaması qadağan edilib. Tramp 2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra o, məxfi sənədlərin düzgün saxlanmaması və Kapitoliyə hücumu ilə bağlı ittihamlardan azad edilib.
Pak Kın He
2018-ci ilin aprelində Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın He korrupsiya, dövlət sirlərini açıqlama və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, 17,5 milyon dollar məbləğində cərimələnib.
Keçmiş prezidentin yaxın rəfiqəsi Çoi Sun Sil bundan istifadə edərək, “Samsung” və “Lotte” də daxil olmaqla iri korporasiyalardan pul “qoparıb”. 2016-cı ildə Pak Kın Heyə qarşı impiçment elan edilib və altı ay sonra ona qarşı ittiham irəli sürülüb. 2021-ci ildə Pak Kın He əfv olunub və həbsdən 18 il tez azad edilib.
İmran Xan
2022-ci ilin aprelində Pakistan parlamenti baş nazir İmran Xana qarşı etimadsızlıq səsverməsi keçirib. O, iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə və korrupsiyada ittiham olunub. Elə həmin il Seçki Komissiyası onu namizəd olmaqdan məhrum edib və beş il müddətinə dövlət vəzifələrində işləməyə qadağa qoyub. 2023-cü ilin martında İmran Xan baş nazir vəzifəsində çalışarkən digər ölkələrin başçılarından aldığı bahalı hədiyyələrin satışı ilə bağlı iş üzrə həbs edilib.
Keçmiş baş nazirin iqamətgahının yaxınlığında polislə tərəfdarları arasında toqquşma baş verib və sonra məhkəmə Xan haqqında həbs qərarını ləğv edib. Ötən ilin mayın 9-da onun həbsi yenidən böyük iğtişaşlara səbəb olub, 8 nəfər ölüb, 300-ə yaxın adam yaralanıb və mayın 11-də Ali Məhkəmə həbsi qanunsuz elan edib.
Məhkəmə çəkişmələrinin sonunda 2024-cü ilin 31 yanvar tarixində Pakistan məhkəməsi ölkənin sabiq baş naziri İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib. İmran Xanın həyat yoldaşı Büşra Bibiyə də eyni ittiham üzrə yeddi il həbs cəzası verilib. Eyni zamanda, onların hər birinə böyük məbləğdə cərimə yazılıb. Cərimənin ödənilməməsi əlavə olaraq altı ay həbslə nəticələnə bilər.
Xose Pedro Kastilyo
Peru parlamenti 2022-ci ilin dekabrın 7-də prezident Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırılıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte isə dövlət başçısı qismində and içib.
2022-ci il dekabrın 16-da Perunun Ali Məhkəməsi keçmiş prezident Pedro Kastilyo barəsində “üsyan” ittihamı ilə 18 aylıq həbs-qətimkan tədbiri seçib. 2024-cü ilin iyulunda məhkəmə onun həbs müddətini 2025-ci ilin dekabrına qədər uzadıb. Prokurorluq Xose Pedro Kastilyo Terronesin 34 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Korrupsioner Fransa liderləri
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasına həddən artıq pul xərcləməkdə təqsirli bilinib. O, 42,7 milyon avro xərcləyib ki, bu da qanunla icazə verilən məbləğdən təxminən iki dəfə çoxdur. Məhkəmə müəyyən edib ki, keçmiş prezidentin məhdudiyyətlərdən xəbəri olub. Sarkozi bir il müddətinə azadlıqdan məhrum edilib. Bu iş mətbuatda seçki kampaniyasını idarə edən PR agentliyinin adı ilə “Bigmalion işi” kimi tanınıb.
Sarkozinin növbəti korrupsiya işi 2021-ci il martın 1-də onun üç il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnib. Lakin iki illik müddət şərti cəza ilə əvəzlənib. Sarkozinin növbəti korrupsiya işi fransız-livanlı iş adamı Ziyad Takiddinin ifadəsindən sonra qaldırılıb.
Paris prokurorları 2013-cü ildə Ziyad Takiddinin Sarkozinin seçki kampaniyasının maliyyələşdirilməsində iştirakı ilə bağlı açıqlama verdikdən sonra araşdırmaya başlayıb. Müxtəlif vaxtlarda Liviyanın keçmiş neft naziri Şükri Məhəmməd Qanem və Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin keçmiş maliyyəçisi Behir Saleh Liviyadan Sarkozi üçün maliyyə göndərdiklərini bildiriblər. Bu işlər də heç bir nəticə verməyib. Hətta Müəmmər Qəzzafiyə qarşı qiyam qaldırılan zaman onun iqamətgahını bombalayn ilk təyyarələr Fransaya məxsus olub.
2011-ci ilin dekabrında isə Paris məhkəməsi digər keçmiş Fransa prezidenti Jak Şirakı Paris meriyasında işlədiyi müddətdə saxta iş yerləri yaratmaqda ittiham etdiyi iş üzrə iki il şərti azadlıqdan məhrum edib.
Robert Köçəryan
Ermənistanın sabiq prezidenti, 1998-2008-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Robert Köçəryan 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılması ilə bağlı açılan cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham olunub. O, özü də təqibini şəxsi “repressiya” hesab edib və təqsirini boynuna almayıb.
2021-ci ildə Ermənistan Konstitusiya Məhkəməsi Köçəryanın ittiham olunduğu cinayət məcəlləsinin 300.1 maddəsinin konstitusiyaya zidd olduğunu bəyan edib və bu maddə ilə eks-prezidentə qarşı irəli sürülən ittihamlar götürülüb. Hazırda Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur, ikinci iş üzrə məhkəmə hələ başa çatmayıb.
Hakimiyyətdən uzaqlaşdırılan və həbs edilən Misir liderləri
2011-ci ildə Misir Baş Prokurorluğu keçmiş prezident Hüsni Mübarəki “25 yanvar inqilabı” zamanı nümayişlərin dağıdılmasında və aksiyaçıların öldürülməsində iştirakda ittiham edib. 2012-ci il iyunun 2-də o, ömürlük həbs cəzasına məhkum edilib, lakin sonradan bu qərar ləğv edilib və ittihamlar götürülüb. Bundan əlavə, Mübarək 125 milyon Misir funt-sterlinqini (14 milyon dollar) mənimsəməkdə ittiham olunub. 2015-ci ildə o, 3 il həbs və cərimə cəzasına məhkum edilib. Sabiq prezident 2015-ci il mayın 13-də azadlığa buraxılıb.
Mübarək həbsdə olduğu müddətdə, 2013-cü ildə Misirdə prezident Məhəmməd Mürsinin siyasətinə qarşı etirazlar başlayıb. Etirazçılar onu seçki vədlərini yerinə yetirməməkdə və demokratik azadlıqlara hörmət etməməkdə ittiham ediblər.
2013-cü il iyunun 3-də Məhəmməd Mursi hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb və ertəsi gün həbs olunub. 2015-ci ildə Mursi 2012-ci ildə prezident sarayı qarşısında etirazçıların öldürülməsinə təhrik etməkdə ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib. Eyni zamanda o, 2011-ci ildə “Müsəlman Qardaşlar” liderlərinin həbsxanadan qaçmasını təşkil etdiyinə görə edam cəzasına məhkum edilib. 2016-cı ilin ilin noyabrında kassasiya məhkəməsi casusluq və həbsdən qaçma işi üzrə hökmləri ləğv edib və yeni məhkəmə baxışı təyin edib. 2019-cu il iyunun 17-də Məhəmməd Mursi məhkəmə zamanı dünyasını dəyişib.
Alberto Fuximori
Yapon əsilli Peru rəbəri Alberto Fuximori 1990-cı ildən bu ölkəyə rəhbərlik edib. 2000-ci ildə seçkilərdəki qələbəsindən qısa müddət sonra onun tərəfdaşlarından biri, məxfi xidmətin rəhbəri Vladimiro Montesinos haqqında mətbuatda məlumat yayılıb. Məlum olub ki, o, siyasətçiləri və iş adamlarını şantaj edib.
Müxalifətin təzyiqi ilə Fuximori işi araşdırmaq üçün müstəqil prokuror təyin edib. İmpiçmentdən qorxan Fuximori Tokioya qaçmağa məcbur olub. Yeni hakimiyyət orqanları keçmiş prezidentin qanunsuz olaraq təxminən 2 milyard dollar əldə etdiyini bildiriblər. Altı ay sonra o, Peru hökumətinin tələbi ilə Çilidə həbs edilib. 2009-cu ildə məhkəmə Fuximorini rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və insan haqlarını pozmaqda ittiham edərək ümumilikdə 25 il həbs cəzasına məhkum edib.
Fuximori 16 il həbsdən sonra 2023-cü ilin dekabrında azadlığa çıxıb. 2024-cü ilin sentyabrında 86 yaşında vəfat edib.
Cozef Estrada
Keçmiş kino aktyoru və populist hərəkat lideri olan Estrada Filippinə üç ildən az müddətə rəhbərlik edib. 2000-ci ilin payızında prezidentə yaxın olan bir sıra məmurlar Estradanın qeyri-qanuni qumar oyunlarını qoruduğuna görə onlardan çoxmilyonluq ödənişlər tələb etdiyini bildiriblər. Parlament impiçment prosesinə başlayıb və Estrada könüllü olaraq istefa verib.
Bir neçə ay sonra yeni hakimiyyət xüsusi tribunal təşkil edib, burada Estrada mənimsəmədə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib, lakin 2007-ci ildə əfv olunub. 2013-cü ildə yenidən siyasətə qayıdıb və Manilanın meri seçilib, 2019-cu ilə qədər bu vəzifəni tutub.
Səddam Hüseyn
2003-cü ilin martında ABŞ Səddam Hüseynin 1979-cu ildən prezident olduğu İraqa hərbi müdaxilə edib. İşğal üçün rəsmi bəhanə İraqda kütləvi qırğın silahlarının olması göstərilib. Lakin sonradan bu iddia təsdiqlənməyib. 2006-cı il noyabrın 5-də İraq məhkəməsi 1982-ci ildə Duceyl kəndində 148 şəxsi qətlə yetirməkdə təqsirli bildiyi Səddam Hüseyn barəsində ölüm hökmü çıxarıb. 2006-cı il dekabrın 30-da hökm icra olunub.
Otto Peres Molina
Mühafizəkarların lideri və keçmiş briqada generalı Otto Peres Molina 2012-ci ilin yanvarından Qvatemalanı idarə edib. Üç il sonra prokurorluq prezidenti və onun administrasiyasının üzvlərini ticarət rüsumlarından qeyri-qanuni gəlir əldə etməyə imkan verən korrupsiya sxemi yaratmaqda ittiham edib.
Gömrük orqanları prezidentin göstərişi ilə idxalçılardan rüşvət alaraq gömrük rüsumlarını azaldıb və ya ləğv ediblər. 2015-ci ilin sentyabrında Qvatemala Senatı yekdilliklə Peres Molinanı immunitetdən məhrum edib və ertəsi gün prezident həbs olunub. 2022-ci ilin dekabrında o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ