İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah onların məhkəməsi davam edəcək

20 Yanvar faciəsinin 35 illiyi ərəfəsində Bakı Məhkəmə Kompleksində Qarabağda xalqımıza qarşı törədilən soyqırım siyasətini həyata keçirənlərin bir qismi məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, yanvarın 17-də 15 nəfərlik dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

Sabah, 21 yanvar 2025-ci il tarixində Bakı Məhkəmə Kompleksində dəstə üzvlərinin işi üzrə hazırlıq iclası davam etdiriləcək.

Məhkəmədə Ermənistan dövləti, onun silahlı qüvvələri və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər araşdırma predmetidir.

Bu cinayətlərə soyqırım, müharibə qanunlarını pozma, zorla köçürmə, təqib, işgəncə və hərbi soyğunçuluq kimi ağır əməllər daxildir.

Məhkəmənin ilk iclasından təfərrüatlar

Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər müdafiə və tərcüməçilərlə təmin edilib.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri qeydiyyata alınıb. Məhkəmədə dövlət ittihamını 6 nəfərlik prokurorluq heyəti müdafiə edib.

Araik Harutunyan Gəncənin raketlərlə vurulmasından danışdı

44 günlük Vətən müharibəsi zamanı Gəncənin raket atəşinə tutulmasında adı hallanan Araik Harutunyan  məhkəmədə üzrxahlıq edib. O, verdiyi bəyanatına görə təəssüfləndiyini bildirib:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Təqsirləndirilən şəxslərə elan olunan cinayət maddələri

Cinayət işində Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutunyan Araik Vladimroviç, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ruben Vardanyana 10 gün vaxt verildi

Bakı Məhkəmə Kompleksində hakim qarşısına Ruben Vardanyan da çıxarılıb. Onun cinayət işi ayrıca olaraq eyni hakimlərdən ibarət tərkibin icraatına verilib.

Ermənistan vətəndaşı olan Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilir.

Ruben Vardanyanın iştirakı ilə məhkəmənin hazırlıq iclası keçirilib. Onun müdafiəçisi məhkəmədən Ruben Vardanyanın cinayət işinin 15 nəfərlik dəstənin cinayət işinə birləşdirilməsi və ona iş materialları ilə tanış olmaq üçün əlavə vaxtın verilməsinə dair vəsatət qaldırıb.

Vəsatətlərdən biri təmin edilməsə də, məhkəmə Ruben Vardanyana cinayət işinin materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Vardanyanın cinayət işi üzrə hazırlıq iclası 27 yanvar tarixində davam etdiriləcək.

Bu proseslər Ermənistanın beynəlxalq hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətlərinin təsbit edilməsi baxımından əhəmiyyət daşıyır.

E.Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR