İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyimizə atılan güllələr: bir ilk - İrandakı səfirliyimiz fəaliyyətini tam dayandırdı!

Tehran terrorun məsuliyyətindən yayına bilməyəcək, XİN hadisənin məişət zəminində təqdim edilməsini absurd adlandırdı; fars rejiminin təhqiqatı qənaətbəxş sayıla bilərmi?

Tehrandakı səfirliyimizə xain terror hücumundan 5 gün keçir. Bir şey aydındır ki, Azərbaycan-İran münasibətləri daha heç vaxt əvvəlki axarında olmayacaq. Hətta Tehran bu ağır cinayət olayını obyektiv və operativ araşdırsa belə, yenə rejimin bizə düşmənçilik siyasətini unutmayacağıq. Hərçənd bu teraktın açılacağına ümid, demək olar, yoxdur. Çünki əgər bu, tanıdığımız İran dövlətidirsə, ondan ədalət gözləmək absurd olar. Bunu terror hücumunun ilk günü İran rəsmilərinin verdiyi və cinayətin əsl motivini başqa səmtə çəkməyə yönəlik açıqlamalarından, habelə terrorçudan telekanallar üçün alınan müsahibələrdən görmək olar. Müşahidə edilən budur ki, İran hələ də terror aktını məişət səviyyəsinə endirib ört-basdır eləməyə çalışır. Olayı öz adı ilə - “terror” adlandırmır. Demək, Azərbaycan da öz işini bilməli, adekvat addımlarını atmalıdır. Bəs hansı addımları?

Məsələ ondadır ki, İranın bu hücumdan hər hansı siyasi, diplomatik divident götürməsinə və “ağzında şirə qalması”na imkan vermək olmaz. Əks təqdirdə, davamı daha acınacaqlı gələ bilər. Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir. İrandan Azərbaycan əleyhinə daima səslənən “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Bu arada, xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, “Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Xələfovun sözlərinə görə, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb: “Amma tam dayanıb. Orada səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı 5 əməkdaş qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”.

“Teror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verməyini insanlara sırımağa çalışdılar” - Xələfov deyib. Xələfov bildirib ki, bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır: “Amma biləsiniz ki, bizim müvafiq orqanlarımızda cinayətin baş verməsi ilə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var. Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır”.

Bəs diplomatik münasibətlər kəsilirsə, nə vaxtadək kəsilir? İranın görməli olduğu işlər hansılardır ki, səfirlik əvvəlki iş rejiminə qayıtsın? Üstəlik, terror hücumuna beynəlxalq birliyin reaksiyası yəqin ki, Tehranın gözlədiyindən də sərt olub. İran bundan düzgün nəticə çıxaracaqmı və fars-molla rejiminin gördüyü işlər, apardığı təhqiqat qənaətbəxş sayıla bilərmi? Yeri gəlmişkən, İran prezidenti İbrahim Rəisi deyib ki, “cinayət hərtərəfli və tam araşdırılacaq”. İnanaqmı?

İkinci yandan, istintaqa Azərbaycan müstəntiqlərinin də cəlb olunması mümkündürmü? Azərbaycan qatili tələb edə bilərmi? Axı terror aktı Azərbaycan ərazində - səfirlik binasında törədilib. Bundan əlavə, bir günahsız insanı qətlə yetirib ikisini yaralayan terrorçu Yasin Hüseynzadəni hansı cəza gözləyir? Gənc etirazçıları əlüstü edam edilən İran molla rejimi onu da asacaqmı? Daha bir məqam. Öz həyatını böyük riskə atıb terrorçunun üstünə şığıyan və onu faktiki zərərsizləşdirməklə neçə-neçə günahsız insanın həyatını xilas edən mühafizəçi Vasif Tağıyev yəqin ki, dövlət mükafatına təqdim ediləcək. Onun qəhrəmanlığını Prezident İlham Əliyev də xüsusi vurğulayıb.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, terrorçu plana əsasən kənardan saatlardır səfirliyin ətrafındakı maşında müşahidə aparır, Azərbaycan səfirliyinin əməkdaşlarının binaya daxil olmasını gözləyir, bu müddətdə səfirliyin qarşısındakı İran polisi şübhəli maşına yaxınlaşıb, nədən saatlardır eyni yerdə dayandığını ondan soruşmur. Çünki planda onun yoxlanılması olmamalıdır. Terrorçu özünə arxayındır, ətrafdakı polisin ona mane olmayacağını bilir. Bu anda Azərbaycan səfirliyində çalışan əməkdaşların maşını binanın qarşısına yaxınlaşır. Terrorçu bilir ki, sürətlə maşınını səfirlik əməkdaşlarının maşının arxasına çırpsa, səsə reaksiya verən səfirlik əməkdaşları nəyin baş verdiyini öyrənmək üçün çölə çıxacaqlar, elə də olur. Terrorçu qapının açılmasından istifadə edərək İran polisinin susqunluğu fonunda, hətta polisə əl edərək "Sənlik bir iş yoxdur" deyərcəsinə “Kalaşnikov” avtomatı ilə səfirlik binasına daxil olur. Sonrası məlumdur. Bunun nəyi “məişət zəminində” baş verən basqındır, yüksək peşəkarlıqla hazırlanan terror aksiyasıdır", - deyə analitik düşünür.

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

Cəlil Xəlilov 

Hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib ki, bütün ilkin məlumat və faktlar bu hücumun rəsmi Tehranın “xeyir-duası” ilə planlaşdırıldığını göstərir: “Videogörüntülərdən də məlum olur ki, səfirliyin qorunmasına cavabdeh olan iranlı asayiş keşikçilərindən heç kim terrorçuya mane olmağa cəhd etmir, onun zərərsizləşdirilməsi istiqamətində hər hansı addım atmır. Terrorçu səfirlik binasına daxil olandan sonra məhz azərbaycanlı mühafizəçilər tərəfindən tərk-silah edilir”. C.Xəlilov deyib ki, hadisədən dərhal sonra Tehranın polis rəisinin verdiyi açıqlamalar, terrorçunun İran televiziyalarına çıxarılması, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ilə bağlı dövriyyəyə buraxılan məlumatlar proseslərin İran dövləti tərəfindən idarə edilməsi ehtimalını gücləndirir. Ekspertin fikrincə, əgər rəsmi Tehran bundan sonra da özünü terror aktının fövqündə tutmaqda davam edəcəksə, bu, İranın terror dövləti olması ilə bağlı təəssüratları gücləndirəcək, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmağa vadar edəcək.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Xələf Xələfovun açıqlamalarından məlum olur ki, səfirliyimizə qarşı hücumun “məişət hadisəsi” yox, terror aktı olduğuna dair rəsmi Bakıda məlumatlar var, bununla bağlı İran tərəfi məlumatlandırılıb: “Və Tehranın "məişət hadisəsi" iddiaları qəbul edilmir. Tehranın istintaqı “məişət hadisəsi” iddiası üzərində fokuslamağa çalışacağı bəllidir, sadəcə olaraq, Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, öz iddiasını əsaslandırmaq üçün daha nələrə əl atacağı maraqlıdır. Teraktın baş verdiyi ilk saatlarda da yazmışdıq və rəsmi Tehranın “dost mövqeyi” bu ehtimalı müəyyən qədər qüvvətləndirir də: son dövrlər Ankara Bakı-Tehran xəttində təmasların yaradılması, gərginliyin yumşalması istiqamətində müəyyən addımlar atırdı; bu təmasların yaranmasında maraqlı olmayan tərəf SEPAH-dır, onlara bağlı media şəbəkəsinin sərt reaksiyası da bundan qaynaqlanırdı və teraktın SEPAH tərəfindən təşkil edildiyi, təmasların “baltalanması” məqsədi daşıdığı, rəsmi Tehranın “təlaş dolu dost mövqeyi”nin də bundan qaynaqlandığı versiyası mümkün görünür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR