İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədən ən çox qazanan 2 ölkə 

Mərkəzi Avropadakı silah istehsalçıları Soyuq müharibə bitdikdən sonra ilk dəfə sifariş bolluğu ilə üzləşiblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müəssisələr Ukraynadan Qərb standartına uyğun artilleriya mərmiləri ilə yanaşı, sovet tipli iriçaplı döyüş sursatları üçün böyük həcmdə sifariş alıblar.

Burada Çexiyanın sursat və artilleriya mərmisi istehsalçısı “STV Group”u misal göstərmək olar. Rəhbərliyin sözlərinə görə, şirkət Praqadan 200 kilometr cənub-şərqdə yerləşən Poliçka şəhərində hətta işçilər üçün mənzillər tikməyə başlayıb. Bundan əlavə, “STV Group” təqaüdə çıxmış əməkdaşlarını yenidən yüksək maaşla işə dəvət edib.

Təqaüdçülərin gənc işçilərin təliminə cəlb edilməsi ideyası artıq ABŞ-da həyata keçirilir. Bu metoddan ən çox “Stinger” zenit-raket komplekslərinin istehsalçısı - “Raytheon” şirkəti istifadə edir. “Stinger”lərin istehsalı 20 il əvvəl dayandırılıb. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlaması ilə onlara tələbat yaranıb.

Çexiyanın partlayıcı maddələr istehsalçısı “Explosia” şirkəti də kadr çatışmazlığı ilə üzləşdiyini etiraf edib. Şirkət bunu aradan qaldırmaq üçün yerli universitetlərlə əməkdaşlığı genişləndirdiyini bildirib.

Çexiyanın Müdafiə və Təhlükəsizlik Sənaye Assosiasiyası kadr çatışmazlığının hərbi istehsalın Mərkəzi Avropadan digər regionlara köçürülməsinə səbəb ola biləcəyini qeyd edir. Qurumdan verilən xəbərə görə, kifayət qədər işçi qüvvəsi və xammal mövcud olduqda Çexiya şirkətləri istehsalı 20% artıra bilər.

Çexiya hökuməti müharibə başlayandan sonra ölkəyə gələn ukraynalı qaçqınların bir qisminin müdafiə müəssisələrində işlə təmin olunması məsələsini də nəzərdən keçirir. Polşanın “WB Group” şirkəti isə əvvəllər kişilərin üstünlük təşkil etdiyi konveyerlərdə qadınları da işə götürməyə başlayıb.

Polşanın PGZ dövlət şirkəti isə sosial şəbəkələr də daxil olmaqla, hər yerdə işçilər axtarır. Müəssisə Skandinaviya ölkələrindəki gəmiqayırma zavodlarında pul qazanmaq üçün gedən polyakları geri qayıtmağa və öz vətənlərində gəmi inşa etməyə razı salmaq üçün reklam kampaniyasına başlamaq niyyətindədir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2022-ci ildə Ukraynaya silah tədarük edən 29 ölkə içərisində Polşa və Çexiyanın payı 20 faizdən çoxunu təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR