İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampın qoxusu” – ABŞ prezidenti “vodka”nın ardından ətir satmağa başlayıb – QİYMƏT

ABŞ-ın hazıki prezidenti, gələcək imperatoru və ətir satan biznesmeni Donald Tramp dünyanı yenidən təəccübləndirə bilib. “Meksika ilə ABŞ arasında divar tikən, “Amerikanı yenidən möhtəşəm edəcəyik” deyən Tramp indi “Özünə bir şüşə al, birini də sevdiklərinə ver. Qoxula və qazan!”deyir. Bəli, siz düz oxuyursunuz. Donald Trampın yeni ətir seriyasının adı da az qala prezidentin andiçmə mərasiminə oxşayır: “Victory 45-47”.

Bu adı seçməklə Tramp 45-ci və 47-ci ABŞ prezidenti olmasına vurğu edir.

Donald Tramp təkcə prezident deyil, o, həm də canlı ticarət markasıdır.

Kişilər üçün buraxdığı ətrin hil, odun və ətirşah qarışığı ilədir. Təsvirində deyilir ki, bu qoxu “güc, qətiyyət və liderlik” simvoludur. Qadınlar üçün versiyası isə çiyələk və gül qoxuludur. Görünür, Tramp elə fikirləşib ki, “bir az meyvə, bir az gül qadınlar onsuz da razı qalacaq”.

Ətirin dizaynı da az qala Ağ Ev boyda iddialıdır. Qızılı heykəl formasında şüşə! Yəni şüşəyə baxan kimi düşünürsən: “Bu nədir? Parfüm, yoxsa Trampın kabinetindəki büst?” Deyilənə görə, bu kiçik heykəl Trampın özüdür. Düzdür, çox da bənzəmir. Amma hansı qoxu öz sahibinə bənzəyir ki? Əsas odur ki, bahadır. Cəmi 249 dollara Trampın qoxusunu satın almaq olar.

Trampın əvvəlki ətiri də adı da geri qalmırdı: “Fight! Fight! Fight!” – yəni “Döyüş! Döyüş! Döyüş!” Qoxudan çox mitinq çağırışı kimi səslənir. Bu ətir Trampın səhnədə qanlı qulağı ilə əl qaldırmasından sonraya təsadüf edib. Yəni Tramp demək istəyir ki, “qan tökülə bilər, amma qoxu qalacaq!”

Əgər belə davam etsə, gələn dəfə “Nuclear Notes” adlı ətir buraxacağı gözlənilir. Yəni İrandan gəlmə radioaktiv çiçək, Şimali Koreya çəyirdəyinin qarışımından ətir.

Amma məsələ burda bitmir. Tramp həm də ayaqqabı, araq, İncil, kriptovalyuta və papaq satır. Hətta su da satır. Deyilənə görə, bir dəfə Florida ştatında leysan yağanda Tramp göydən düşən suya da “Trump Aqua” adı verib.
Tramp dünyanın ən qüdrətli ölkəsinin başında dayansa da, özünü Black Fridayda malını satan alverçi olmaqdan da kənarda saxlaya bilmir. ABŞ-da seçicilər sanki Trampın ideyalarına deyil, məhsullarına səs veriblər. Donald Tramp siyasəti təkcə qazanmaq üçün deyil, satmaq üçün də istifadə edən ilk prezidentdir. Tarix onu “strateq” kimi yox, qoxu strategiyası olan prezident kimi xatırlayacaq.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR