Onlayn ictimai-siyasi qəzet
Rusiya Zəngəzur dəhlizini Azərbaycanın savaş yolu ilə açmasını istəyir?; politoloq: “Moskva bölgədə mövqelərini itirməmək üçün Azərbaycan-Ermənistan münasibətlərindən istifadə etməyə cəhdlər göstər”
“2024-cü ildə Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalı son dərəcə yüksəkdir. Bəli, Ermənistan məğlub olub, amma istisna etmirəm ki, Azərbaycanı elə bir vəziyyətə salacaqlar ki, Zəngəzur dəhlizini özü açmalı olacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, belə bir sensasion iddianı Minval.az-a açıqlamasında rusiyalı tanınmış analitik Maksim Şevçenko dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin danışıq yolu ilə Zəngəzur dəhlizinə nail olmaq cəhdi baş tutmayacaq: “Çünki imkan verməyəcəklər. Ona görə də Azərbaycan bunu zorla reallaşdırmaq məcburiyyətində qalacaq. Ermənistana Qərb silahlarının tədarükü ilə Azərbaycan buna sövq edilir”.
Lakin analitikin fikrincə, o halda Rusiya hadisələrə müdaxilə etməyəcək: “Rusiya sülhə çağıracaq, amma Ermənistana kömək etməyəcək. Çünki müharibə qlobal xarakter alacaq, yalnızca Ermənistan-Azərbaycan müharibəsi olmaqdan çıxacaq. Türkiyə və İran da ona cəlb olunacaq. Bu, regionu partladacaq genişmiqyaslı qarşıdurma ola bilər. Ukrayna problemini həll etmədən Rusiyanın orada iştirakını təsəvvür etmək mümkün deyil. Rusiya siyasi bəyanatlar, sülh çağırışları və müxtəlif növ diplomatik tədbirlərlə ondan yayınacaq”.
Fikrinə davam edən Şevçenko deyib: “Baş vermə ehtimalı çox yüksək olan bu münaqişə reallaşarsa, Moskva ona birbaşa qarışmayacaq. Üstəlik, buna lüzum da yox, ona görə ki, Fransa və Hindistan Ermənistandan yanadır və onu hər cür silahla, o sırada Fransa mənşəli hava hücumundan müdafiə sistemləri ilə qızğın şəkildə təmin edir”.
Ekspert əlavə edib ki, bu gün Türkiyə Ermənistan, Hindistan, İran, Fransa, Kipr və Yunanıstan da daxil olmaqla, çox xoşagəlməz bir konqlomeratla üz-üzədir.
Lakin Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistana hücuma hazırlaşmır. Bizim üçün önəmli olan öz ərazi bütövlüyümüzdür, o da təmin edilib. Silah gücünə Zəngəzur dəhlizini niyə açaq ki? Həm də alternativ İran marşrutu ola-ola. Hərgah bu da var ki, Maksim Şevçenko sıradan bir ekspert sayılmaz və Azərbaycana da heç vaxt qərəzli münasibətdə olmayıb. Onun təlaşı əsaslıdırmı? Sanki Rusiya Azərbaycanı Ermənistanla müharibəyə cəlb etmək istəyir? Hədəf nədir?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Maksim Şevçenko Rusiyada fikirlərinə diqqət yetirilən siyasi ekspertlərdən sayılır və onun proqnozları əsasən özünü doğruldur: “O, Cənubi Qafqaz və bu bölgənin problemləri ilə kifayət qədər yaxından tanış olan analitikdir. Onun bir çox fikirləri bəzən sanki həqiqətə uyğun olmayan kimi görünsə də, orada müəyyən əsaslar var. Onun son açıqlamasında söylədiyi fikirlər sanki konspiroloji mahiyyət daşıyır, amma orada bir xeyli həqiqət çalarlarını da görmək mümkündür. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı hissəsində həqiqət yükü yüksəkdir. Maksim Şevçenko onda haqlıdır ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir və 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsini yerinə yetirmir. Əslində üçtərəfli bəyanat beynəlxalq sənəd olduğuna görə onun yerinə yetirilməməsi və öhdəliklərdən yayınma əslində savaş səbəbi sayıla bilər. Amma Azərbaycan hesab edirəm ki, bütün bunları dəqiq hesablayır və Fransanın, Qərb dairələrinin Ermənistan üzərindən bölgədə gərginlik ocağı yaratmaq niyyətlərini də çox gözəl bildiyindən bütün addımlarını da ölçülü-biçili formada atmağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəlincə, əlbəttə, bu məsələ çox həssas məsələdir və dünyanın müxtəlif güclərinin diqqət mərkəzindədir. Regionun üç ölkəsi - Azərbaycan, Türkiyə və Rusiya bu dəhlizin açılmasında maraqlıdır. O cümlədən Çin və Orta Asiya respublikaları, bir sıra Qərb ölkələri. Orada əsas məsələ Zəngəzur dəhlizinə kimin nəzarəti həyata keçirəcəyi məsələsidir. Çünki Zəngəzur dəhlizi özü-özlüyündə sadə bir məsələ deyil. Məhz 100 il öncə Zəngəzur ərazisi Azərbaycandan alınaraq qeyri-qanuni olaraq Ermənistana veriləndə də əsas niyyət ondan ibarət idi ki, Türkiyənin şərqə doğru genişlənməsi və ya əlaqələrinin davam etməsinin qarşısı alınsın. Bu səbəbdən də Zəngəzur ərazisi Azərbaycanı bölməklə, o cümlədən Azərbaycanla Türkiyə arasında əlaqələri məhdudlaşdırmaq məqsədi güdüb. Bu dəhlizin əhəmiyyəti ondan ibarətdir ki, koridor açılacaqsa, Türkiyənin həm Azərbaycan, həm də Türk dünyası ilə əlaqələrində ciddi şəkildə irəliləmələr baş verəcək. Bir çox beynəlxalq güclər Türk Dövlətləri Təşkilatının inkişafında, Türkiyənin gücünün artmasında maraqlı deyillər. Ona görə də Zəngəzur dəhlizinin açılmasına əngəl törətməyə çalışacaqlar”.
Politoloq vurğuladı ki, bütün hallarda əgər Ermənistan öz öhdəliyini yerinə yetirməyəcəksə, o zaman hansısa bir formada bu məsələnin həllinə ehtiyac yaranacaq: “Doğrudur, Azərbaycan hələlik alternativ variant olaraq İran üzərindən kommunikasiya xəttini açır, amma bu, o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizinə marağı tamamən itirib. Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Təbii ki, Azərbaycan bu məsələnin danışıqlarla, dinc şəkildə həyata keçirilməsini istəyir. Lakin Ermənistan bu variantla yola gəlməyəcəksə, Azərbaycan başqa vasitə ilə Zəngəzur dəhlizinin açılmasına çalışacaq. Amma bunun üçün Türkiyə və İranın da iştirakı ilə böyük regional müharibənin olacağını düşünmürəm. Bunu yaxın perspektiv üçün real saymıram”.
O.Qasımov qeyd etdi ki, Rusiyanın hədəfləri məlumdur: “Rusiya Azərbaycan və Ermənistan arasında gərginliyin qalması şəraitində özünün moderator rolunu qoruyub saxlamağa çalışır. İkincisi, Azərbaycanın təzyiqi ilə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını və bu dəhlizə nəzarət funksiyasını öz üzərinə götürməyə çalışır. Rusiya da bölgədə mövqelərini itirməmək, bir qədər də möhkəmlətmək üçün Azərbaycan-Ermənistan münasibətlərindən istifadə etməyə cəhdlər edir”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, perspektivdə Ermənistanın təxribatlara əl atacağı və Azərbaycanla qarşıdurma meydana gələcəyinin bəzi əlamətləri müşahidə edilir: “Ermənistan 1 aprel-28 iyun tarixində ehtiyatda olan hərbçi qulluqçuları təlimə çağırır: ümumilikdə 4799 nəfər təlimə cəlb olunacaq, onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən kəşfiyyat, mühəndislik və raket artilleriya üzrə ixtisaslaşmış zabitlərdir.
Bu təlimlər Ermənistanın Azərbaycanla müharibəyə hazırlığı fonunda təsadüfi deyil və ehtiyata çağırılan hərbçilərin mümkün təxribatlara cəlb olunacağı istisna edilməməlidir.
Ötən ilin sentyabrında analoji ssenari baş vermişdi: sərhəddə erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanlar da vardı, misal üçün, 40 yaşlı Andranik Antonyan. Yenidən eyni ssenarinin tətbiqi mümkündür.
Ehtiyatda olanların çağırışı ilə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldırıb onlardan təxribat hücumlarında istifadə edə bilərlər. Söhbət 5 minə yaxın hərbçidən gedir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ