İnsanlara hürriyət, millətlərə istiqlal!

“MTN işi” işi üzrə zərərçəkənlər bəraət tələb edir – sabah məhkəmədir

Bakı Hərbi Məhkəməsi MTN-də onlara qarşı cinayət törədildiyini öz hökmü ilə təsdiqləyib və başda general adı əlindən alınan Mövlam Şıxəliyev olmaqla daha 3 polkovnik uzunmüddətli həbsə məhkum edib. Bununla belə “MTN işi” üzrə zərərçəkənlərə hələ ki, bəraət verilməyib. 

Sabah, iyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “MTN işi” üzrə zərərçəkənlər Zaur Əliyev, Əhməd Mirzəyev və Arif Allahverdiyevin barələrində MTN-də aparılan qondarma cinayət işi üzrə çıxarılan hökmdən  şikayətvermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə şikayətlərinə baxılacaq. 

Hər 3 şəxs 2010-cu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə aparılıblar. Onlara hədə-qorxu gəlməklə külli miqdarda pul tələb olunub. Əks təqdirdə həbsə alınacaqlarını, uzun müddətə azadlıqdan məhrum ediləcəklərini bildiriblər. Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və işçilərinin tələbi ilə razılaşmayan hər 3 şəxs həbsə alınıb. Zərərçəkənlər iddia edirlər ki, bundan sonra onları girov saxlayıblar. Əhməd Mirzəyev 21 gün, Zaur Əliyev 3 ay, Arif Allahverdiyev isə 1 ilə yaxın MTN təcridxanasında girovluqda qaldıqlarını bildirirlər.  Onların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri müddətin bərpa olunması ilə bağlı şikayətlərinə Elar Mahmudovun nazirliyi dövründə MTN-də çalışmış, elə həmin dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinə təyinat alan hakim Telman İsmayılov baxacaq. Zərərçəkənlər şikayətlərinin araşdırılması üçün məhz Telman İsmayılovun icraatına verilməsindən narazıdırlar. Zərərçəkən Zaur Əliyev “Yeni Müsavat”a deyib ki, onların şikayətinin təmin ediləcəyinə ümidləri azdır: “Çox təəssüf ki, Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin bütün dövlət orqanlarına, xüsusən də Bakı Ağır Cinayətlər Məhkəməsindəki komanda üzvləri bu gün də fəaliyyətdədir. Hər kəsə bəllidir ki, Eldar Mahmudovun kadrları olan müstəntiqlər Bakı Ağır Cinayətlər Məhkəməsinə, Bakı Apelyasiya Məhkəməsinə və digər instansiyalara hakim təyinatı alıblar. Biz zərərçəkənlər illərlə Eldar Mahmudovun MTN-də qurduğu cinayət yuvasının dağıdılmasını gözləmişik ki, bizə qarşı cinayətlərin araşdırılmasına nail olaq. MTN-in dağıdılmasından 7 il ötməsinə baxmayaraq, biz tam olaraq hüquqlarımızı bərpa edə bilməmişik. Təsəvvür edin ki, barəmizdəki saxta məhkəmə hökmündən şikayətvermə müddətinin bərpa edilməsi üçün şikayət vermişik. Həmin şikayətimiz sirli şəkildə Eldar Mahmudovun dövründə MTN-də çalışmış, elə o dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuş Telman Hüseynovun icraatına verilib. Bu isə şikayətin nəticəsini bəri başdan bəlli edir. Şikayət təmin olunmayacaq!”

MTN generalı mənə 25 min dollara kostyum aldırdı” - Günün Səsi

2010-cu ilin martında Zaur Əliyevlə birgə həbs olunan Əhməd Mirzəyev bildirib ki, onu şərləməklə saxta ittihamlar irəli sürüblər: “Ortaya 2 qızıl keçi, bir də daş balta atdılar. Dedilər ki, bu əşyalar əntiq əşyalardır və guya mən mütəşəkkil dəstə üzvü olaraq həmin əşyaları ölkəyə gətirmişik. Məndən 2 keçiyə görə 500 min  manat istədilər. Pulu verməkdən imtina etdim. Saxta cinayət işi uydurdular və məni həbs adıyla girov saxladılar. Bir aya yaxın MTN-in istintaq təcridxanasında qanunsuz saxladılar. Ortaya daşdan yonulmuş, mənə hədiyyə olunan suvenir baltanı, yanına da 2 ədəd qızıldan olan keçiləri qoydular. Yazdılar ki, guya balta da, keçilər də qədimi əntiq əşyadır. Sürücümü də tutdular, bununla da bizi mütəşəkkil dəstə kimi təqdim etdilər. Mətbuata, televiziyaya yalan məlumat ötürdülər ki, guya böyük bir mütəşəkkil dəstəni ifşa ediblər. Biz qaçaqmalçı kimi təqdim edib mətbuatda, efirdə biabır etdilər. Bütün bunlar yeganə məqsədə xidmət edirdi - bizdən pul qoparmaq. İndi də məlum olur ki, qızıl keçilər, ümumiyyətlə, cinayət işinin içində yoxdur. Yəni 2 qızıl keçini də işdən çıxarmaqla oğurlayıblar. Halbuki mən ölkədən çıxmamışdım ki, qaçaqmalçılıq da edim”.

Sahibkar Əhməd Mirzəyevin sözlərinə görə, sonradan ondan 500 min dollar alıblar və 2015-ci ildə Prezidentin göstərişi ilə MTN-də əməliyyat keçirilən günə qədər də ondan əl çəkməyiblər. Sahibkar MTN tərəfindən qondarma ittihamla üzləşdiyini, qanunsuz olaraq məhkum edildiyini söyləyib. Əhməd Mirzəyev MTN-də başına gətirilən müsibətlərdən sonra həyatının alt-üst olduğunu, xəstəlik tapdığını da deyir. 2010-cu il martın 27-də MTN-ə çağırılan sahibkar oranı 21 gün sonra, çox ağır şərtlər altında tərk edə bilib: “Martın 27-si, Novruz bayramı tətili idi. Məni ora çağıranda hansısa anlaşılmazlıq olduğunu düşündüm. Orada bu gün tülkü kimi özünü xəstəliyə vuran Təhsin Ağayevin - MTN-in İstintaq Baş İdarəsinin rəis müavinin yanına apardılar. O, elə söhbət aparırdı ki, onun barəmdə xeyli məlumat topladığını başa düşdüm. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Çaşqın duruma düşmüşdüm. Anlamırdım ki, həmin pulu niyə verməliyəm, hansı qaçaqmalçılıqdan söhbət gedir. Ona dedim ki, özünüz də bilirsiniz ki, restoran biznesi ilə məşğul oluram. Mən qaçaqmalçı deyiləm. O qədər pulumun olmadığını onlara dedim. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, “sən bir qızıl balıqsan ki, düşmüsən torumuza”. Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın - yəni Eldar Mahmudovun göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur”.

Əhməd Mirzəyevin sözlərinə görə, onu həmin gün həbs ediblər: “Elə həmin gün heç bir günahım olmaya-olmaya həbs edib aparıb istintaq təcridxanasına yerləşdirdilər. Dedilər ki, guya Zaur adlı bir keçmiş prokurorluq işçisi ilə  qaçaqmalçılıq etmişəm, ölkəyə qədim əntiq əşyalar olan qızıldan keçi və qanadlı qoyun heykəlləri gətirmişəm. Gedib Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan qeydiyyatsız, tarixsiz, yəni saxta bir arayış alıblar. Guya həmin keçi ilə qanadlı qoyun, özlərinin dediyi kimi, əntiq əşyalardır. Həmin saxta arayışı əsas gətirib məni həbs etdilər. Onlara dedim ki, axı mən ölkədən heç yana getməmişəm, sərhəd keçməmişəm, necə qaçaqmaqlçılıq edə bilərəm? Dedilər ki, artıq suallar vermə, sənin buradan çıxmağının bir yolu var - pul verməlisən...” 

Əhməd Mirzəyev deyir ki, o, girovluqda olarkən, qardaşı vəkillə müqavilə bağlayıb: “Vəkil yanıma gəldi, durumumu dedim. Ailəmə çatdırdı. Həmin günlərdə Təhsin Ağayev məndən pulu verib-verməyəcəyimi soruşurdu. Qardaşıma xəbər göndərmişdim ki, məndən 500 min manat tələb edirlər, verməsəm buraxmayacaqlar. Ondan həmin məbləği düzəldib verməsini istəmişdim. 2 gün sonra vəkil gəlib dedi ki, pul düzəlmir. Bunu Təhsin Ağayevə dedim. Dedi ki, manatla verə bilmirsənsə, dollarla ver - yəni 500 min dollar tələb etdi. Mənə müstəntiq Elşən Murtuzovun xidməti otağında qardaşıma məktub yazdırdılar. Məktubda qardaşımdan 500 min dolları düzəldib verməsini xahiş edirdim. Lakin qardaşım həmin pulu düzəldə bilmirdi. Təhsin Ağayev bunu biləndə dedi ki, sənin Bakıda obyektin var, tapşıracağam, aparıb “Azəriqazbank”a girov qoysunlar. Mən həbsdə olanda iştirakım olmadan obyektim həmin bankda girov qoyuldu, pulu da götürdülər. Bundan sonra məni zaminə buraxdılar. Həyatımda ilk dəfə istintaqda gördüyüm hüquqşünas Zaur Əliyev isə həbsdə qaldı. Təhsin Ağayev dedi ki, hər ikinizi məhkəməyə göndərəcəyəm, barənizdə formal ittiham hökmü çıxacaq, amma özünüzü şərti verib azad edəcəklər”.

Sahibkarın sözlərinə görə, 21 gün MTN-də saxlanıldıqdan sonra azad olunub. Aylar sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Məhkəmədə də dedilər ki, oradan gələn ittihamlar təsdiqlənməlidir. Biz sənə ancaq şərti cəza verməklə kömək edə bilərik. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev dedi ki, 100 min manat verəcəksən, barəndə 5 il şərti cəza çıxarılacaq. Məhkəmədə bir ekspertiza rəyi ortaya çıxdı. Rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vermişdi. Rəydən belə aydın olurdu ki, MTN-də qədim əntiq əşya, tarixi əhəmiyyət kəsb edən eksponat kimi təqdim olunan keçi ilə qanadlı, buynuzlu qoyunun vur-tut üst-üstə 630 manat qiyməti var. Üstəlik, bir dekorativ baltanı da işə əlavə etmişdilər. Məlum oldu ki, həmin balta dekorativ əşya olduğundan qiymətləndirməyiblər. Yəni qəpik-quruş dəyəri var. Bu cür saxta, başdan-ayağa quraşdırma bir ittihamla həbs olunmamağım üçün məhkəmə məndən 100 min manat tələb edirdi. Uzun söhbətlərdən sonra manatı dollara çevirib 100 min dollar aldılar. Saxta hökmlə mənə 5 il şərti cəza verib buraxdılar. Bu gün bizlərin şikayəti əsasında Mövlam Şıxəliyev həbsdədir. Lakin onun bizə qarşı cinayətini tam olaraq araşdırmaq istəmirlər. Bizə bəraət verilməlidir və bizlər sona qədər mübarizə aparıb buna nail olacağıq. İş üzrə qanuni qərar qəbul olunmasını, barəmizdəki saxta hökmün ləğv edilib bizə bəraət verilməsini xahiş edirik”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR