İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlam Şıxəliyev məhkəmədə Elmar Hüseynovun qətlindən danışdı

Əmlaklarının geri qaytarılmasını tələb edən sabiq MTN generalı xidmətlərindən danışarkən zərərçəkmiş “dövlətə xidmət yox, xəyanət etmisiniz” söyləyib

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

Sabiq rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə salonunda şüşə qəfəsə salınmaqla prosesdə iştirak edirlər.

Yanvarın 30-da keçirilən prosesdə Mövlam Şıxəliyev çıxış edib. O, ittiham olunduğu epizodları sadalayaraq heç bir epizod üzrə günahının olmadığını iddia edib.

Bildirib ki, Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi, hakimlər Camal Ramazanovun və Aslan Kalbalıyevin iştirakı ilə barəsində çıxarılan hökm ehtimallarla, sübutlarsız olan ittiham aktının surətinin hökmə köçürülməsi ilə verilən hökmdür: “Cinayət işində heç bir sübutların olmadığını hakim Elbəy Allahverdiyev şəxsən prosesdən sonra bildirmişdi və qeyd etmişdi ki, işi olduğu kimi məruzə edəcək, lakin necə göstəriş veriləcəyini bilmir. Nəticədə ehtimallar, fərziyyələr əsasında hökm çıxarıldı. İstintaqçı tərəfindən tərtib edilmiş ittiham aktını hökmə köçürtməklə hökm verdi.  2021-ci ilin noyabrından başlayaraq 21.11.2022-ci il tarixdə başa çatan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin, təqdim etdiyim sübutların heç biri barədə hökmdə yazmadan, qiymət vermədən, ittiham aktını hökm kimi elan etdilər. Hökm elan edilərkən yalnız "Hökm etdi" hissə elan edildi ki, bu da yolverilməzdir. Məhkəmədə ifadə verən müstəntiqlər, istintaq qrupunun rəhbərləri qəti olaraq bildirdilər ki, belə bir şey olmayıb, bütün işlər Baş Prokurorluqda müzakirə edilərək, qərarlar qəbul edilmiş, qərarların surətləri də 24 saat ərzində Baş Prokurorluğa göndərilirdi. Amma belə nəticəyə gəlirlər ki, mən qanun pozuntularına yol vermişəm. Sənədlərə dərkənar yazmaq mənim vəzifə borcumdur və CPM-də, eləcə də xidmət keçmə barədə əsasnamədə nəzərdə tutulub. İdarəyə digər xidmət sahələrindən törədilmiş və ya hazırlanan cinayətlər barəsində materiallar daxil olarsa, mən həmin sənədlərin üzərinə dərkənar yazaraq, qeyd edirəmsə ki, CPM-in 207-ci maddəsinə uyğun qərar qəbul edin, onda bu, prosessual, nəzarət etməkmi sayılır? Əlbəttə ki, sayılmır. Məhkəmənin sonunda prokuror son çıxışında heç bir epizod üzrə sübut təqdim etmədi. Yalnız 2 halı göstərməklə məni təqsirli bildi. Belə ki, mən müstəntiqlər barədə Baş Prokurorluğa vəsatətlər yazmalı idim və yazmamışam. İkincisi isə mən yüksək rütbəli idim, ona görə ehtimal var ki, müstəntiqlər mənim sözümdən çıxa bilməyiblər. Bundan başqa heç nə təqdim etmədi. Mən prokurora müraciət etdim ki, bir epizod üzrə də olsa sübut təqdim edin, lakin o, susmaqla kifayətləndi. Məhkəmə prosesindən sonra isə mənə yaxınlaşaraq bildirdi ki, bilirəm sübutlar yoxdur, amma mən buna görə əmək haqqı alıram, ittihamı müdafiə etməliyəm. Mən ona bildirdim ki, CPM-in 85.6-cı maddəsində mənim vəsatət yazmaq səlahiyyətim yoxdur. İbtidai araşdırmanın prosessual rəhbəri, prokurordur və CPM-in 84.2.2-ci maddəsi ilə tənzimlənmişdir. İkincisi, biz istintaq sahəsindəyik, müstəntiqlər də sərbəst prosessual şəxslərdir və rütbənin rolunu əsas gətirib, məni ittiham etməyin. Çox təəssüflər olsun ki, məhkəmə istintaqı zamanı baş verənlərin heç biri hökmdə qeyd edilməyib və vəsatətimə baxılmayıb.

Hörmətli hakimlər, hökmdə heç bir sübut göstərilmədən qeyd edilib ki, mənim etirafedici ifadəmə əsasən ittiham sübuta yetirilmiş hesab edilməlidir.

Hansı ifadəmdir etirafedici ifadə? Mənə cəlbetmə qərarı elan ediləndən, yəni 5 aprel 2021-ci il tarixdən heç bir ittihamı qəbul etməmişəm və buna da əsaslarım var. Əgər cinayət işində bir dənə də olsa sübut varsa, mənə ittiham təqdim edilsin. Mən artıq bir il 21 aydan çoxdur əsassız olaraq həbsdə saxlanılıram".

Mövlam Şıxəliyev ona ittiham elan edilən bütün epizodları sadalamaqla, xidmətlərini qabartmaqla günahsız olduğunu deyib. O, verilən ittihamların heç birini qəbul etmir, özünü qətiyyən təqsirli bilmir:

11 Year after Murder of Journalist Elmar Huseynov, Impunity Still Prevails  in Azerbaijan – IRFS

“Nə biz Müdafiə Nazirliyinin işçiləri idik, nə də mən korpus komandiri idim ki, işçilərin hamısı mənə tabe olsun, göstərişlərimi yerinə yetirsin. Mən idarəyə daxil olan sənədlərin qeydiyyatına nəzarət eləmişəm, bölgüsünü həyata keçirmişəm. Nəzarətdə saxlamışam ki, süründürməçilik olmasın. İttihamı elə yazıblar ki, sanki istintaq qrupunun üzvləri bizimlə oturub, görüb ki, mən öz işçilərimi necə yığıram, necə rüşvət alıram. Halbuki belə şey olmayıb. Qanunda da yazılıb ki, prosessual rəhbərliyi prokuror həyata keçirir. İstəmirəm, jurnalistlər gedib yazsınlar ki, Mövlam Şıxəliyev hər şeyi prokurorluğun üstünə atdı. Mənə nə baş prokuror, nə Rüstəm Usubov qanunsuz göstəriş verib. Mənim təqsirim yoxdur”.

Mövlam Şıxəliyev deyib ki, ona qarşı 32 epizod üzrə ittiham irəli sürülüb: “Lakin bu epizodların heç biri üzrə prokurorluq bircə mötəbər sübut ortaya qoymayıb. "MTN işi" üzrə baş prokuror Kamran Əliyev və onun birinci müavininə də yalan məlumat verib, onları aldadıblar. İnanmıram ki, əks halda, Kamran müəllim bu işə qol qoyaydı. İttihamda yazıblar ki, guya mənə 2008-ci ildə general rütbəsi almağım münasibətilə “Vertu” telefonu verilib. Halbuki mən bu rütbəni 2010-cu ildə almışam. Bunu belə araşdırmadan ittihama yazıblar. Yaxud da guya mən 28 May küçəsində evimdə rüşvət almışam, bunu görüblər. Halbuki mən 28 May küçəsində yaşamıram, mənim evim Nizami küçəsindədir, maliyyə naziri Samir Şərifovla qapı qonşuyuq. Əgər kimlərəsə mənim həbsim lazımdırsa, daha bu adamları (digər 3 təqsirləndirilən şəxsi nəzərdə tutur-E.M.) niyə tutursuz? “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin əmlakının alınması ilə bağlı mənə ittiham verilib. Tamamilə yalandır. Onun əmlakı necə satılıb, niyə araşdırılmadı. O əmlakı Eldar Ələkbərov adlı şəxs alıb, pulu verilib, ondan sonra da Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb. Mənə nə aidiyyəti var bu məsələnin ki, mənə ittiham verilib?"

Mövlam Şıxəliyev orden və medallarının, general rütbəsinin alınmasından da danışıb. O bildirib ki, həmin mükafatlar bir sıra xidmətlərin müqabilində onlara verilmişdi: “Biz prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev Mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi. Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Tahir Xubanov, Teymuraz Əliyev, Serxio... Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar...”

Məhkəmədə Mövlam Şıxəliyevlə zərərçəkmişlərdən Hüseyn Səfərov arasında mübahisə yaranıb. Hüseyn Səfərov Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib. Deyib ki, o, dövlətə xidmət eləməyib, xəyanət edib: “Əgər siz xəyanət etməsəydiz, prezident MTN-i dağıtmazdı, sənin nazirini də qovmazdı. Bu gün də siz özünüzü müdafiə etmək üçün yalan danışırsız. Kişisən, düzünü de”.

Hakim müdaxilə edərək Hüseyn Səfərovu sakitləşdirməyə çalışıb.

Zərərçəkən isə deyib ki, Mövlam Şıxəliyev yalan danışdıqca, o da fikirlərini deyəcək.

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını da tələb edir. Onun sözlərinə görə, həmin əmlakların bir qismi ailə üzvlərinə vərəsəlik əsasında keçib: “1953-cü ildə babamdan qalmış evi də müsadirə ediblər. Yaxud qızım 2004-cü ildə ailə qurub, 2014-cü ildə həyat yoldaşı ilə birlikdə mənzil alıblar, həmin əmlakı da müsadirə ediblər...”

Fevralın 6-da keçiriləcək növbəti məhkəmə iclasında digər keçmiş MTN-çilər çıxış edəcək.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR