İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan postsovet ölkələrinə ŞOK təhdid – Rusiya bu hədəfinə də çatsa...

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə davam edir. Lakin hələ ki, dünyanın heç bir başqa ölkəsi nə Krımı, nə də Donbası və ya işğal altına düşən digər əraziləri Rusiyamın legitim torpaqları kimi tanımayıb – Moskva buna ciddi səylər göstərsə də. Kiyev özü işğalı tanımayınca bu, demək olar, mümkünsüzdür. Niyə?

Çünki əvvəla, belə bir tanıma olduqca pis bir presedent yaratmaqla yanaşı, istənilən dövlətin başına gətirilə bilər. Daha betəri, şimal qonşunun torpaq iştahası ciddi ölçüdə artar. Bu səbəbə Rusiya xaric, postsovet ölkələri dərhal Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsində durdular.

Onlardan biri də Qazaxıstan idi. Ö ölkə ki, onun Rusiya ilə həmsərhəd vilayətlərində rus-slavyan əhali üstünlük təşkil edir. Yəni potensial separatçılıq bölgəsi...

Söz düşmüşkən, Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyinə qarşı çıxıb. Məsələ ondadır ki, “Kommersant” jurnalistləri dünən Lavrova Tokayevin 2022-ci ilin yayında dediyi aşağıdakı sözləri xatırladıblar: “Əgər biz yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ ideyasını rəhbər tutsaq, dünyada bir çox regional münaqişələr, xaos yaranacaq. BMT Nizamnaməsinin bu prinsipi onun başqa bir prinsipi - ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir”.

Lavrov isə qazax prezidentlə razılaşmayıb. Sitat: “Astana üçün yalnız ərazi bütövlüyü hüququ var. Amma BMT Nizamnaməsinin başqa prinsipi öz müqəddəratını müəyyən etmək haqdadır. Əgər siz BMT üzvüsünüzsə, onda Nizamnaməyə bütünlüklə hörmət etməlisiniz”.

Yalançının yaddaşı olmaz. Bəs Moskva niyə öz müqəddəratını təyin etmək istəyən çeçen xalqının müstəqillik arzusunu gözündə qoydu, bu mübariz milləti qan gölündə boğdu? Yaxud Tatarıstan. Boris Yeltsinin dövründə bu respublikada keçirilən referendum zamanı da əhalinin yarıdan çoxu müstəqilliyə səs vermişdi...

Yəni məntiqlə özünə rəva bilmədiyini gərək başqasına, başqa ölkəyə də görməyəsən. Rusiya qonşu Ukraynada rus əhalinin öz müqəddəratını təyinetmə və ayrılma haqqını tanıyırsa, o zaman çeçenlərin, vaxtilə istila elədiyi Şimali Qafqazın digər xalqlarının, həmçinin tatarların, başqırdların, yakutların da eyni hüququna hörmətlə yanaşmalıdır. BMT Nizamnaməsi bütün ölkələr üçün keçərli. Əks halda, siyasi riyakarlıqda və “ikili standartlar”da ittiham olunacaqsan.

Əlbəttə, Rusiyanı belə şeylər qayğılandırmır. Moskva təbii ki, nə BMT üçün, nə də onun Nizamnaməsi üçün əldən gedir. Onun öz “nizamnaməsi” var. Harada ki, ağ fonda qara hərflərlə yazılıb: “Güclü həmişə haqlıdır”...

Uzun müddət Rusiyanın BMT-dəki nümayəndəsi kimi çalışmış Sergey Lavrov şübhəsiz, BMT Nizamnaməsinin başqa bəndlərindən xəbərdardır. Məsələn, onun 51-ci bəndi işğala məruz qalan üzv ölkəyə özünü qorumaq və ərazi bütövlüyünü bərpa eləmək üçün başqa dövlətdən və ya dövlətlər qrupundan hərbi kömək istəmək hüququ tanıyır. Moskva Ukraynaya təcavüzünü “xüsusi hərbi əməliyyat” adlandırsa da, bu, mahiyyəti zərrəcə dəyişmir.

Odur ki, Rusiya baş diplomatının BMT Nizamnaməsi haqda demaqoqluğu adi tənqidə belə dözümsüzdür və elementar siyasi etikadan kənardır. Bu, tər-təmiz bəhanədir. Aydındır ki, Rusiya ordusu Ukraynaya BMT Nizamnaməsi əsasında yox, öz “nizamnaməsi” əsasında soxulub. Hədəflərinə çatsa, “nizamnamə”ni digər postsovet ölkələrində də tətbiq etməyə çalışacaq.

Təhlükəli siqnaldır...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR