Onlayn ictimai-siyasi qəzet
Moskvada yaşayış kompleksində baş verən partlayış nəticəsində həlak olan və “Armen Qorlovski” kimi tanınan Armen Sərkisyan haqqında yeni məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, Ukrayna mediasının yayımladığı xəbərlərə görə, Sərkisyan Donetskdə Ukraynaya qarşı döyüşlər üçün məhbusları cəlb edib.
Ukrayna mediasının "satqın" adlandırdığı Armen Sərkisyan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində işğalçı rejimə məhbuslardan qanunsuz silahlı dəstələr yaratmaqda yardım edib.
2014-cü ildən bəri hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Sərkisyan Maydan fəallarına işgəncələr verməkdə ittiham olunub. İstintaqın məlumatına görə, o, həmin il keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonun göstərişi ilə Yuri Krisinə 200-300 nəfərlik qrup toplamaq tapşırığını verib. Bu qrupun fəaliyyəti jurnalist Vyaçeslav Vereminin qətli ilə nəticələnib.
Yuri Krisin ifadəsində bildirmişdi ki, Armen Sərkisyandan 20 min dollar alıb. Daha sonra isə həmin məbləğin cüzi hissəsini əlaltılarına paylayıb. Krisin bu cinayətə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yanukoviç rejiminə yaxınlığı ilə tanınan Sərkisyanın Qorlovkada müxtəlif bizneslərə və boks klublarına nəzarət etdiyi, işğal altındakı ərazilərdə talançılıqla məşğul olduğu bildirilir.
Məlumatlara görə, Armen Sərkisyanın Çeçenistan rəhbəri Ramzan Kadırovun sağ əli, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovla birgə fotoları da mövcuddur.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ