İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova öz enerji aktivlərini Rusiyanın əlindən almaq üçün hərəkətə keçdi

Moldova 50 faiz "Qazprom"a məxsus olan "Moldovaqaz" şirkətinə tam nəzarəti ələ almaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Reçan hökumətin iclasından sonra jurnalistlərə deyib. Onun sözlərinə görə, hazırda “Rusiya tərəfindən ələ keçirilən enerji aktivlərinin qaytarılmasında” hakimiyyətə kömək etmək üçün beynəlxalq hüquqşünaslar qrupu yaradılır.

Jurnalistlərin Moldovanın da “Qazprom”a qarşı beynəlxalq arbitrajda qalib gələn Ukraynanın “Naftoqaz” şirkətinin bir vaxtlar tutduğu yolla getməsinin mümkünlüyü barədə sualına Reçan deyib ki, “hökumət bütün mövcud hüquqi variantları nəzərdən keçirir”: "Söhbət Moldovanın müxtəlif sektorlardan, xüsusən də energetika sektorundan, o cümlədən dələduzluq yolu ilə ələ keçirilən aktivlərinin geri qaytarılmasından gedir. Bunlara Moldovaqaz və Küçurgandakı Moldova Dövlət Rayon Elektrik Stansiyası (separatçı Dnestryanı bölgədə yerləşir və RAO UES tərəfindən ələ keçirilib –red.) daxildir”.

Onun sözlərinə görə, hakimiyyət bu cəhdi dəstəkləmək üçün hüquq məsləhətçilər tapmaq prosesindədir.

Reçan vurğulayıb ki, enerji aktivlərinin qaytarılması məsələnin Moldovanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsirini nəzərə alaraq, milli prioritet hesab olunur. O əlavə edib ki, hökumət milli aktivlərin qaytarılması və dövlətin maraqlarının beynəlxalq səviyyədə qorunmasını təmin etmək üçün mümkün qədər Ukrayna təcrübəsini izləmək niyyətindədir.

O, həmçinin bildirib ki, ölkə “Qazprom”un sağ sahilə çatdırılma borcu ilə bağlı iddialarına məhkəmədə etiraz etməyə hazırlaşır.

Qeyd edək ki, Rusiya şirkəti “Moldovaqaz”ın sağ sahilə qaz tədarükünə görə 709 milyon dollar borclu olduğunu iddia edir. Beynəlxalq səviyyəli audit apardıqdan sonra Kişinyov cəmi 8 milyon dollar tanıyır.

“Moldovaqaz”ın mülkiyyət strukturu 2013-cü ildən bəri dəyişməz qalıb: 50 faizi “Qazprom”a, 35,6 faizi Moldova hökumətinə, təxminən 13 faizi isə Dnestryanıdakı separatçı hakimiyyət orqanlarına məxsusdur. Az sayda səhmlər minoritar səhmdarlardadır.

Ötən həftə ölkədəki enerji böhranından danışan Reçan ədliyyə nazirinə qanunvericiliyə Moldovanın enerji təhlükəsizliyinin asılı olduğu bir sıra obyektlərin milliləşdirilməsinə imkan verən düzəlişlər hazırlamağı tapşırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR