İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Avropa İttifaqına daxil ola bilər - danışıqlara start verilir

Moldova prezidenti Maya Sandu ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı Moldova Respublikası adından baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimovu danışıqlar üçün əsas şəxs təyin edib.

“Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Beləliklə, namizəd ölkə statusunu aldıqdan iki il sonra - iyunun 25-də ilk Moldova-Aİ hökumətlərarası konfransı keçiriləcək və bu konfransda Aİ-yə daxil olmaq üçün danışıqlara başlanacaq. Ölkənin modernləşdirilməsi istiqamətində bu səylərin arxasında hökumət qurumlarında minlərlə insan dayanır və onların hər birinin işi Moldova Respublikasını 2030-cu ilə qədər Aİ-yə üzvlüyə hazırlamağa həlledici təsir göstərir”, - deyə prezident bildirib.

Maya Sandu qeyd edib ki, Moldova Avropa ölkəsi kimi sülhü, firavanlığı və daha yaxşı həyatı təmin edəcək, lakin bu barədə payızda keçiriləcək referendumda vətəndaşlar qərar qəbul etməlidirlər.

Dövlət başçısı sosial şəbəkələrdə yazıb: “Görülən işlərə görə hökumətə təşəkkür edirəm və Moldova Respublikasını Lüksemburqda Avropa İttifaqına daxil olmaq üzrə danışıqların rəsmi açılışında təmsil edəcək nümayəndə heyətimizə uğurlar arzulayıram.

Qeyd edək ki, iyunun 25-də Moldova-Avropa İttifaqının ilk hökumətlərarası konfransı keçiriləcək.

Xatırladaq ki, 2022-ci il martın 3-də prezident Maya Sandu Moldovanın Avropa İttifaqına daxil olmaq ərizəsini imzalayıb. 23 iyun 2022-ci ildə Avropa İttifaqı Moldovaya namizəd statusu verib. 2023-cü il dekabrın 14-də Avropa Şurası Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR