İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...

“Xərçəngin müalicəsi var, telefon asılılığının isə...”

Smartfonlara aludə olan uşaqlarda psixoloji problemlərin yaranma riski daha yüksəkdir. Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıblar (Sfera.az). 

Araşdırmaya əsasən məlum olub ki, həddindən artıq telefondan istifadə edən uşaqlarda paranoya, hallüsinasiya kimi problemlər meydana gələ bilər. Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi və eşitmədə keçici problemlər yarada bilər. 

“Bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzunmüddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir. Bir sözlə, uzun müddət mobil telefondan istifadə yalnız uşaqlar deyil, böyüklər üçün də çox zərərlidir”, - deyə xəbərdarlıq edilir. 

Mobil telefonlar həqiqətənmi xərçəng yaradır? Qeyd edək ki, aparılan çox sayda böyük tədqiqatlara baxmayaraq, beyin şişlərinin inkişafında radiotezlikli elektromaqnit sahələrinin (RFEMF) roluna dair inandırıcı sübutlar əldə edilməyib. Baxmayaraq ki, məcmu məlumatlar mobil telefonların uzunmüddətli (10 il) istifadəsi ilə son dərəcə kiçik, lakin hələ də artan glioma əmələ gəlmə riskini göstərir.

Maraqlıdır ki, 2011-ci ildə EMF RF Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən insanlar üçün “mümkün kanserogen” kimi təsnif edilmişdi, lakin 2015-ci ildə EMF RF-nin statusu “ehtimal olunan kanserogen” səviyyəsinə yüksəldilib. Baxmayaraq ki, bu əlaqə hələ də müzakirə olunur. 

Onkoloq Nəsimi Qasımov : “Siqaret çəkənlər, 30 yaşdan sonra evlənən  qadınlar, süd verməyən analar risk altında…”

 Nəsimi Qasımov 

Onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda mobil telefonsuz adam yoxdur və müqayisə edəcək bir iş də yoxdur: “Hazırda hər kəsdə mobil telefon var. İki qrup olsaydı,  mobil telefonlu və telefonsuz, o zaman təcrübədə nə isə demək olardı. İndi uşaq anadan olandan vəfat edən günədək mobil telefondan istifadə edilir. Mobil telefonların bəd xassəli şişə aidiyyəti yoxdur. Sadəcə olaraq, insanlarda telefondan asılılıq var. Narkotik maddədən asılılıq olduğu kimi müasir dövrdə dünyada mobil telefondan asılılıq yaşanır. Bu, xərçəngdən də ağır prosesdir. Xərçəngin müalicəsi var, amma bu asılılığın müalicəsi yoxdur. Mobil telefonlar mərkəzi sinir sistemini məhv edir”. 

myCANCER.ru | Басанов Руслан Владимирович

Ruslan Basanov

Onkoloq Ruslan Basanov smartfonların xərçəngin inkişafı ilə əlaqəsi barədə açıqlamanı mif adlandırıb: “Telefonların xərçəngin inkişafına səbəb olması ilə bağlı yanlış fikir çoxdan təkzib edilib. Bu barədə danışmağa başlayan kimi alimlər dərhal bunun əksini sübut ediblər. Belə fərziyyələr fizika qanunları və patofiziologiya prosesləri haqqında kifayət qədər anlayışı olmayan həvəskarların şüurunda yaranır”. Eyni zamanda onkoloq qadjetlərdən daimi istifadənin sağlamlığı pisləşdirə biləcəyini inkar etməyib: “Dolayısı ilə telefonlar, planşetlər və kompüterlər sağlamlıq problemlərinə səbəb olur. Qadjetlərdə gəzən və ya ofisdə işləyən insanlar çox vaxt oturaq həyat tərzi keçirirlər. Bu isə öz növbəsində müxtəlif xəstəliklərin - piylənmədən tutmuş psixoloji problemlərə qədər inkişafa səbəb ola bilər”. 

Amerikalı alimlər mobil telefonun radiotezlik şüalarının insan sağlamlığına təsirini araşdırıblar. Onların məqsədi bu növ qurğulardan olan şüalanmanın vaxt ötdükcə beyin xərçəngi yaratması ilə bağlı çoxsaylı nəzəriyyələri təkzib, yaxud sübut etmək olub. Mobil telefonlarda olan şüalanma rentgen zamanı yaranan ionlaşan şüalanma ilə müqayisədə daha təhlükəsizdir. İonlaşan şüalanma dezoksiribinuklein turşusunun zədələnməsinə səbəb ola bilər ki, bu da nəticədə insanda xərçəng xəstəliyi yaradır. Alimlər sübut ediblər ki, mobil telefonlardan çıxan radiotezlik şüalanma tamamilə başqa cür təsir göstərir.

Amerika Onkologiya Cəmiyyətinin əsas tibbi əməkdaşı Otis Brauli bildirib ki, mobil telefondan istifadə zamanı insanda xərçəng xəstəliyinin yaranması ilə bağlı sübut yoxdur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR