Onlayn ictimai-siyasi qəzet
BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Həmin il BMT Təhlükəsizlik Şurası yeni baş katib namizədini irəli sürməlidir və seçilmiş şəxs 1 yanvar 2027-ci ildən vəzifəyə başlayacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq indidən BMT Baş katibliyinə namizədlər tapılıb.
Bu barədə açıqlama ilə çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri, argentinalı diplomat Rafael Qrossi öz namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. O, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Agence France-Presse agentliyinə verdiyi müsahibədə deyib:
“BMT hazırda mürəkkəb vəziyyətdədir. Mən inanıram ki, təşkilatı daha təsirli etmək mümkündür. Əgər sizi münaqişələrin artması, zorakılığın çoxalması narahat edirsə, diqqəti başqa məsələlərə yönəltmək bir qədər ikiüzlülükdür”.
Qrossinin sözlərinə görə, artıq “hamı qəbul edir ki, BMT dünyada sülhü qorumaq missiyasını əvvəlki kimi yerinə yetirmir”. O, MAQATE rəhbəri kimi topladığı təcrübənin ona bu yolda üstünlük qazandıracağını vurğulayıb.
Diplomat həmçinin bildirib ki, bütün tərəflərlə dialoq aparmaq və “hamı üçün qəbul edilə bilən vasitəçi” olmaq niyyətindədir:
“Bəli, mən bu səbəblərə görə namizədliyimi irəli sürəcəyəm”, – deyə Qrossi qeyd edib.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ