Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Misir, Türkiyə, İordaniya, Pakistan və İndoneziya kimi ölkələrin liderləri ilə görüş keçirib. Bu görüşdə Qəzza müharibəsinin sona çatdırılması, İsrailin Qəzzadan çıxarılması, bölgənin yenidən qurulması və gələcək idarəetmə mexanizmləri müzakirə olunub.
Tramp çıxışında Fələstin dövlətliyinin tanınmasına qarşı olduğunu açıq şəkildə bəyan edib. O, belə addımların “Həmas-ın dəhşətli cinayətlərini mükafatlandırmaq” demək olduğunu vurğulayıb. ABŞ müttəfiqlərindən bir neçəsinin - İngiltərə, Fransa, Kanada, Avstraliya və Portuqaliyanın Fələstin dövlətini tanımaq istiqamətində addımlar atmasını kəskin tənqid edən Tramp, bu prosesin sülhə deyil, əksinə, yeni gərginliklərə yol aça biləcəyini söyləyib.
Onun sözlərinə görə, Fələstin dövlətliyi məsələsi hazırkı şəraitdə münaqişəni çözmək əvəzinə, bölgədə radikal qüvvələrin güclənməsinə gətirib çıxara bilər.
Trampın diqqətçəkən digər mesajı Qəzza müharibəsi ilə bağlı olub. O, açıq şəkildə İsraili və beynəlxalq ictimaiyyəti bu müharibəni dərhal dayandırmağa çağırıb. Bununla yanaşı, Tramp İsrailin əlində olan bütün əsirlərin, istər sağ, istərsə də həlak olmuşların cəsədlərinin təcili qaytarılmasını tələb edib.
Trampın bu çıxışlarının ABŞ-ın Yaxın Şərq siyasətinə və Qərb ölkələrinin gələcək mövqelərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a danışıb:
"Əslində Trampın BMT-də 8 ölkənin iştirakı ilə Fələstin tədbiri Fransa və ümumilikdə Avropanın Fələstini tanımaqla bağlı addımlarına qarşı cavab idi. ABŞ prezidenti düşünür ki, Avropanın Fələstin qərarı onun siyasətinə qarşı yönəlib, buna görə də belə demək olarsa, 8 müsəlman ölkəsini toplayaraq əks-hücum təşkil elədi. Həmin gün Fransa da Səudiyyə Ərəbistanı ilə birgə beynəlxalq Fələstin toplantısı keçirdi. Trampın o tədbirdəki çıxışı və mövqeyi faktiki olaraq İsrailin müdafiəsinə xidmət edir və münaqişənin həllinə zərbədir. Çünki- 1. Avropanın Fələstini tanımaq qərarını tənqid elədi və tanımadığını dedi. 2. Həmasa yüklənərək girovları azad etməyə çağırdı. Halbuki Həmas girovları azad etməyə hazır olduğunu çoxdan elan edib, sadəcə əvəzində atəşkəs tələb edir. İsrail isə razı olmur. 3. Faktiki olaraq Fələstin dövlətinin tanınmasına qarşı olduğunu elan edərək Netanyahunun Qəzzadakı addımlarına dəstək vermiş oldu. Yəni nəticə etibarı ilə bu tədbir BMT-də ikitirəlik yaranmasına gətirdi və Fələstin münaqişəsinin həlli ilə bağlı vahid mövqeyə gəlməyə mane oldu".
Xalidə Gəray
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ