İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Mərdanov İrəvandan danışdı: “Bizim böyük şansımız var, 2001-ci ildə...”

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Milli Məclisdəki dinləmədəki çıxışında vacib istiqamətlərdən bəhs edib.

Musavat.com-un xəbərinə görə, Misir Mərdanov bildirib ki, ötən il Prezidentin ad gününü Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşə həsr etməsi və tarixi nitq söyləməsi Qərbi Azərbaycana qayıdış məsələsinin ən ciddi məsələlərdən biri olduğunu bir daha təsdiqləyir.

M.Mərdanov qeyd edib ki, bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini əks etdirən dərsliklər və əsərlər yazıb beynəlxalq səviyyəyə təqdim etməməyimizdir: “Elm və Təhsil Nazirliyi bu məsələyə çox ciddi fikir verməlidir. İkinci məsələ nüfuzlu jurnallarda sanballı elmi əsərlərin hazırlanmasıdır. Bir tərəfdən ermənilər və ya ermənipərəst şəxslər tərəfindən yazılmış əsərlərə münasibət bildirilməlidir, digər tərəfdən nüfuzlu jurnallarda öz əsərlərimizi çap etdirməliyik”.

Misir Mərdanov digər məsələyə də toxunub. O bildirib ki, 1988-ci ilin sonunadək Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların başına gələnlər arxivləşdirilməlidir.

Dinləmədə iştirak edən telekanal rəhbərlərinə xitab edən Misir Mərdanov televiziyaların bu məsələyə önəm verməsini zəruri hesab etdiyini bildirib: “Tövsiyə edirəm ki, hələ gec deyil, telekanal əməkdaşları o yerlərdən köçüb gəlmiş insanlarla görüşsünlər, necə köçürüldükləri barədə faktlar lentə alınsın. Film demirsiniz? Elə bunun özü filmdir”.

M.Mərdanov qeyd edib ki, 10-15 il əvvəl bəzi insanlar Şuşaya, Laçına qayıdışımıza inanmırdılar, bu gün də bəzilərində Qərbi Azərbaycana qayıdışa şübhə edənlər tapılır: “Mən 2001-ci ildə öz kəndimizdə olmuşam, İrəvandan kəndimizədək getmişəm. Kənd yerlərində məskunlaşma sıfır vəziyyətindədir. Vaxtilə bizim kəndimizdə 150 ev vardı. Amma mən getdiyim zaman o evlərin 50-də qoca qadın və kişi yaşayırdı. Yəqin ki, onların çoxu artıq dünyada yoxdur. O torpaqların böyük hissəsi boşdur. Bizim ora qayıtmağımız üçün böyük şansımız var”.

Misir Mərdanov vurğulayıb ki, dünyada 60 milyondan çox azərbaycanlı var. Onların bir hissəsi də Qərbi azərbaycanlıdır və o insanlar arasında da seçim aparılmalıdır. M.Mərdanov əlavə edib ki, qardaş Türkiyədə də çoxsaylı insanlarımız var:

“Amma onların biri Cəfəridir, biri Ələvidir ki, bu da narahatlıq yaradır. Biz Türkiyədə bu təbliğatı aparmaq üçün nüfuzlu həmvətənlərimizin gücündən istifadə etmək üçün addımlar atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı hamımız qarabağlı idi. Gəlin, burada da ayrıseçkilik etməyək. Yalnız Qərbi Azərbaycandan olanlar yox, bütün Azərbaycan xalqı, dünyanın hər yerində yaşayan azərbaycanlılar birləşməlidir və cənab Prezidentin rəhbərliyi ilə biz o torpaqlara qayıtmalıyıq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR