İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyanın Antalya səfəri - Ermənistana daha bir şans...

Ermənistanın baş diplomatının da tədbirdə iştirakı Ankara-İrəvan əlaqələrinə necə təsir edəcək? 

Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü dəfə keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir. Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır. Forum martın 3-də yekunlaşacaq. 

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə təşkil olunan “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT” mövzulu paneldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. 

Ölkəmizin təmsil olunduğu daha bir “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları” mövzulu paneldə isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Tədbirə qatılan xarici diplomatlar arasında Rusiya xarici işlər naziri Sergey Lavrov da var. O, dünən Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşüb. Görüşdə  iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

mirzoyan-fidan2-1024x682.jpeg (117 KB)

Eyni zamanda Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan Antalyada keçirilən diplomatik forum çərçivəsində görüş keçiriblər. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr də iştirak edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə olunub və münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduqları təsdiqlənib.

c11d7e27-0a84-41e5-8c9c-c62199738ee8.jpeg (109 KB)

 Belə forumların qlobal və regional önəmi nəzərə alsaq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına hansısa pozitiv təsir mümkündürmü? Xatırladaq ki, iki ölkə arasında əlaqələrin normallaşması üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Rubin Rubinyan arasında az qala bir ildir görüş keçirilmir. Mirzoyanın Antalya səfəri “daşı” yerindən tərpədəcəkmi? Sərhədlərin açılması tezləşə bilərmi? 

Lakin bu mövzuda rəsmi Ankaranın konkret tələbləri var: Ermənistan Azərbaycanla sülh sənədi imzalasın, sərhədlər dəqiqləşsin, xüsusən də Zəngəzur koridoru açılsın, ondan sonra quru sərhədlərin açılması reallaşa bilər. Bununla yanaşı, Ermənistanın növbəti dəfə Antalya forumunda iştirakı o deməkdir ki, Türkiyə normallaşma prosesində maraqlıdır. Amma Fransanın çətiri altına keçən İrəvandakı hakimiyyətin Ankaraya yaxınlaşma cəhdləri Parisdə tormozlana bilər. Çünki Makron Fransası Türkiyəni az qala düşmən görür. Hətta fevralın 29-da Türkiyə prezidenti Aydın şəhərində keçirdiyi mitinqdə deyib ki, Fransa terrora dəstək verən əsas ölkədir. O bildirib ki, Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır: “Amma bu, işə yaramadı. Biz Suriyanın şimalında "La Farge"nin bütün mağaralarını dağıtdıq".

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, bu cür səfərlərin böyük əhəmiyyəti var. Onun fikrincə, Türkiyə Ermənistanla quru sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını çox istəyir: “Amma Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasını da unutmur. Sülh sənədinin bağlanmasına Qərbdən daha çox Ankara yardım edir. Bir sözlə, bölgənin sülhə qovuşması həmişəkindən indi daha zəruri görünür”.

Bakupost.az - “Uşaqpulu məsələsinin bu qədər uzadılması anlaşılan  deyil" - Samir Əsədli

Samir Əsədli

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin qəzetimizə bildirdiyinə görə, Türkiyə-Ermənistan normallaşma prosesi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə sinxronluq təşkil edir: “Bakı-İrəvan xəttində əldə edilən razılaşmaların icrasından asılı olaraq, Ankara-İrəvan əlaqələrində istiləşmə müşahidə oluna bilər. Ermənistan yaxşı bilir ki, Türkiyəsiz Avropaya keçid mümkün deyil. Onu da başa düşür ki, quru sərhədlərin açılması ilə ticarət dövriyyəsi arta bilər. Ümumiyyətlə, Ermənistanın Qərbə inteqrasiyası Türkiyədən asılıdır. Ancaq bunun üçün Müstəqillik aktına, gerbə dəyişiklik olmalıdır. Çünki Ermənistanın gerbində Ağrı dağı iddiası, Türkiyənin 6 şəhərinə qarşı iddia yer alır, Müstəqillik bəyannaməsində qondarma soyqırımı ilə bağlı tələblər var. Bunlara düzəliş etmək lazımdır ki, Türkiyə ilə normallaşma prosesi sürətlənsin. Hazırda İrəvanın siyasəti Qərbdən tam asılı vəziyyətə gətirilib. O halda, Ankaraya yaxınlaşma səmərə verməyəcək. Xüsusən də Avropa Birliyi və orada dominant olan Fransa bu irəliləyişi istəmir”. S.Əsədli xatırladır ki, baş nazir Paşinyan və spiker Simonyan dəfələrlə qonşulara qarşı iddialardan əl çəkməkdən, gerbə, konstitusiyaya dəyişikliklərdən danışıblar: “Eyni zamanda Zəngəzur dəhlizi açılmalıdır. Bu yol Türkiyə ilə Azərbaycanı yaxınlaşdıracaq. Ermənistanın da dəhlizin açılmasından böyük iqtisadi dividentləri olacaq. Sadəcə, bu məsələdə də Fransa və İran əngəl rolunu oynayır. Yola rusların nəzarət etməməsi üçün prosesi pozurlar. Halbuki Azərbaycan və Türkiyənin təklif etdiyi altılıq platforması var, bu da region ölkələrinin əməkdaşlığı üçün fürsətdir. Ancaq Ermənistan bu mövzuda təsir altına düşüb. O baxımdan Mirzoyanın səfəri yeni bir detal olsa da, münasibətlərin tam normallaşması üçün dediyimiz öhdəliklər yerinə yetirilməlidir”.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR