İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunun “dəfni” - Fransa son sözünü deyir...

Rusiyanın ardından ABŞ da Minsk Qrupundakı həmsədrinin missiyasını, fəaliyyət istiqamətini dəyişdirib. Bununla Birləşmiş Ştatlar demək olar ki, Minsk qrupundakı fəaliyyətini rəsmən dayandırıb.

Həmsədr Endryu Şaffer Qafqazda danışıqlar üzrə baş müşavir təyin edilib. Rusiyalı sabiq həmsədr İqor Xovayev isə bir müddətdir ki, Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsidir.

Qurum ətrafındakı son gəlişmələrdən sonra ən çox bu sual ətrafında müzakirələr gedir.

Bir fakt da ondan ibarətdir ki, MQ-ni Rusiya parçaladı. Belə ki, Kreml həmsədrini xüsusi nümayəndə təyin etdikdən sonra ABŞ da eyni addımı atdı.

Bəs Fransa nə zaman öz həmsədrinin missiyasını dəyişdirəcək?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, ATƏT-in Minsk Qrupunun 10 noyabrdan sonrakı fəaliyyətsizliyi uzun müddət davam edə bilməz: “Bu qurum ya buraxılmalı, ya da işini bərpa etməlidir. Bu müddət ərzində qurumun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Azərbaycana müraciətlər çox olmuşdu. Ermənistan da öz növbəsində bu istiqamətdə çalışırdı. Amma hər dəfə rəsmi Bakının neqativ cavabı Minsk Qrupunun hazırkı formatda bərpasının mümkün olmayacağını bir daha ortaya qoyurdu. Rusiya problemin işinə yeni ”missiya" ilə daxil olduğundan açıq deməsə də əvvəlki formatın aktivləşdirilməsində maraqlı olmadığını fəaliyyəti ilə ortaya qoyur. Əslində Minsk Qrupunun fəaliyyətinin bərpasına heç bir ehtiyac yoxdur. Bu qurumun uzun illərdir ki, üzərində işləyib ərsəyə gətirdikləri yarımçıq “Madrid prinsipləri” idisə, bu gün o prinsiplərin demək olar ki, əksəriyyətini Azərbaycan Ordusu həyata keçirib. Hazırda problemin sülh müqaviləsi ilə birdəflik çözülməsinə istiqamətlənmiş fəaliyyət gedir. Yəni Minsk Qrupunun hər zaman fokslandığı status kvo ortada yoxdursa, deməli mövcud olmuş format da arxivə qovuşmalıdır. Rusiya bayaq dediyim səbəbdən qeyri-rəsmi olaraq artıq üçlükdən kənardadır. ABŞ isə 44 günlük müharibədən sonra ortada olan reallıqları yaxşı bildiyindən əvvəlki statusla danışıqlar masasına əyləşməyə artıq israr etmir. Amma eyni zamanda regionda baş verən və baş verəcək bütün proseslərdə iştirak etmək istədiyindən problemlə bağlı özü üçün yeni konfiqurasiya müəyyənləşdirib. Əslində bu ən doğru addımdır. Nümayəndəsini həmsədr kimi yox, Qafqazdakı danışıqlar üzrə baş müşavir kimi təqdim etməsi həm Minsk Qrupunun tarixdə qaldığını etiraf etməsidir, həm də Rusiyanın bu region ancaq mənim təsir dairəmdir deməsinə qarşıdır. Bunu həmçinin Azərbaycanın qurumun fəaliyyətinin bərpasına münasibətinə bir qiymət kimi də dəyərləndirmək olar.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev: “Bu mövzuda geriyə dönüş görünmür”

Ümumiyyətlə, ABŞ-ın regionda Rusiyanın təkbaşına mövcudluğunu qəbul etməməsi səbəbindən gec-tez belə bir addımı atacağı bəlli idi. Onun üçün fərqi yox idi ki, hansı çətir altında bu missiyanın içində olsun. Əslində situasiyanın bu şəkildə olması bizim üçün də əlverişlidir. Sülh danışıqları gedişatında manevr imkanlarımızı daha da artıracaq. Fransa ilə bağlı məsələ isə bir qədər fərqlidir. 44 günlük müharibədən sonra Minsk Qrupunun fəaliyyətinin bərpası ilə bağlı təkidli çağırışlar Fransadan gəlirdi. Ermənistan rəhbərliyi bu istiqamətdə xahişlərini həmişə onlara edirdi. Fransa bu gün də əvvəlki formatın qalmasında və aktivləşməsində maraqlıdır. Amma görür ki, ondan asılı olmayan səbəblərdən yeni dönəm başlamaq üzrədir və hələlik ona yeni dönəmdə yer görünmür. Onun üçün köhnə formatın yeni dövrə uyğunlaşdırılmış variantını təqdim etmək üçün maksimum şəkildə cəhdlər edəcək. Amma görünən odur ki, bu mövzuda geriyə dönüş görünmür və ən əsası Azərbaycan bu dönüşü istəmir. O səbəbdən hazırkı vəziyyətə qiymət verərək demək olar ki, Rusiya və ABŞ Qarabağla bağlı yeni fəaliyyət növü müəyyənləşdirdiyindən Minsk Qrupu üçlüyü real olaraq təkiyə çevriləcək və bu da fəaliyyət üçün imkansızdır. O səbəbdən qrupun dirçəldilməsi üçün son cəhdlərini də edəndən sonra Fransa da prosesə yeni dizaynda qoşulmağa qərar verəcək. Amma bu olsa yalnız seçkilərdən sonra ola bilər. Çünki üçlüyün bərpası üçün çalışan Fransadakı erməni lobbisindən hələ ki çəkinirlər".

Sabah Fransada prezident seçkisidir - Makrona əsas rəqib o ola bilər

Şəhla Cəlilzadə: “Minsk Qrupu həmsədrlərinin ortaq iş fəaliyyəti sərgiləməsi mümkünsüz olub”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Şəhla Cəlilzadə də Minsk Qrupunun artıq tarixə gömüldüyünü düşünür: “Bildiyimiz kimi, Minsk Qrupu ortaq sülhyaratma formatı idi və onun 3 həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa və ən son həmsədrlər müvafiq olaraq bu ölkələrin təyin etdikləri İqor Xovayev, Endryu Şoffer və Bris Rokfuay idi. Lakin Azərbaycanın artıq uzun illərdir açıq şəkildə səsləndirdiyi, bu formatın işlək mexanizmə malik olmamasına dair narazılıqları, eyni zamanda ən son Rusiya-Ukrayna müharibəsi fonunda Minsk Qrupu həmsədrlərinin ortaq iş fəaliyyəti sərgiləməsi mümkünsüz olub. Təsadüfi deyil ki, bu həmsədrlərdən rusiyalı Xovayev və amerikan Şoffer artıq öz administrasiyaları daxilində yeni vəzifələrə təyinatlar alıblar. Lakin bu, onların 30 ildir gördükləri işin məzmununa tamamilə uyğun gələn, yaxud paralel daşıdıqları vəzifələrdir - artıq Xovayev Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiya XİN-in xüsusi nümayəndəsi, Şoffer isə Qafqazda danışıqlar üzrə ABŞ Dövlət Departamentinin baş müşaviri olaraq qeyd olunurlar. Onlar yenə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində öz dövlətlərini təmsil edirlər, lakin bu dəfə Minsk Qrupunun həmsədri adı altında deyil. Xüsusilə son 1 həftədə Fransanın və ABŞ-ın müvafiq təmsilçilərinin Ermənistana səfər etməsi, səfər zamanı Minsk Qrupunun həmsədrlik institutunun qorunmasının vacibliyi ifadə olunsa da, əslində onlar da bu formatın qorunmasının mümkünsüzlüyünü dərk edirlər. Odur ki, ABŞ Dövlət Departamentinin rəsmi twitter səhifəsində Şofferin vəzifəsinin Minsk Qrupunun həmsədri olaraq deyil, yeni təyinatına uyğun olaraq göstərilməsi tamamilə anlaşılandır. Ermənistan mediası nə qədər bu səfərləri Minsk Qrupunun həmsədrlərinin səfəri olaraq təqdim etməyə çalışsa da, əslində real mənzərə ermənilərdən başqa hər kəsə açıq-aydın şəkildə görünür. Həmçinin erməni tərəfi 19 apreldə Putinlə Paşinyanın görüşündə Minsk Qrupunun adının çəkildiyini qeyd edərək, əslində Putin və Rusiya XİN rəhbəri Lavrov arasında bu qrupun taleyinə dair fikir-ayrılığı olduğunu qeyd ediblər. Belə ki, 19 aprel görüşündən sonra ictimaiyyətə təqdim olunan rəsmi bəyanatda Minsk Qrupunun həmsədrlik institutunun təcrübəsindən və potensialdan istifadənin vacib olduğu vurğulanıb. Aydın olur ki, hər üç keçmiş həmsədr ölkə və onların təmsilçiləri müvafiq formatın qorunub-saxlanılmasında maraqlı olduğunu müxtəlif və ən yüksək kanallar vasitəsilə çatdırsalar da, reallıqları dərk edir və bu formatı, sadəcə, keçmiş təcrübə olaraq dəyərləndirir. Təsadüfi deyil ki, bu üç ölkənin müvafiq təmsilçilərinin nə Bakıya, nə də İrəvana artıq ortaq ziyarətləri baş tutmur, yaxud bu format çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü də artıq keçirilmir. Odur ki, mövcud reallıqlar çərçivəsində Fransanın da bənzər addım atacağını, de-fakto mövcud olmayan bir institutunun təmsilçisinə faktiki vəzifə təyinatı edəcəyini və danışıqlara göndərəcəyini təxmin etmək olar”.

Xəbərlər - Publika.az

Asif Nərimanlı: “Minsk Qrupunun artıq tarix olduğunu deyə bilərik”

Siyasi analitik Asif Nərimanlı Minsk Qrupunu artıq tarix sayır: “Müharibədən sonra Azərbaycan Minsk Qrupuna postmünaqişə dövrünün reallığına uyğun fəaliyyət təklif edirdi, lakin bu institut üzərindən bölgədəki maraqlarını təmin etmək istəyən həmsədr ölkələrin yenidən əvvəlki formata qayıtmaq cəhdləri onlar üçün yeni imkanın da itirilməsi ilə nəticələndi. Bunu qəbul etmək istəmirdilər, xüsusilə ABŞ və Fransa köhnə format üzərində dayanmağa davam edirdi. Ukrayna müharibəsi və yeni geosiyasi şərtlərin yaranması de-fakto mövcud olmayan Minsk Qrupunun həmsədr ölkələrinin özləri tərəfindən ”dəfn edilməsi" ilə nəticələndi. Rusiya bu məsələdə ABŞ və Fransanı ittiham etsə də, əslində əsas maraqlı tərəfdir. Çünki Moskva bölgədə əsas vasitəçi kimi qalmaq istəyir və yaranmış fürsətdən istifadə edərək, xüsusi nümayəndə təyin etməklə Minsk Qrupundan çıxdı. ABŞ-ın bölgədə Rusiya ilə mübarizəyə hesablanan adekvat addımı da Minsk Qrupundan çıxması deməkdir. Bununla Minsk qrupunun artıq tarix olduğunu deyə bilərik. Doğrudur, Qarabağ məsələsi ilə bağlı yeganə hüquqi mandat Minsk Qrupundadır, lakin reallıq artıq tamamilə fərqlidir. Bu formatın yenidən dirilməsi hər üç həmsədr ölkənin eyni masaya gəlməsi və eyni qərar verməsi ilə mümkün ola bilər ki, bu, qeyri-realdır. Hətta Ukrayna müharibəsi başlamasaydı belə, yenə də tərəflərin ciddi fikir ayrılıqları var. Fransanın da yeni reallığı qəbul etməkdən başqa yolu yoxdur. Əslində fransalı həmsədr Bris Rokfeyl ötən həftə İrəvana “həmsədr” kimi yox, Fransa XİN-in Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi olaraq gəlmişdi. Ermənistan tərəfi onu “həmsədr” kimi təqdim edirdi. Eyni yanlış təqdimat Endryu Şafferlə bağlı da edildi. İrəvan bununla “Minsk qrupu” formatını gündəmdə saxlamağa çalışır. Hərçənd bu cür təqdimatlar heç nəyi dəyişdirmir. Artıq Rusiya və ABŞ rəsmi qərarını verib, Fransa da analoji addımı rəsmiləşdirməyə məcbur olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR