İnsanlara hürriyət, millətlərə istiqlal!

“Minalanmaya qarşı mərkəz statusunu əldə etmək Azərbaycan üçün çox əhəmiyyətlidir” - Deputat

Xəbər verdiyimiz kimi, BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb. Sənədin imzalanması Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı zamanı baş tutub.

Niyyət bəyannaməsi Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Sənəd ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo tərəfindən imzalanıb.

Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək.

Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a deyib ki, belə bir konfransın keçirilməsi xüsusi önəm daşıyır:

“Xüsusilə də, Zəngilanda keçirilməsinin ayrıca bir əhəmiyyəti var. Bu gün Azərbaycan minadan ən çox çirklənən ölkələrdən biridir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sursartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Prezident İlham Əliyevin ünvanlandığı müraciətində də bu məsələ xüsusi qeyd olunub. O mənada bu tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Sənədin imzalanması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfi minalanmaya qarşı mərkəz statusunu qazanmış olur. Bu çox önəmli bir məsələdir, böyük bir etimaddır. Azərbaycan dövləti üçün çox böyük bir uğurdur. Ölkəmiz üçün yeni fürsət və imkanlar yaranır. Biz bununla da qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə artıq nail olmuşuq. Bu baxımdan bu sənədin imzalanması Azərbaycanın mina təmizlənmə sahəsində ən böyük uğurlarından sayılmalıdır”.

Qeyd edək ki, 2020-ci ildən bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaş mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR