Onlayn ictimai-siyasi qəzet
Noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad milli yaddaşımızın ən parlaq və qürurverici tarixidir. Heç şübhəsiz ki, gələcəkdə bu hadisəyə həsr olunmuş minlərlə yazı hazırlanacaq, həmçinin yüzlərlə əsər yazılacaq. Onu da deyə bilərik ki, gələcəyin qəhrəmanları bu gün şahidi olduğumuz tarixi nümunələr üzərindən yetişdiriləcək. İstisna etmirəm ki, əhalinin ictimai şüurunda qələbələrə dair artıq müəyyən “alışqanlığın” formalaşması səbəbindən sözügedən hadisənin siyasi təfəkkürümüzdə layiqli dəyərləndirilməsi və əzəmətinin dərk olunması bu gün yox, məhz bir müddət sonra baş verəcək. Ancaq bir danılmaz həqiqət var: biz Azərbaycanın yeni inkişaf mərhələsinin ən parlaq, təkrarolunmaz və möhtəşəm hadisələrinin canlı şahidləriyik. Min ömrə dəyər hadisələrə şahidlik edirik və hətta onların iştirakçısıyıq.
Bu fikirlər politoloq Asif Adilin “Milli yaddaşımızda əbədi həkk olunmuş möhtəşəm tarix” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Əsrlər sonra gələcək nəsillər Azərbaycanın tarixini öyrənən zaman yaşadığımız müasir dövrün “Azərbaycan tarixinin qızıl dövrü” və ya “Qələbələr dövrü” adlandırılması da artıq labüddür. Əlbəttə ki, bu günlərdə yaşadığımız hadisələr, Qələbəmiz və nəhayət, azad edilmiş doğma Xankəndidə keçirilmiş hərbi parad Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” ifadəsinə müasir ideoloji və fəlsəfi məzmun qatır. Ulu Öndərin qeyd olunan dahi fikri ideoloji işin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması prosesində qırmızı xətlə keçməlidir.
Təsdiq olunmuş elmi faktdır ki, xalqın milli yaddaşı, daha dəqiq desək, onun məzmunu, xalqın gələcək inkişafını müəyyən edir. Təkcə elə bu səbəbdən ölkənin bütün intellektual potensialı yaşadığımız tarixin əbədiləşdirilməsi və xalqın ictimai təfəkküründə həkk olunması üçün səfərbər edilməlidir.
Əlbəttə ki, qeyd olunan prosesdə mükəmməl nəticələrinin əldə olunması üçün dəqiq siyasi vurğuların müəyyənləşdirilməsi olduqca vacib vəzifədir. Təsadüfi deyil ki, xəstə radikal təfəkkürlü bəla-siyasətçilərin fəaliyyətinin əsas hədəfi də məhz hadisələrin təhrif olunmasıdır. Mövcud kontekstdə hadisələrin qərəzli interpretasiya olunması yalnız xainlik kimi dəyərləndirilməlidir. Bu cür məkrli halların başqa adı yoxdur.
Milli yaddaşımızda əbədi həkk olunmuş 8 Noyabr tarixində Xankəndi şəhərində keçirilmiş hərbi paradda Prezident İlham Əliyevin çıxışına qayıtsaq deyə bilərik ki, hər bir fərdin milli identikliyini müəyyən edə biləcək meyarlar dövlətimizin başçısının nitqində əksini tapıb. Bir köşə yazısı çərçivəsində onlardan yalnız bəzilərini qeyd edə bilərik:
- Birmənalı və danılmaz Qələbə: “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi”. Bununla da Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” ifadəsinin fəlsəfi, ideoloji, beynəlxalq hüquq və bütün digər müstəvilərdə legitimləşdirilməsi tamamlanmış oldu;
- Milli həmrəylik məfhumu Qələbə, sabitlik və dayanıqlı inkişafının təməl prinsipi kimi müəyyən olunub: “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin”;
- Qəhrəmanlara hörmət və ehtiram: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur”;
- Mərdlik: “... Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq”;
- Vətən sevgisi və verilmiş əsgər andına sadiqlik: “Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”;
- Ədalətli mövqe və dəmir iradə: “... Azərbaycan xalqını haqq yolundan heç kim döndərə bilməzdi”;
- Güc amili: “İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik”;
- Suverenlik: “Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq”;
- Milli maraqların aliliyi: “Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik”;
- Milli təhlükəsizliyin təminatı: “Artıq Azərbaycanda separatçılığa yer olmayacaq”;
- Azərbaycan həqiqətlərin təbliği: “Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik”;
- Dayanıqlı inkişaf: “İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq.”;
- Siyasi iradə: “Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin”.
Beləliklə, Qalib xalq təfəkkürü, qəhrəman obrazına ehtiram, mərdlik, vətənpərvərlik, ədalətin qorunması, iradə, suverenliyin toxunulmazlığı, milli maraqların aliliyi, milli təhlükəsizlik, o cümlədən informasiya təhlükəsizliyinin təminatı, habelə dayanıqlı inkişaf kimi amillər hər bir fərdin milli identikliyinin müəyyən olunması prosesinə təsir edən önəmli amillərdir. Silah öz vəzifəni layiqincə yerinə yetirdiyi halda indi növbə qələmindir. Odur ki, milli yaddaşımızda əbədi həkk olunmuş möhtəşəm tarixi hadisələrə layıq olacaq yeni yazıların, o cümlədən elmi əsərlərin təqdimat və ictimai müzakirələrində görüşmək ümidi ilə...
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ