Onlayn ictimai-siyasi qəzet
"Fransanın “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki,Çinin xarici işlər naziri Van İnin Avropa ölkələrinə səfəri davam edərkən Fransa-Çin münasibətlərində gərginlik yaşanıb:
""Associated Press” agentliyinin məlumatına görə, müxtəlif ölkələrdə çalışan çinli diplomatlar Fransanın istehsalı olan “Rafale” qırıcı təyyarələrinin nüfuzuna zərbə vurmaq üçün təbliğat aparıblar. Məsələ burasındadır ki, Hindistanla Pakistan arasında may ayında baş verən qısa müddətli müharibə zamanı bir neçə Fransa təyyarəsinin vurulduğu xəbəri yayılmışdı. Pakistan tərəfi Hindistana məxsus 5 “Rafale” təyyarəsinin vurulduğunu açıqlamışdı. Hindistan itkilərini etiraf etsə də, nə qədər təyyarə itirdiyini açıqlamamışdı. Fransa Hindistan-Pakistan qarşıdurmasında “Rafale” təyyarələri ilə yanaşı Rusiyanın Su-30 təyyarəsinin də vurulduğunu bildirmişdi. Paris bununla demək istəyib ki, Rusiyanın hərbi təyyarələri də sınaqdan çıxmayıb. Bu yanaşma isə Kremlin xoşuna gəlməyib. Odur ki, “Rafale” təyyarələrinin gözdən salınması təbliğatında Çinin gizli dəstəkçisi Rusiyadır. Ancaq strateji tərəfdaş sayılan Rusiya ilə Çin arasında da gizli rəqabət var".
Elxan Şahinoğlu qeyd edir ki, Pekin Fransanın hərbi təyyarəsinin potensial alıcılarını fikirlərindən daşındırmağa çalışıb.
"Bu sırada İndoneziyanın adı çəkilib. Pekin İndoneziyanın Çin istehsalı olan hərbi təyyarələrə üstünlük verməsini istəyib. Qərb analitklərinin fikrincə, Çin hərbi texnika satışı sahəsində Fransanın Asiyada mövqelərinin zəifləməsinə və öz mövqelərinin isə gücləndirilməsinə çalışır.
Fransa üçün “Rafale” təyyarələrinin satışı strateji əhəmiyyət daşıyır. Fransa bu yolla təyyarəsini satdığı ölkələrlə strateji münasibətlər qurmağa çalışır. Bu Çinin maraqlarına ziddir. Çünki, hərbi texnika istehsalını ildən ilə genişləndirən Çin Fransanı Asiya bazarında sıxışdırmaq istəyir. Paris isə hesab edir ki, bu rəqabət ədalətsizdir. Çünki, Fransa rəsmilərinin fikrincə, çinli diplomatlar “Rafale” haqqında daha çox həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Parisin iradlarını rədd edib", deyə politoloq vurğulayıb.
Politoloq həmçinin İranın Çin hərbi təyyarələrinə maraq göstərdiyi xəbərinin də yayıldığını diqqətə çatdırıb:
"Halbuki, Tehran İsrail və ABŞ-la toqquşmaya qədər Rusiyanın hərbi təyyarələri ilə maraqlanırdı. Ancaq iranlı generalların mövqeyi dəyişib. İranın Rusiyanın deyil Çin hərbi təyyarələrinə üstünlük verməsi Moskva ilə Pekin arasında da rəqabətin genişlənməsinə səbəb olacaq".
Xalidə Gəray
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ