Onlayn ictimai-siyasi qəzet
Parlamentdə yeni cərimələrlə bağlı qərarlar qəbul edildi, təkliflər səsləndi
Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İlk olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” (2024-cü il üzrə) müzakirəyə çıxarıldı. İllik məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim etdi.
Nazir müavini qeyd etdi ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib. Həmçinin bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub: “Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”. Məruzəçi qeyd etdi ki, 2024-cü il üzrə araşdırmalar zamanı məlum olub ki, bir çox bələdiyyələr maliyyə sabitliyi baxımından əhalinin tələblərinə cavab vermir, təminatını, müvafiq təşkilati fəaliyyəti həyata keçirə bilmirlər. Nazir müavini bildirib ki, məhz bu səbəbdən bələdiyyələrin birləşdirilməsi həyata keçirilməkdədir. “Ötən il bu mexanizm çərçivəsində özünü idarəetmə iqtidarında olmayan bələdiyyələr birləşdirildi və onların sayı 1606-dan 685-ə qədər azaldıldı. Bələdiyyələrin birləşməsi onların xidmətlərinin rəqəmsallaşdırılmasına əlverişli imkan yaradır. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi bələdiyyələrin idarəetmə keyfiyyətinin artırılmasına, vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə və resurslardan daha effektiv istifadə edilməsinə şərait yaradacaq. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin yeni çağırışlara uyğun təşkilinə kömək və metodoloji yardım göstərilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir”-T.Hüseynov əlavə etdi. Nazir müavini qeyd etdi ki, bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib: “Onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub. Yəni nəticədə 99 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”. T.Hüseynov əlavə etdi ki, qanunvericiliyin tələblərinə uyğun olmayan 74 bələdiyyə aktı tam ləğv edilib: “Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub. Korrupsiya ilə mübarizə çərçivəsində qanun pozuntuları aşkarlanıb və hüquq-mühafizə orqanlarına göndərilib. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9686 ha torpaq sahəsinin icarəyə, 34 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib. Nəticədə 3376 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Deputat Kamran Bayramov sənədsiz evlərdən danışıdı: “Bunun bir sıra obyektiv səbəbləri var. Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Deməli, bu, bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir ki, ciddi rəqəmdən söhbət gedir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq. Eləcə də ev sahibləri də fayda götürəcək. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alğı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”.
Deputat Vüqar Bayramov da bir sıra məqamlara diqqət çəkdi. O, dövlət büdcəsindən bu il üçün bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min subvensiya ayrılmasının nəzərdə tutulduğunu söylədi: “Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq. Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olması onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır. V.Bayramov bildirdi ki, illik məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub: ”Göründüyü kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asılılığını gücləndirir. Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var". Deputat dedi ki, bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur: “Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumıniyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə, eləcə də şəffaflığına təsir göstərir”.
Müzakirələrdən sonra məruzə qəbul edildi.
Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamalarını təsdiqlədi. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olundu. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.
Parlament təhlükə potensiallı obyektlərin siyahısının genişləndirilməsi haqda dəyişikliyi də qəbul etdi. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olundu. Dəyişikliyə görə, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək və təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.
Hazırda qüvvədə olan qanuna görə isə, əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklər də müzakirə olundu. Layihəyə əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişəcək. Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək. Qeyd edilib ki, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməmişdir. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.
Plenar iclasda Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsi də müzakirəyə çıxarılaraq qəbul edildi. Bu dəyişikliyə görə, Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.
Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edildi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ