İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi

Baş nazir əhalini narahat edən məsələlərdən danışdı: dərman və ərzağın bahalaşması...

Dekabrın 9-da Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi keçirildi. Baş naziri və hökumət üzvlərinin də iştirak etdiyi iclası açan sədr bildirdi ki, gündəlikdəki 29 məsələdən ilk 16-sı 2023-cü il dövlət büdcəsi haqqında qanun layihələridir. Spiker bildirdi ki, büdcə zərfinə aid olan qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə layihəsi barədə çıxış etdi, komitə və plenar iclaslardakı müzakirələr barədə məlumat verdi. Dedi ki, 2023-cü il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclaslarında 2-ci oxunuşda qəbul edilmiş layihəsinə bir sıra dəyişikliklər edilib və 3-cü oxunuşda qəbul edilmək üçün təqdim olunub: “Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2022-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin strukturunda dəyişikliklər edilərək Naxçıvan MR üzrə DTX-nin Baş idarəsi, 28 noyabr 2022-ci il tarixli Fərmanına uyğun olaraq isə Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Yeni yaradılmış Baş İdarələrin maliyyələşdirilməsi isə Muxtar Respublikanın büdcəsindən deyil, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həyata keçirilməsi zərurəti yaranıb. Eyni zamanda, Muxtar Respublikanın büdcəsinin gəlirlərinin bir hissəsini təmin edən 53 278 min manat həcmində gömrük daxilmalarının dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, həmçinin, yeni yaradılmış DTX-nin Baş İdarəsinin saxlanılması üçün tələb olunan 11.1 milyon manat, Naxçıvan Baş Gömrük İdarəsinin saxlanılması üçün tələb olunan 20.1 milyon manat,  ”Avtomobil Yolları" məqsədli büdcə fondunun xərclərinə 0.5 milyon manat vəsaitin muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq dövlət büdcəsinin xərclərində planlaşdırılması zərurəti yaranıb. Eyni zamanda Milli Məclisdə aparılan müzakirələr zamanı dövlət büdcəsinin bəzi maddələrində də ümumi məbləğə təsir etməyən düzəlişlər yeni layihədə öz əksini tapıb. Beləliklə, 2023-cü il Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərclərində edilən dəyişikliklrə müvafiq olaraq  Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 614.7 milyon manat təşkil edir. Muxtar respublikanın gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyasnın yuxarı həddi 482.4 milyon manat səviyyəsində müəyyən edilir. Qeyd edim ki, dotasiyanın yuxarı həddinin müəyyən edilməsi praktikası DNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertdə də istifadə edilir. Bu praktika gələcəkdə büdcə gəlirlərinin artması fonunda transferin məbləğinin tənzimlənməsi imkanı yaradır".

Bundan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat məbləğində nəzərdə tutulur. Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat təsdiq ediləcək. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğində nəzərdə tutulur.

İclasda  “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildi. Layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6 milyard 263 milyon 970 min manat məbləğində nəzərdə tutulub. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

İclasda Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu. Layihəyə əsasən, azad edilən ərazilərdə istehsal üçün lazım olan xammal və materialın idxalı 10 il ƏDV-dən azad ediləcək. Dəyişikliyə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad olunur.

Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq. Dəyişikliyə görə, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq son oxunuşda qəbul edildi.

“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirə olundu və qəbul edildi. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, ilk dəfə olaraq ehtiyac meyarı və yaşayış minimumunun həcmi bərabərləşib.

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edərkən hökumət üzvlərinə təşəkkürünü bildirdi. Dedi ki, Xəzər dənizinin suyunun Kürə axması səbəbindən Neftçalada içməli su çatışmırdı. İki il əvvəl bu məsələ qaldırıldı, çox qısa müddətdə problem həllini tapdı. Eyni zamanda, sakinlərin təklifi ilə  Xəzər suyunun Kürə qarışmaması üçün Xəzərlə Kür arasında bənd çəkilib: “Yol çəkilişi və digər sahələrdə mənim seçildiyim rayonda xeyli işlər görülür. Mən arzu edirəm ki, bu işlər dayanmasın. Məsələn, yanından qan qaz kəməri keçir, amma kəndin qazı yoxdur”.

2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihələrinin müzakirəsindən və üçüncü oxunuşda qəbulundan sonra Baş nazir Əli Əsədov parlament tribunasından çıxış etdi. Hökumət başçısı əvvəlcə müzakirələr zamanı faydalı təkliflər irəli sürən deputatlara, həmçinin büdcə zərfinin hərtərəfli müzakirəsini təşkil etdiyinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür etdi. Baş nazir dedi ki, hamımız fəxrlə və qüruru hissi ilə iki il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini deyirik. Hökumət başçısı azad olunmuş ərazilərin yenidən qurulması ilə əlaqədar dövlət proqramının qəbul olunmasını mühüm hadisə olaraq dəyiərləndirdi.

Baş nazir bir sıra deputatların ərzaq və dərman qiymətlərindəki artımdan danışdığına reaksiya verdi. Bildirdi ki, qlobal məkanda yaşanan çətinliklər, dünya iqtisadiyyatını tənəzzüllə üz-üzə qoyub. Həmçinin Rusiya-Ukrayna müharibəsinin ortaya çıxartdığı çətinliklrədən bəhs etdi. “Bu aydındır ki, dünya heç vaxt fevraldan əvvəlki vəziyyətdə olmayacaq” - Baş nazir əlavə etdi.

Hökumət başçısı dedi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Bildirdi ki, inflyasiya əsasən, ərzağın bahalaşması hesabına formalaşıb, bu da orta hesabla 60 faizdir.

Bununla yanaşı, Ə.Əsədov dedi ki, ərzaq məhsulları ilə bağlı heç bir çətinlik olmayıb və olamayacaq. “90 günlük mal ehtiyatları yaradılmışdır. Əsas məqsədimiz əhalini zəruri ərzaq məhsulları ilə fasiləsiz təmin etməkdir”. “Dünya ərzaq bazarlarındakı qlobal vəziyyət Azərbaycanda da ərzaq idxalından asılılığın azaldılmasını gündəmə gətirir. Ölkədə satılan un və un məlumatlarının qiymət artımının qarşısını almaq üçün işlər görülür. Bununla bağlı sahibkarlara güzəştli şərtlərlə kreditlər, subsidiyalar tətbiq olunur. Bu sırada Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas istiqamətlərdən biridir. Ona görə də bu sahəyə diqqət yüksəkdir”, - baş nazir daha sonra bildirdi.

Hökumət başçısı dərman vasitələrinin çatışmazlığı və bahalığı ilə əlaqədar şikayətlərə toxunarkən qeyd etdi ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vahid qurum tərəfindən həyata keçirilir. Bildirdi ki, 13493 adda dərman vasitələrinin qiyməti müəyyənləşib. “Son qiymət artımı ancaq 277 dərman vasitəsinə şamil olunub, bu da ümumi dərman vasitələrinin cəmi 2 faizidir”, - Ə.Əsədov vurğuladı. Qeyd etdi ki, qiyməti artan dərman vasitələrinin 47 faizi Rusiya və Ukraynada istehsal olunur. Hökumətin dərman çatışmazlığı ilə bağlı məsələləri nəzarətə götürdüyünü bildirdi.

Baş nazir onu da dedi ki, fiziki şəxslər ölkəyə şəxsi istifadə üçün zəruri olan miqdarda dərman gətirə bilərlər. Onun sözlərinə görə, zəruri istifadənin miqdarının müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, TƏBİB-ə müvafiq tapşırıq verilib. O, Milli Məclisin Səhiyyə komitəsinin də bu prosesdə iştirakı etməsi və faydalı təkliflərini irəli sürməsini təklif etdi. Bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatının güclənməsinə təkan verəcək: “Regionun iqtisdiyyatının inkişafı üçün genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur regionunun sürətlə dirçəlməsinə səbəb olacaq. Dövlətimizin qarşısında duran digər ən vacib vəzifə ölkənin müdafiə qüvvəsinin gücləndirilməsidir”. Hökumət başçısı dedi ki, ordumuzun müasir silah-sursatlarla təmin edilməsi, əsgərlərimizin sosial rifahının gücləndirilməsi bizim üçün əsas qayədir: “Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait hər zaman bizim üçün öncəlik olacaq”.

İclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi. Bildirildi ki, layihədə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Deputat Qüdrət Həsənquliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı söz alaraq, vacib bir məsələni həmkarlarının diqqətinə çatdırmaq istədiyini bildirdi. Bildirdi ki, bununla həmkarlarının bütün narahatlıqlarını bölüşür: “Biz son zamanlar müşahidə edirik ki, qanunvericilik təşəbbüsü subyektindən - hazırda da bu işi əsasən Prezident Administrasiyası görür - gələn qanunların çoxunda əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar daxil olur. Hər kəs kiçik araşdırma aparsa, görər ki, məsələn, cəzaları sərtləşdiririk, bəzən əsaslandırmadan niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım varmı? Yəni bu nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verirlər ki, özü öz xidmətlərinə görə, vətəndaşdan rüsum tələb eləsin. İndi də bu növbəti məhdudiyyətdir”.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Deputat Elnur Allahverdiyev dedi ki, layiphə qanunun 25-ci maddəsində dəyişikliyi nəzərdə tutur: “Belə ki, layihədə təqdim olunan dəyişikliyə əsasən, mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsasları müəyyən edilir. Qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir. Qeyd etmək istəyirəm ki, IMEI nömrə mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən 15 rəqəmdən ibarət nömrədir, IMEI nömrə GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. Məlumat üçün deyim ki, Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi 2013-cü il mayın 1-dən fəaliyyət göstərir. Həmin tarixdən etibarən ölkə ərazisinə vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək tələb olunur. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir”.

E.Allahverdiyev qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə inzibati məsuliyyət və cərimələr nəzərdə tutulur.

Deputatlar qanun layihələri ilə bağlı fikirlərini bildirdikdən sonra layihələr ilk oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR