İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Kitabxanada “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub

Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin və özbək ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Abdulla Qodirinin (1894-1938) “Ötən günlər” romanının Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimatı olub.

Mədəniyyət Nazirliyindən Musavat.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, hər iki ölkənin tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər.

Qonaqları kitabxananın foyesində Özbəkistanın milli folklor ansamblı öz ifaları ilə salamlayıb. Əvvəlcə qonaqlar "Özbək ədəbiyyatı guşəsi” ilə tanış olublar.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən tədbirlərdən danışıb. O, kitabxananın fondunda mövcud olan qardaş ölkənin ədəbiyyatı və burada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə ətraflı məlumat verib.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərindən söz açıb. Həmçinin iki ölkənin ədəbi əlaqələrinin qədim kökləri olduğunu diqqətə çatdırıb.

Tədbirdə görkəmli Özbəkistan nasiri Abdulla Qodirinin Azərbaycan dilinə tərcümə olunmuş “Ötən günlər” əsəri haqqında məlumat verilib. Romanın ideya-bədii məziyyətlərindən bəhs olunub.

Avqustun 4-dək davam edəcək Özbəkistan mədəniyyətinin zəngin proqramı var. Mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramları, tamaşa nümayişləri və s. tədbirlər keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR