Onlayn ictimai-siyasi qəzet
Milli birlik, həmrəylik hər bir xalqın arzu-istəklərini ən yüksək səviyyədə toparlayaraq gerçəkləşdirir, onun güc və qüdrətini daha da artırır. Tarixin bütün dövrlərində bu mənəvi qüvvənin qarşısında heç bir basqı və təhdid dayana bilməyib. Ölkələr, xalqlar birlik və həmrəyliklə ən çətin maneələri aşıblar, milli varlıqlarını təsdiq ediblər. Parçalanma, daxili qarşıdurma, kortəbilik isə cəmiyyətlərə uğursuzluq, milli faciələr yaşadıb.
Ötən əsrin sonlarında imperiyadan qoparaq dövlət müstəqilliyini elan etmiş Azərbaycan məhəlli maraqlar, xaos və qarşıdurmalar zəminində bir çox faciələr yaşadı. Qətliamlar, ərazi itkisi, məcburi köçkünlük lidersiz, pərən-pərən düşmüş xalqımızın utancverici qisməti oldu. Bütün bunlarla yanaşı, ölkə vətəndaş müharibəsinin bir addımlığında tarixinin ən mürəkkəb dövrünə qədəm qoymuşdu. Azərbaycan yıxılırdı! Bu taleyüklü məqamda Tanrının millətimizə misilsiz ərməğanı olan Ümummilli lider Heydər Əliyev xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə gəlməklə təkcə müstəqil Azərbaycanı xilas etmədi, həm də xalqımızı milli birliyə, mənəvi-siyasi həmrəyliyə qovuşdurdu. Ulu öndərin taleyin ümidinə buraxılmış Naxçıvana rəhbərliyi zamanı - 1991-ci il dekabrın 16-da muxtar respublika Ali Məclisinin iclasında onun təşəbbüsü və iradəsi ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə qərar qəbul edilmişdi. Bu tarixi qərarla milli birliyimizin fundamental əsasları yaradılmışdı.
Beləliklə, Ümummilli lider Heydər Əliyev təkcə xilaskar, qurucu lider deyil, həm də birləşdirici sima kimi həmrəyliyimizin baş ideoloqu olmuşdu. Xalq, vətəndaş həmrəyliyinə nail olan Ulu öndər xaricdə yaşayan azərbaycanlıların mənəvi birliyinə çalışmış, onların vahid ideya ətrafında birləşmələrinə geniş yol açmışdı.
Böyük strateq dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamaqla onların azərbaycançılıq ideologiyası əsasında həmrəyliyini təmin etdi.
Prezident Heydər Əliyev xarici ölkələrə səfəri zamanı orada yaşayan soydaşlarımızın qayğıları ilə maraqlanır, onların daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Sonrakı illərdə bu məfkurəvi ənənəni Prezident İlham Əliyev uğurla davam etdirdi. Diaspor siyasəti məqsədə uyğun, çevik və müasir tələblərə cavab verən istiqamətdə aparıldı. Xaricdə yaşayan azərbaycanlılar Vətənlə bağlı proseslərə fəal qoşuldular, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına önəmli dəstək verdilər.
Prezident İlham Əliyevin liderliyi ilə bütün sahələrdə əldə olunmuş uğurlar diaspor fəaliyyətində də özünü aydın göstərməyə başladı. Bu uğurlu siyasət onunla nəticələndi ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor hərəkatı yeni mərhələyə yüksəldi. Bunun ardınca vahid gücə çevrilən diaspor təşkilatlarımız Azərbaycan uğrunda fəal mübarizəyə başlayaraq əməli işlərini fəaliyyətləri ilə nümayiş etdirdilər.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın fəallığı, haqlı mübarizəmizin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi qələbəmizə layiqli töhfə oldu. Bununla yanaşı, milli birliyimizin rəmzinə çevrilmiş “Dəmir yumruq” dünyaya bir daha onu sübut etdi ki, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün milli maraqlar öndədir, heç bir qüvvə, kənar müdaxilələr xalq- lider birliyinə xələl gətirə bilməz. Sarsılmaz olan bu birliyin mayası halallıqdan, sevgidən yoğrulub.
Xalq- lider vəhdəti, Ali Baş Komandan qətiyyəti Azərbaycana heç vaxt unudulmayacaq zəfər gətirdi. Prezident İlham Əliyev əbəs yerə biz birlikdə güclüyük demirdi. Təkcə koronovirus pandemiyasında deyil, Vətən müharibəsində belə, birlikdə savaşdan ləyaqətli şəkildə qalib ayrıldıq.
Həmrəyliyimizin tam bərqərar olunması üçün 2001-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayı illər sonra Şuşada Zəfər Qurultayı kimi coşqu ilə davam etdi. Qalib xalqın qalib lideri Şuşada - mədəniyyət paytaxtımızda Qarabağ zəfərinin sevincini bu dəfə Ulu öndərin gərgin zəhməti ilə təşkilarlanmış diaspor nümayəndələrimizlə yaşadı. Şübhəsiz ki, bu tarixi hadisə xalq olaraq birliyimizin bizə yaşatdığı unudulmaz qələbənin xoşbəxtliyi oldu. Biz yalnız birlikdə güclüyük, birlikdə qüdrətliyik. Biz həmrəy olanda heç bir qüvvə bizə üstün gələ bilməz. Zaman-zaman bölündük, parçalandıq, bir ola bilməməyimiz bizə faciələr yaşatdı. Mərhum şairimiz Söhrab Tahir “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha” deməklə necə də haqlı imiş. Çünki birliyimiz nicatımızdır. Bu gün dünyanın dörd bir yerində yaşayan soydaşlarımız ana yurdu, ata ocağı olan müstəqil Azərbaycanla öyünməyə tam haqlıdırlar. Qüdrətli liderimiz, qalib xalqımız və ərazi bütövlüyü tam təmin olunmuş xoşbəxt ölkəmiz hamımızı qürurlandırır. Biz birləşəndə, həmfikir olanda daha böyük, məğlubedilməz oluruq, böyüklük qismətimiz, qalibiyyət isə Prezident İlham Əliyevlə xalqımızın alın yazısıdır!
Bayramımız, birliyimiz mübarək, əziz həmvətənlər!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ