İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarovun o qərarı: xaricdən ölkəyə pul axacaq...

Ekspert: “Bu, ölkələrin vergi orqanları arasında əməkdaşlığı gücləndirəcək və...”

Xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinə Azərbaycanda və ya Azərbaycan nümayəndələrilə həmin ölkədə fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak etmək hüququ verilib.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirliyin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara görə Azərbaycanın vergi orqanının rəhbəri (müavini) xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinin səyyar vergi yoxlamalarında iştirak etməsi üçün qərar qəbul etməli, onların iştirakının əsasları göstərilməli, həmçinin xarici ölkənin orqanının və nümayəndələrinin adları göstərilməlidir.

Bundan başqa, qərara əlavə edilmiş yeni bəndə əsasən, səyyar vergi yoxlamasını keçirən yoxlayıcılara əmtəəsiz və riskli əməliyyatlar aparması aşkar edilən şəxsə riskli vergi ödəyicisi olması barədə qərar çıxarılması üçün tədbirlər görmək hüququ verilir.

Həmçinin mədən vergisinin yoxlanılması zamanı yerin təkindən çıxarılmış faydalı qazıntılar barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təqdim edilmiş hesabatların mədən vergisi bəyannamələri ilə uyğunluğu yoxlanılacaq.

İqtisadçı-ekspert, təhlilçi Rəşad Həsənov “Amerikanın səsi” radiosuna bildirib ki, bənzər təcrübə əksər ölkələrdə tətbiq edilir: “Məqsəd tərəflər arasında potensial mübahisəli halların, o cümlədən subyektiv və qərəzli yanaşmaların qarşısının alınması, vergi ödəyicisinə münasibətdə ədalətli qərarın qəbul edilməsi və prosesdə şəffaflığın təmin edilməsidir”.

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçıya görə, Azərbaycanda müvafiq təcrübənin tətbiqi daha əhəmiyyətlidir: “Mürəkkəb vergi qanunvericiliyi, subyektivlik institutunun mövcudluğu, qeyri-peşəkarlıq, sərmayə reputasiyasının zəifliyi kimi məqamlar yerli orqanların qəbul etdiyi qərarların legitimliyi və ədalətliliyi ilə əlaqədar hər zaman müəyyən şübhələrə yol aça bilər. Birgə iştirakçılıq bu problemin təsirlərinin zəiflədilməsinə xidmət edə bilməklə yanaşı, vergi rejimlərini tənzimləyən ikitərəfli sazişlərin tətbiqinə nəzarətin səmərəli tətbiqi, ikiqat vergitutma hallarının önlənməsi kimi istiqamətlərdə əlverişli imkan yaradır”.

R.Həsənov deyir ki, yeni sənəd Azərbaycanın vergi orqanlarının da yerli rezidentlərin xarici ölkələrdə fəaliyyətinə nəzarət imkanını təmin edir.

Digər ekspertlər hesab edir ki, baş verənlər fonunda Azərbaycanda xarici investisiyaların həcminin daha sürətlə artmasını gözləmək olar.

Qeyd edək ki, neçə illərdi Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların azalması prosesi gedir. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikadan aydın olur ki, bu ilin birinci rübündə ölkəyə birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 milyon dollar təşkil edib.

Rüb ərzində ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.7 milyard dollarlıq mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.5 faiz təşkil edib. 2023-cü ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-935.7 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 milyard 163.9 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (2 milyard 99.6 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54 faiz azalaraq 337.5 milyon dollar olub.

Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.3 dəfə artaraq 1.8 milyard dollar təşkil etmişdi. Bu isə ötən illə müqayisədə qeyri-neft-qaz sektoruna xarici birbaşa investisiyaların ötən illə müqayisədə 5 dəfədən çox azalması deməkdir.

Bu vəziyyətdə hökumətin investisiya cəlbi imkanlarını artırmaq cəhdləri diqqəti cəlb edir. Belə ki, ölkənin investisiya ehtiyacları sürətlə artır. İşğaldan azad olunan ərazilərdəki bərpa işləri çox böyük investisiya qoyuluşu tələb edir. Prezident İlham Əliyev artıq bu barədə bir neçə dəfə danışaraq Azərbaycanın borclanmanı artıracağının anonsunu da edib. Avqustun əvvəlində Prezidentin sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda edilən dəyişiklik bundan xəbər verir. Sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi. Ekspertlər bu addımı xarici maliyyə qurumlarından borclanmanın artırılması üçün hüquqi bazanın yaradılması kimi qiymətləndirirlər.

Aydın məsələdir ki, yalnız borclanma ilə ərazilərin sürətli bərpasını təmin etmək mümkün deyil. Böyük maliyyə ehtiyatlarına malik fondları, investorları ərazilərin bərpasına cəlb etmək son dərəcə vacibdir. Azərbaycan hökuməti bu istiqamətdə bir sıra addımlar atıb. Bu ilin yanvarından etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib. Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara kommunal ödənişlərdə də güzəştlər tətbiq olunur. Nazirlərin Kabinetinin müvafiq qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.

Hələlik bu tədbirlərin real nəticələri görünmür: ərazilərin bərpasına xərclənən milyardlarla manatın demək olar ki, tamamı, Azərbaycan büdcəsindən ayrılan vəsaitlərdir.

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni  intellektli məhkəmə “error” verəcək” - pia.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, M.Cabbarovun imzaladığı qərar Azərbaycanın xarici ölkələrin vergi orqanları ilə vergidənyayınmalara qarşı mübarizə sahəsində əməkdaşlığının güclənməsinə xidmət edir: “Bu, bir tərəfdən xarici şirkətlərin Azərbaycan vergi orqanları ilə yarana biləcək mübahisələrinin həllində öz vergi orqanı nümayəndələrinin iştirakını təmin edir. Yəni Azərbaycanda çalışan xarici sərmayədar öz dövlətinin hüquqi dəstəyini ala bilir. Azərbaycan üçün də bu qərar imkan verir ki, burada çalışaraq vergi qanunvericiliyini pozan şirkətin işi onun qeydiyyata alındığı ölkənin nümayəndəsinin iştirakı ilə araşdırılsın və hər hansı iddialara əsas qalmasın. Digər tərəfdən, Azərbaycan vergi orqanı xarici ölkələrdə Azərbaycan investorunun yerli vergi orqanı ilə yarana biləcək probleminin araşdırılmasında iştirak hüququ qazanır. Bu da xarici ölkələrdə işləyən Azərbaycan sahibkarları üçün hüquqi dəstək təminatı deməkdir”.

Hüquqşünasa görə, qərarın daha bir əhəmiyyəti vergidənyayınma hallarının aradan qaldırılması ilə bağlıdır: “Bir çox hallarda xarici ölkələrdə işləyən şirkətlər oradakı gəlirlərini öz ölkələrində tam açıqlamaqda maraqlı olmurlar. Bu, əlbəttə, vergidənyayınma məqsədi daşıyır. Bundan sonra Azərbaycanda çalışan xarici şirkətlər üçün bu, çox çətin olacaq. Azərbaycandan xaricə sərmayə yatıranlar üçün də qərar eyni rol oynayacaq”.

Ə.Həsənovun sözlərinə görə, ölkə iqtisadiyyatına çox ehtiyac duyduğu sərmayələri cəlb etmək üçün çox ciddi hüquqi islahatlar həyata keçirilməlidir: “2000-ci illərin əvvəllərində Azərbaycanda investisiya yatırımları üzrə gəlirlilik çox yüksək idi. Ona görə də xarici investorlar təhlükəsizlik məsələlərini önə çəkmədən gəlib bura investisiya qoyurdular. İndi elə gəlirlilik yoxdur deyə təhlükəsizlik məsələsi önə çıxır. Yəni investor bura yatıracağı vəsiati itirməyəcəyinə tam əmin olmalıdır. Bu əminliyi də ona mülkiyyət hüququna tam təminat verən hüquqi baza və azad məhkəmə sistemi verə bilər. Təəssüf ki, Azərbaycanda bu iki təminatın olmaması yalnız xarici sərmayədarların deyil, yerli sahibkarların da iqtisadiyyata sərmayə yatırmasının qarşını alır. Təsəvvür edin ki, xarici sahibkar, şirkət burda hansısa bankda hesab açıb iş görür, bank bağlanır və hesabındakı pulları batır. Azərbaycanda bağlanan banklarla bağlı prosedurlar o qədər baş-ayaqdır ki, fiziki və hüquqi şəxslərin cari hesablarında qalan pullar əksər hallarda batır. Bu şəraitdə kim gəlib burda iş görmək istəyər”?

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR