İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyvənin mövsümü, qiymətin “alovu”: kilosu 60 manata alça - REPORTAJ

Novruz bayramı sona çatsa da, qiymət artımı davam edir.

Paytaxtda yerləşən bazarlarda aparılan müşahidələrə əsasən deyə bilərik ki, meyvə və tərəvəzlərin qiymətlərində nəzərəçarpacaq artım var.

"8-ci km" bazarında qiymətlərlə maraqlandığımız zaman bəlli oldu ki, tərəvəzlərdən ən çox bahalaşan kartof və soğandır. Belə ki, soğanı 1 manat 20 qəpiyə, kartofu isə 1 manat 50 qəpiyə almaq olar.

Xüsusilə də mövsümi meyvələr bu günlərdə alıcının cibinə ağır gəlir. Satışa yeni çıxarılan çiyələk və alçanın qiymətləri diqqət çəkir.

CİYEL.jpeg (98 KB)

Bazarlarda çiyələk 4 -5 manata, alçanın 6 ədədi isə bir qaba yığılaraq 6 manata təklif olunur.

Satıcılar qiymət artımını məhsulun bol olmaması ilə əlaqələndirirlər:

“Çiyələyin mövsümüdür. Yerində də bahadır, almaq çətindir. Hələlik aldığımız qiymətə satırıq. Cəlilabaddan gətiririk. Yerində 4 manatdır, qalıb batmasın deyə aldığımız qiymətə satırıq. Alıcıları da qınamırıq, işsizlikdir. Buna görə də alıcılar zəifdir. Kilosu 5 manata olan meyvəni kim alsın. 10-15 gün sonra qiymət stabilləşsə, normal alış-veriş olar. Fikrimcə, yaya doğru qiymətlər düşəcək”.

Alıcıların fikirləri birmənalı deyil. 65 yaşlı alıcı Rəna xanım deyir:

“Meyvə almaq istədim, amma qiymətlər od tutub yanır. Çiyələk, alça bu qədər baha olmaz axı!”

“Mövsümün əvvəlidir, bu da normaldır. Yay yaxınlaşdıqca ucuzlaşacaq”, - satıcılardan biri bildirir.

CİYEL SON.jpeg (159 KB)

Digər satıcı isə əlavə edir:

“Apelsini 2 manat 30 qəpiyə satırıq. Mandarini isə 3 manat 50 qəpiyə verirəm. Təzə meyvələrin qiyməti bazarla ayaqlaşır. Elə güclü artım yoxdur. Yollar bağlı olduğuna görə mal gəlmirdi, ona görə artım var idi. Yerli meyvələrdən almanın, armudun qiyməti isə normaldır.

Qiymətlər mövsümündə bolluq olacağı üçün düşəcək. İndi isə keçid dövrüdür, hələ qiymətlər tənzimlənməyib. Məhsul çoxalanda avtomatik qiymət də düşəcək. İyuna kimi gözləmək lazımdır”.

PORTA.jpeg (100 KB)

Satıcılardan biri isə deyir ki, çiyələk yerində 3 manat 50 qəpiyə satılır. Onlar da alıb 4 manata satırlar:

“Alçanın kilosu 80 manatdır. 100 qramlıq qaba yığılanda 7-8 manata satılır. Bazar çox zəifdir. Alıcılıq yoxdur. Bu gün cəmi iki kilo çiyələk satmışam. Bu, parnik məhsuludur. Qiymətlər aşağı düşəcək havalar isindikcə. Bayramdan sonra pomidor, xiyar da qalxmışdı. Yavaş-yavaş düşür. Narın mövsümü bitdiyinə görə 4 manata satırıq. İnsanlar daha çox tələbat mallarını almağa çalışırlar”.

Bazarda ümumi ab-hava qarışıqdır - hər kəs baharın ortalarında qiymətlərin sabitləşəcəyinə ümid edir.

Alıcılardan kimi qiymətlərin əl yandırdığını, kimi isə artıq öyrəşdiyini, onun büdcəsinə uyğun gəldiyini deyir.

“Bazarda ucuz nə var ki... Kartof ucuzlaşmaqdan daha da bahalaşdı. Mövsümi meyvələri hələ dadmamışıq, bahadır”, - alıcılardan biri bildirir.

Digər alıcı da narazıdır: “Meyvə ala bilmirəm. Ancaq göyərti alıram. 30 qəpiyə aldığım limon 60 qəpiyə qalxıb. Qiymətlər bayramdan öncə qalxmışdı”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR