İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro “tıxaca” düşəndə...

Ekspert deyir ki, yeni stansiyaların açılması illərlə çəkir, metro inkişaf etmir, əksinə, dövlət büdcəsinə ziyan vurur

Yağıntılı hava Bakıda yenə də nəqliyyatı iflic etdi. Şəxsi avtomobili olanlar saatlarla yolda qaldılar. İctimai nəqliyyatdan istifadə edənlərin isə yağışın altında uzun növbələri yarandı. Görünən odur ki, avtobuslar üçün ayrıca zolağın salınması da Bakı sakinlərinin rahat hərəkəti üçün çıxış yolu deyilmiş.

Bakı Metropolitenində də problem olub. Belə ki, sentyabrın 6-da “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər “Nizami” stansiyasında düşürülüb. Bildirilib ki, texniki baxış üçün qatar depoya göndərilib. Əvəzində ehtiyat qatar xəttə verilib.

Qeyd edək ki, Bakı metrosunda qatarlarda tez-tez nasazlıq yaranır, nəticədə qatarlar gecikir, bu da sıxlığa səbəb olur. Qurumun bütün açıqlamalarında deyilir ki, xəttə çıxmazdan öncə qatarlar texniki baxışdan keçirilir. Amma nədənsə son zamanlar demək olar hər gün hansısa qatarda nasazlıq aşkar edilir və sərnişinlər düşürülür. Nəticədə növbəti qatar gəlincə həm qrafik pozulur, həm də gecikmələr olur. Bakı Metropolitenindən bildirirlər ki,  sərnişindaşıma ilə bağlı hər hansı çətinlik yoxdur və bu il üçün metropolitenin vaqon parkı hərəkətin tənzimlənməsi üçün kifayət qədərdir. Qarşıdan yeni dərs ili gəlir və bu o deməkdir ki, metronun yükü artacaq. Bəzi ekspertlərə görə, paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır. Belə olduğu halda, Bakının tıxac problemini həll etmək mümkünsüz olur.

5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunur!- Ekspert: “Şirkətlər  BNA-nın əlində “əsir” olublar”

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, metro inkişaf edə bilmir: “Bir stansiyanın tikintisinə illərlə vaxt sərf olunur. Sonra da məlum olur ki, sovet dövründən qalma tikintini davam etdiriblər.  İctimai nəqliyyatın inkişafı dedikdə əsas diqqət metroya yönəlir, çünki tikinti maqnatları yerin üstündə yer qoymayıblar.  Avtobuslar belə normal hərəkət edə bilmir. Tramvayları bərpa etmək istəsək, əziyyət çəkəcəyik, infrastruktur yetərli deyil. İstənilən halda, təhlillər aparmaq, çıxış yolu tapmaq lazımdır. Hazırda ən əlverişli ictimai nəqliyyat növü metrodur. Dünya təcrübəsinə baxsaq, elə kiçik dövlətlər var ki, ildə iki stansiya tikirlər. Ortaya praqmatik yanaşma qoyulur, plan hazırlanır. Bizdə isə metronun inkişaf planı yoxdur. Tağı Əhmədov yedi, dağıtdı. Onun vaxtında xarici mütəxəssislərə plan çəkdirmişdilər, sonrası naməlumdur. Yeni qatar adı ilə köhnə qatarlar alındı. İndi əziyyətini biz çəkirik. Məndə olan məlumata görə, "İçərişəhər" stansiyasından 20-ci sahəyə xətt çəkilməlidir, amma göründüyü kimi, çəkilmir. Hər gün Dövlət Bayrağı Meydanından “Azneft” meydanına qədər dəhşətli tıxac olur. Bayıl, 20-ci sahə, Qaradağ sakinləri nə vaxta qədər əziyyət çəkəcəklər? Metro ən azı 50 illik plan üzrə işləməlidir. Plan yoxdur. Metro inkişaf etmir, əksinə, dövlət büdcəsinə ziyan vurur. Düşünürəm ki, metronu özəlləşdirmək lazımdır. Bu vəziyyətdə inkişafdan danışmağa dəyməz".

Şimal-Cənub

Rauf Ağamirzəyev

Nəqliyyat eksperti Rauf Ağamirzəyev nəqliyyat sektorunda yükü azaltmaq üçün tramvay xətlərinin bərpa olunmasını təklif edir: “Tramvay yüngül relsli dəmiryol sistemidir. Bu, həm yükgötürmə baxımından, həm də sonradan şəhərətrafı elektrik qatarı ilə transformasiya baxımından qiymətləndirilə bilər. Məsələn, İstanbul böyük şəhər olduğu üçün tramvay xətləri kifayət etmir. Lakin Bakı üçün kifayət edəcək qədər tramvay xətləri var idi. 2014-cü ildə çeşidli ictimai nəqliyyatın ləğv edilməsi heç düzgün qərar deyildi. Biz bu gün həmin qərarın çətinliklərini yaşayırıq.  Tramvayı, trolleybusu, şəhərətrafı elektrik qatarlarını ləğv etdilər. Bunlar hamısı bərpa olunmalı və bir-biri ilə keçidlərlə təmin edilməlidir. Çox adam küçələrin dar olmasını arqument gətirərək, tramvay xəttinin münasib olmadığını irəli sürür. Lakin İstanbulda Topqapı sarayının, Aya Sofyanın, Sultan Əhməd məscidinin ətrafı dar küçələrdir və orada çox rahat şəkildə tramvay hərəkət edə bilir. Bizim küçələr İstanbulun küçələri kimi dar deyil. Üstəlik, bizdə əvvəl bu nəqliyyat vasitəsi olub və yenidən yaratmaq deyil, bərpa etmək lazımdır. Mətbuat və aidiyyəti qurumlar bu məsələni gündəmdə saxlasalar, çox yaxşı olar”.

Ekspertin fikrincə, vahid nəqliyyat kartları hazırlanmalıdır: “Müasir dövrdə nağdsız ödəniş sistemləri tətbiq edilir. Bu halda kart sistemi geniş qiymətləndirilməlidir. Vahid bir kart formalaşdırılmalıdır ki, bütün nəqliyyat vasitələrində istifadə edilə bilsin. Ola bilər ki, kartlar günlük, həftəlik, aylıq paketlər olsun ki, sərnişinlər nəqliyyatdan istifadə tezliyinə uyğun olaraq həmin paketlərdən istifadə etsinlər. Bu, pul ekvivalenti baxımından da çox uyğun olacaq. Bu məsələ öz həllini tapsa, paytaxtda hər kəsi yoran parkinq problemi də aradan qalxacaq”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanov da mətbuata açıqlamalarından birində məsələnin gündəmdə olduğunu bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi: “Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR