Onlayn ictimai-siyasi qəzet
İranda türk prezident seçilib, zəhmətkeşlərimiz bundan çox şad olmuşdur. Deyirlər soydaşımızdır. Ancaq qəribədir ki, bunu deyənlərin çoxu şimal tərəfdə heç özünü “türk” adlandıra bilmir. Adlandıranda da pis baxırlar, guya beləsi separatçılıq olur. Nəticədə biz hamımız bu saat uydurma millət – “azərbaycanlı” olmuşuq.
Siyasi baxımdan bəlkə belə yaxşıdır. Təki camaatın günü xoş keçsin. Ancaq indi İranda qalib qələn Məsud ağa kim olur? Azərbaycanlı, yoxsa türk? Şəxsən mənə aydın deyildir.
Hərçənd, guya aydın olsa nəsə dəyişəcəkmi? Məsud ağanı islahatçı adlandırırlar, ümid edək bu işdən həqiqətən nəsə çıxacaq. Çünki İran bizim ən böyük qonşularımızdandır, orda işlər əmin-amanlıq olsa, bizə də xeyirdir. Həmişə qonum-qonşunun yaxşılığını istəməliyik.
Türkün İranda prezident olmağına dönsək, prinsipcə, İranın ən yaxşı vaxtlarında, ən tərəqqi edən dövrlərində başında həmişə türklər olubdur.
“İranın” yazdım, əslində bu da tarixi termin baxımından düzgün deyil, “indiki İran ərazisində olmuş dövlətlərin” yazmaq daha dəqiqdir. Elə indiki İranın dini lideri, əsl “prezidenti” Seyid Əli Xameneyi türk sayılır. 1981-89-cu illərdə İranın prezidenti işləyib, 1989-da islam inqilabının banisi Xomeyni öləndən sonra isə onun yerinə keçib dini lider olub. 35 ildir İranın de-fakto müdiridir. Ölkədə icra, qanunverici, məhkəmə orqanları – dövlət aparatının hər üç qolu, o cümlədən ordu, kütləvi informasiya vasitələri hamısı dini lider Xamenei müəllimə tabedir.
İranda Xameneinin icazəsi olmasa ağcaqanad da vızıldamır. Di gəl bu yoldaş İran türklərinin hansısa yaralı barmağına dərman edibmi? No komment.
Xameneyi-nin bioqrafiyasından bir fakt da oxucular üçün bəlkə maraqlı olar, hərçənd bilmirəm niyə: ünlü Güney Azərbaycan inqilabçısı və azadlıq mücahidi Şeyx Məhəmməd Xiyabaninin arvadı Xameneyinin dost-doğma bibisi olmuşdur. (Xiyabani də Xamnə şəhərindəndir, Xameneyi soyadı bunu ifadə edir).
Amma kaş mən bu dəfə səhv edim, Məsud müəllimin prezidentliyi dövründə İranın bütün xalqları, o cümlədən türklər asudəliyə, azadlığa qovuşsun, bütün qonşuları ilə sülh şəraitində yaşasın.
Bölgədə belə siyasətin tarixi əsasları həmişə olubdur. Bizim ulu babamız Atropat əvvəlcə qoşunu yığıb Əhəməni çarı Dara-ya qoşulubmuş, yunan-makedoniya ordularına qarşı savaşırmış. Sonra Dara uduzur, aradan cırır, Atropat dərhal qılınc-qalxanı götürür, keçir qarşı tərəfə, olur bu dəfə Makedoniyalı İsgəndərin sərkərdəsi. Əməllicə balans siyasəti yürüdürmüş. Nəticədə İsgəndərin gözünün işığı olubmuş. Atropatena xalqı isə bu uzaqgörən siyasət (bir çox mənbələrdə Atropatı elə bu cür də uzaqgörən adlandırırlar) nəticəsində salamat qalıb öz əkin-biçini, heyvandarlığıyla məşğulat edirmiş. Prinsipcə, kəndli üçün fərqi nədir rəhbərlikdə kim oturur? Dara olmasın, İsgəndər olsun.
Mövzu açılmışkən, bizim türklüyə, ana dilimizə münasibətimiz xaricdən də aydın görünür. Bu yaz rus tarixçi Oleq Xlevnyuk və Mançester Universitetinin alimi Yoram Qorlitski-nin həmmüəllifliyi ilə “Katiblər. Stalindən Brejnevə qədər SSRİ-də regional şəbəkə” adlı maraqlı kitabı dərc olunub. Kitabın bir yerində yazır ki, 1955-ci ilin 9 mayında SSRİ Nazirlər Soveti belə qərar verir: müttəfiq respublikalarda yerli, titul xalqın dilinin tədrisi rus məktəbləri üçün məcburi deyil. İzah edim. Tutaq ki, sən Bakıda uşağı rus məktəbinə qoymusan. Bax, orada Azərbaycan dili əlavə, fakültativ status qazanıbmış. İstəsən dərsdən sonra qal, öyrən, istəməsən öyrənmə. Qısa müddət keçəndə SSRİ NS peşman olur: azərbaycanlılar hamısı uşaqlarını az qala elliklə rus məktəbinə yazdırırmış. “Azərbaycan dili nəyimizə lazımdır, qoy uşaq rusca oxuyub vəzifə qazansın” məntiqiylə. Bu ictimai biabırçılıq, manqurtizm uzun çəkmir, 1956-cı ilin avqustunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Bürosu məcbur olur yeni, Mərkəzin qərarına zidd qərar versin. Həmin qərarla Azərbaycan dilinin tədrisi ərazimizdəki bütün məktəblər (rus, erməni və sairə - fərq etmədən) üçün məcburi olur. Həmçinin, bir həftə sonra Azərbaycan SSR konstitusiyasına Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması yazılır!
Sözü ona gətirirəm ki, bizim millətsevərliyimiz, öz dilimizə sevgimiz üçün bəzən yuxarıdan qərar olmalıdır. Məsud müəllimdən belə qərarlar gözləyirik. Məsud yaşar, inşallah.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ