Onlayn ictimai-siyasi qəzet
“Şəki Qala” restoranı arxivə qovuşmağın son günlərini gözləyir. Məşhur “Şəki Qala” restoranı yolun genişləndirilməsi səbəbindən plana düşüb və söküləcək. “Yeni Müsavat”ın əməkdaşının verdiyi məlumata görə, hazırda əraziyə texnika gətirilib, hazırlıq işləri aparılır. Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsində yerləşən dairə artıq ləğv edilmək üzrədir. Hazırda bu istiqamətdə işlər aparılır və “Şəki Qala” restoranının sökülməsi də bu işlərin bir tərkib hissəsidir.
Məlumat üçün bildirək ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 144 ünvanında yerləşən “Şəki Qala” restoranı 2005-ci ildən fəaliyyət göstərir. Şərq ab-havası, ləziz milli mətbəxi və füsunkar interyeri ilə seçilən bu məkan həm ailəvi, həm də kollektiv tədbirlərin təşkili üçün əlverişli idi. Burada ad günləri, bayramlar, banketlər və digər tədbirlər təşkil edilirdi. Restoran Bakı sakinləri və qonaqlara uzun illərdir ki, xidmət göstərirdi. Onu da deyək ki, Dərnəgül yolu istiqamətindən Keşlə bazarına doğru gedən yol da genişləndirilir. Keşlə bazarı da sökülməkdədir. Bazarın yaxınlığında olan “Andrikot” və bu kimi digər restoranlar artıq sökülüb. Bütün bu yeniliklər əsasən paytaxt ərazisində tıxacların aradan qaldırılması məqsədi daşıyır.
Məlumat üçün deyək ki, 2024-cü ilin may ayından etibarən Əhməd Rəcəbli küçəsində təmir işlərinin aparıldığı bildirilir. Bakı şəhərində yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən layihələr çərçivəsində Əhməd Rəcəbli küçəsində genişləndirmə və yenidənqurma işləri aparılır. Bu işlər nəticəsində bəzi obyektlərin, o cümlədən “Şəki Qala” və “Xal-xal” restoranlarının söküləcəyi barədə məlumatlar bildirilirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 13 fevral 2025-ci il tarixli açıqlamasına əsasən, yeni tikiləcək yol 2 tərəfli və 6 zolaqlı olacaq. Buna görə də bəzi ərazilərdə genişləndirmə işləri aparılacaq və bəzi iaşə və ticarət obyektlərinin köçürülməsi zərurəti yaranacaq.
Eyni zamanda Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsində yerləşən dairədə (“Şəki Qala” restoranının qarşısında) aparılan yenidənqurma işləri səbəbindən, 17 mart 2025-ci il tarixindən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində dəyişikliklər edilib.
Əhməd Rəcəbli küçəsində aparılan təmir işləri çərçivəsində yol boyu frezlənmə, piyada səkilərinin və yol ayrıcının bərpası, həmçinin yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu tədbirlər vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməyə yönəlib.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı çərçivəsində də şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Bu plan çərçivəsində əsas məqsədlərdən biri yol şəbəkəsinin inkişaf etdirilməsi və genişləndirilməsidir.
Nərimanov rayonu ərazisində yolların yenidən qurulması və təmiri üçün də vəsait ayrılıb. 15 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov rayonundakı yolların əsaslı təmiri üçün 600,000 manat vəsait ayrılıb.
Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral yol tikiləcək. Bu yolun tikintisi ilə şəhərin şimal giriş-çıxış problemi əsaslı şəkildə həll ediləcək. Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi yol olacaq. Bu layihə şəhər daxilində nəqliyyatın yüngülləşdirilməsinə xidmət edəcək.
Bakı Dairəvi Yolu-1 ilə Ziya Bünyadov prospektini birləşdirən dairəvi yol isə şəhər mərkəzinin yüklənməsini azaldacaq. Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti yolunun tikintisi şəhərin cənub-şərq hissəsində nəqliyyatın axışını yaxşılaşdıracaq. Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti yolunun Binəqədi yoluna birləşdirilməsi isə şəhər daxilində nəqliyyat əlaqələrini gücləndirəcək. Bundan əlavə, Baş Planda Xaqani Rüstəmov küçəsi ilə Ağa Nematulla küçəsini birləşdirən yolun tikintisi var. Bu layihə şəhər mərkəzində nəqliyyatın sıxlığını azaltmağa yönəlib.
Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirən yuxarı keçidlərin inşası da yol hərəkətinin təhlükəsizliyini artıracaq.
Məhəmməd Xiyabani küçəsi və xarici dairəvi yolun kəsişməsində tunel tipli yuxarı keçid, dairəvi yol və yeni yan yolun tikintisi isə cənub istiqamətində nəqliyyatın axışını yaxşılaşdıracaq. Bu tədbirlər nəticəsində Bakı şəhərinin yol şəbəkəsinin uzunluğu 2,300 km-dən 2,668 km-ə çatdırılacaq.
Əlavə olaraq, Bakı Bulvarının cənub istiqamətində Bibiheybətə və şərq istiqamətində Zikhə doğru genişləndirilməsi planlaşdırılır. Bu layihə ilə ümumilikdə 258.5 hektar yeni ictimai yaşıllıq sahələri yaradılacaq və Bakı Bulvarının ümumi uzunluğu 25 km-dən çox olacaq.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ