İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur məmurun bacısına 2 milyon “atan” falçı ər-arvad Ali Məhkəməyə müraciət edib – AĞARZAYEVLƏRİN XURAFAT DOSYESİ  

Əmlak Komitəsinin sabiq sədri, hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı 2 milyon manata yaxın dələduzluğun qurbanı olub. Bu qeyri-adi dələduzluq olayı 2020-ci ilə qədər baş versə də, bu gün də Azərbaycan məhkəmələrində iş üzrə çəkişmələr davam edir.

 Musavat.com xəbər verir ki, Reyhan Ağarzayeva Kərəm Həsənovun bacısıdır, Sənan Ağarzayev isə onun həyat yoldaşıdır. Ağarzayevlər fala baxdırmaq üçün 2017-ci ildən 2020-ci ilə qədər Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın evinə gedib-gəliblər. Falçılar Ağarzayevlərin pul-para dərdi çəkmədiklərini görüncə, onların könüllərini xoş edən sözlərlə ələ alıb, qeybdən xəbər gətirdiklərinə inandırıb kahinlik ediblər. Hər dəfə bir küfr deməklə Ağarzayevlərin dərdlərinin dərin olduğunu, çoxlu pul müqabilində düşdükləri, salındıqları cadu-piti burulğanından azad edəcəkləri vədini veriblər. Bu minvalla Ağarzayevlər  falçı ər-arvada külli miqdarda pul aparıb veriblər. Bir də ayılıblar ki, 2 milyon manatdan 2-cə min manat kəm pulu daşıyıb aparıb falçılara yedizdiriblər. Unudublar ki, falçıların yanına getmək müqəddəs Qurani-Kərimlə qadağandır və haramdır. Falçılıq insanların istək, xəyal və batil inanclarından istifadə etməklə asan gəlir əldə etmək yollarındandır. Bəzi insanlar cəmiyyətdə daim asan gəlir yollarını axtarır, bəzi şarlatanlar isə insanları aldatmaq yolu ilə olsa belə batil yollara əl ataraq asan gəlir əldə etmək, kor inadlarına çatmaq istəyirlər. İnsanların savadsızlığı, xurafata meylli olmaları da belə fırıldaqçılara meydan açır, şərait yaradır. Əgər falçılarda qeyri-adi qüvvə olsaydı, onların pula ehtiyacı olmaz və pul qazanmaq üçün insanları aldatmadan asanlıqla pul qazana bilərdilər.  Bu acı həqiqəti pulları başlarından aşan Ağarzayevlər zamanında dərk etməyiblər. Bəlkə də, xurafata meylləri sərhəd tanımayıb deyə falçıların toruna düşüblər.

Onların şikayətləri üzrə 201900094 saylı cinayət dosyesi açılıb, həmin dosyedə toplanan ifadələrdə Ağarzayevlərin 2 milyon manata yaxın vəsaiti falçılara vermələrinin təfərrüatları yer alır.

31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş Şəfəq Müslüm qızı İsmiyeva barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli-miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb. O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb. Şəfəq İsmiyeva ona müraciət edən Reyhan Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib. Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi xüsusilə külli-miqdarda pulunu ələ keçirib.

Falçı “Maya” 2 il ərzində Kərəm Həsənovun bacısı və yeznəsi Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Falçı ər-arvad ələ keçəndən sonra barələrində toplanmış cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Bir müddət əvvəl isə falçı ər-arvad Ali Məhkəməyə müraciət edib barələrindəki hökmün yumşaldılmasını istəyiblər. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barələrindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə  prosesi keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 2-də keçiriləcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR