Onlayn ictimai-siyasi qəzet
Seysmoloq xəbərdarlıq edir ki, Yunanıstanln Santorini və digər adalarında müşahidə edilən seysmik aktivlik daha güclü zəlzələnin xəbərçisi ola bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin baş katibi Remi Bossu mövcud vəziyyəti təhlil etməyin vaxt aparacağını qeyd edib, lakin bir sıra zəlzələlərin çox vaxt daha güclü təkanlardan əvvəl baş verdiyini vurğulayıb.
Santorinidə turistlərin və yerli sakinlərin adanı tərk etməsinə səbəb olan davamlı yeraltı təkanlar səbəbindən fövqəladə vəziyyət elan edilib. CNN xəbər verir ki, 5,2 bal gücündə ən güclü zəlzələ fevralın 5-i axşam saatlarında baş verib.
Santorini seysmik aktiv zonada, Afrika və Avrasiya tektonik plitələrinin sərhədində yerləşir, lakin seysmik aktivliyin hazırkı intensivliyi və müddəti narahatlıq doğurur. Yaxınlıqdakı Amorgos və İos adaları da təkanlara məruz qalıb.
Bossu hazırkı seysmik aktivliyi “çox qeyri-adi” adlandırıb, çünki böyük zəlzələdən sonra adətən, gücü və tezliyi zamanla azalan afterşoklar baş verir. Lakin bu zaman təkanların miqyasında və tezliyində artım müşahidə olunur.
Bir neçə dəqiqədən bir baş verən yüzlərlə təkanların maqnitudası təxminən 3,0-dır və zəif hesab olunur. Çərşənbə günü baş verən 5,2 bal gücündə zəlzələ orta hesab olunur və ardınca 4,0 və daha yüksək bal gücündə bir neçə afterşok baş verib.
Bossu bu davranışın daha güclü zəlzələnin xəbərçisi ola biləcəyini bildiri, buna görə də Yunanıstan səlahiyyətliləri təxliyə və fövqəladə hallara cavab hazırlığı da daxil olmaqla, ehtiyat tədbirləri görür.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis fövqəladə vəziyyətə hazırlığı qiymətləndirmək üçün adaya səfər edib və sakinləri dövlətin lazımi yardım göstərəcəyinə əmin edib. O, seysmik aktivliyin tezliklə dayanacağına və adanın normal həyata qayıtmasına ümid etdiyini bildirib.
Yunanıstan Zəlzələnin Planlaşdırılması və Mühafizəsi Təşkilatı intensiv seysmik fəaliyyətin daha bir neçə gün və hətta həftələr davam edə biləcəyini təxmin edir.
Santorini hər il 3,4 milyondan çox turistin ziyarət etdiyi məşhur turizm məkanıdır. Adanın təxminən 20.000 daimi sakini var. Zəlzələlərdən sonra 11 minə yaxın insanın adanı tərk etdiyi bildirilir.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ