İnsanlara hürriyət, millətlərə istiqlal!

Mələklərin xilafəti odlamağı

Kaliforniyada meşə yanğınları, şübhəsiz, müsəlmanların ahı nəticəsində baş veribdir. Mən son günlər vətəndaşlarımız arasında çoxlu belə şərhlər görürəm. Bir nəfər deyirdi Los Anceles yanmağa məhkumdur, çünki şəhərin adı doğrudan da ispanca “mələklər” deməkdir, bu isə küfrdür. Mələklərin adından sui-istifadə etməkdir, nəticədə onlar göydən alov yağdırırlar. 

Əslində orada simvollar çoxdur. Məsələn, “Kaliforniya” sözü öz-özlüyündə nə məna verir? Ay sağ olasınız: ərəbcə “xəlifə” sözündən yaranıbdır. Bir növ, “Xilafət” deməkdir. Lakin mistik qüvvələr niyə yeni xilafəti yandırmaq qərarına gəlibdir, bu haqda mənim hələlik versiyam yoxdur, çünki prinsipcə, qorumalı idilər. 

O cümlədən ştatın adında 11 hərf var, müqəddəs 12 olmağa 1 hərf çatmır, deməli orada hər il yanğınlar olmalıdır. (Əgər başımın xarab olduğunu və ya düşük zarafat elədiyimi fikirləşirsinizsə, yanılırsınız. Ciddiyəm. Bizdə bu saat rəqəmlər və hərflərlə insanların taleyini müəyyənləşdirən əcaib “alimlər” peyda olubdur. Tez-tez qəzetlərdə, “efirlərdə” sarsaqlayırlar. Onları çap edən və oxuyan varsa, mənim 11 rəqəmi üzrə izahatımı niyə oxumayasınız? Sözgəlişi, aradakı boşluğu da saysaq Los Anceles də 11 işarədən ibarətdir. Buyurun. Daha bir mistik işarə). 

Meşə yanğınlarının toxunmadığı bəzi evlərdən Quran tapılacağını da gözləyirdim, zənnim məni aldatmadı. Dünən bir tanış Vatsapda şəkil paylaşdı, oradan öyrəndim: hansısa aktyor müsəlmanlığı qəbul etdiyi üçün yanğın onun villasına toxunmayıbdır. 

Bəli. Bəs niyə müsəlmanların sıx yaşadığı Qəzza bölgəsi xaraba qalıb, tanışımın bu mövzuda şərhi yox idi. Əslində yanılıram, var idi. Deyir Kaliforniyanın yanmağı elə Qəzzaya görə yuxarılardan gələn cavabdır. 

Uca millətimizin milyarderlər oylağındakı təbii fəlakəti izləməsi və müzakirə etməsi bizim nə qədər humanist olmağımızdan irəli gəlir. İstəmirik hansısa qarışqanın burnu əzilsin, gəl gör, misal üçün, Ancelina Colinin villası yana...

Amma, açığı, bu cür işlər bir az da rahatdır. Baş ağrısı az olur. Los Ancelesin problemləri Əhmədlinin problemlərinə nisbətdə canayatımlıdır. (Düzü, axırıncı sözün mənasını dəqiq bilmirəm, uyğun gəlməsə də hörmətli oxucuların məni anladığını düşünürəm. Gör neçə ildir bir yerdəyik! Artıq bir-birimizi işarələrdən anlayırıq). Mel Gibsonun tövləsinin yanmağını şərh eləmək milli verilişləri, yaxud hansısa xalq artistimizin vannasını müzakirə etməkdən rahatdır.

Yoxsa sevgili xalqımız qəlbinin ən dərin guşələrində anlayır, hiss edir ki, Kaliforniyadakı yanğınların ora camaatının çox vecinə də deyil. Bəlkə yerli yanğınsöndürənlər də suyu az işlədir, fikirləşir cəhənnəmə yansın, onsuz milyarderlər məhəlləsidir, sabah təzəsini tikəcəklər. Bir həftəyə. Elə yanan villaların külünə baxsanız, yerdə ancaq buxarının, sobanın daş bacası qalır, çünki evlərin divarları taxta-şüşə-plastik materiallardır. Bir növ, saman çöpündən ev düzəldib yaşayırlar. Yoxsa bizdə ev mütləq Bakı daşından, iki kubiklə qayırılır, üzünə gülbaxt daşı vurulur, hamam ispan kafeli, çilçıraq Vyana operasından, nə bilim, qarajın qapısı Dəmirqapı Dərbənddən... Hələ hasarlarımız... Sanarsan Çin səddidir. Yaxşı yadıma düşdü, biz ağacları və meşələrimizi də uzaqgörənliklə qırmışıq, yanğın gəlsin görüm, hara gəlir. Parkların hər yerinə daş döşəmişik, açıq torpaq deyə bir şey qalmayıb. Mənim qonşum küçədəki tutu kəsirdi ki, meyvələri maşınının üstünə tökülür. 

O yanğınların bizim üçün mənfi nəticəsi daha çox olacaq, məsələn, bir də gördün Hollivud kinoları bahalaşdı. 

Sonda bir rəqəmi də yazım, dərin fikirləşək, görək bu yanğınlar Kaliforniya ştatına nə edə bilər: ştatın Ümumi Daxili Məhsulu 4 trilyon dollardır.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR