İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində yeni mərhələ – döyüşlər Rusiya ərazisinə keçirilir

Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edir ki, Kiyevin niyyəti müharibəni Rusiya ərazisinə keçirməkdir. Son 2 ayda baş verənlər göstərir ki, bu, artıq təkcə bəyanat yox, faktiki prosesdir.

Müharibədə ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Belqorod İstilik Elektrik Stansiyasına endirdiyi zərbədən sonra yüzminlərlə əhalisi olan şəhər işıqsız qaldı. Əsas dövlət müəssisələrinin fəaliyyəti generatorlarsız mümkün deyil. Amma generatorların işləməsi üçün də yanacaq lazımdır. Ukrayna Rusiyanın yanacaq zəncirində olan obyektləri, kəmərləri, anbarları da vurur. Yəni generatorlara yanacağın tapılıb-tapılmayacağı da böyük sual doğurur. Məhz bu məqam Ukraynanın yeni hərbi strategiyasının ilk sınağı kimi dəyərləndirilə bilər.

Yeni strategiyanın konturları isə artıq görünür. Əvvəlcə Rusiyanın müəyyən bir şəhərini, ərazisini qoruyan havadan müdafiə sistemləri sıradan çıxarılır. Ardından yanacaq anbarları, neft emalı zavodları vurulur. Sonradan enerji infrastrukturu hədəfə alınır. 3 mərhələdən ibarət bu planla böyük şəhərlər işıqsız və iflic vəziyyətinə salınır. Üstəlik, son günlər Qərb müttəfiqlərinin rekord sayda silah daşıyan təyyarələrinin Ukraynaya enişi müşahidə olunur ki, bu da yeni əməliyyatlara hazırlıqdan xəbər verir. Belə görünür ki, Ukrayna Silahlı Qüvvələri təşəbbüsü ələ keçirib və güclənməkdə davam edir.

Rəsmi Moskva bu gedişata tab gətirə biləcəkmi? Yoxsa Ukraynanın alovlandırdığı müharibə Rusiya şəhərlərini də yanar ocağa çevirməklə Kreml üçün yeni “qara səhifə” açacaq?

ROVSEN.jpg (15 KB)

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodda enerji sektoruna endirdiyi zərbə təsadüfi deyil:

“Bu, düşünülmüş və mərhələli planın tərkib hissəsidir. Artıq Kiyev müdafiədən hücuma keçib və müharibəni yalnız Donbas və ya işğal altındakı ərazilərlə məhdudlaşdırmaq niyyətində deyil. Əksinə, strateji hədəf Rusiyanın dərinliklərində destabilizasiya yaratmaqdır. Belqorod kimi şəhərin enerji təminatını iflic etmək sadəcə hərbi zərbə deyil, həm də psixoloji mesajdır. Yəni artıq Rusiya ərazisi toxunulmaz deyil. Bu, həm cəmiyyətin, həm də Kreml rəhbərliyinin üzərinə əlavə təzyiq yaradır”.

Hərbi ekspert bildirib ki, Ukrayna artıq klassik döyüş meydanından kənara çıxaraq enerji infrastrukturu üzərindən müharibə aparır:

“Əgər bu taktika ardıcıl şəkildə tətbiq olunarsa, Rusiyanın sərhəd bölgələri ilə yanaşı, iri sənaye mərkəzləri də iflic vəziyyətə düşə bilər. Bu ərəfədə Qərbdən gələn yeni silah tədarükü, xüsusən uzaqmənzilli raketlər və PUA sistemləri bu strategiyanın uğur qazanmasına imkan yaradır.

Bu gün Belqorod vurulursa, sabah Kursk, Bryansk, hətta Moskva ətrafı da hədəf ola bilər. Açıq görünür ki, Ukrayna müharibədə təşəbbüsü ələ alıb. Rusiya hələlik cavab addımı tapa bilmir. Əgər yaxın aylarda Kreml bu vəziyyəti dəyişmək üçün fundamental addımlar atmasa, müharibənin yeni fazasında üstünlük tamamilə Kiyevin tərəfinə keçəcək”.

Siyasi şərhçi Kamran Məmmədli də bu hadisəni yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir.

kamran2022.jpg (23 KB)

Musavat.com-a açıqlamasında Kamran Məmmədli bildirib ki, Belqorodda baş verən blekaut sadəcə elektrik şəbəkəsinin sıradan çıxması deyil:

“Ukraynanın Rusiyanın iri şəhərlərinin enerji şəbəkəsini sıradan çıxarmaq strategiyası açıq görünür. Bunun nəticəsi təkcə iqtisadiyyatın dayanması deyil, həm də əhalinin çaşqınlığa düşməsidir. Kreml zəif görünür, çünki cəmiyyətin təhlükəsizliyini təmin edə bilmir. Ən maraqlısı isə budur ki, Rusiya uzun illər eyni metoddan Çeçenistanda, Gürcüstanda, Suriyada istifadə edib.

Şəhərləri bombalayaraq əhalini təslim olmağa məcbur edirdi. İndi həmin metod ona qarşı işlədilir. Kreml illərlə qarşı tərəfin infrastrukturunu hədəf alaraq təslimçilik psixologiyası formalaşdırmağa çalışırdı. Amma indi həmin metod Kiyev tərəfindən Moskvaya qarşı işlədilir”.

K.Məmmədli “Bəs bu gedişat yaxın aylarda nə ilə nəticələnə bilər” sualına belə cavab verib:

“Ukraynanın enerji infrastrukturu üzərində yaratdığı təzyiq davam edərsə, Kreml daxildə böyük sosial narazılıqla üzləşəcək. Bu, Moskvanı masa arxasına oturmağa məcbur edə bilər. Amma belə danışıqlar Rusiya üçün kapitulyasiya olmayacaq, daha çox məhdud güzəştlərlə, mərhələli və qeyri-sabit atəşkəslə müşayiət olunacaq. Əgər Belqoroda olan hücumlar Moskvanın dərinliklərinə qədər davam edərsə və Qərb dəstəyi daha da güclənərsə, Kremlin qarşısında 2 seçim qalacaq.

Rusiya tam mobilizasiyaya gedəcək və ya danışıqlar masası arxasına keçəcək. İqtisadi və sosial xərclər dayanıqsız həddə çatarsa, Rusiya özü təşəbbüs göstərərək atəşkəsə razılıq verə bilər. Bu, Kreml üçün məğlubiyyət olacaq.

Mümkündür ki, Moskva geri çəkilmək əvəzinə daha sərt cavab verməyə, hətta yeni silah sistemləri tətbiq etməyə qərar versin. Bu halda müharibə daha da böyüyə bilər. Bu halda yalnız sərhəd bölgələri deyil, Qara dəniz hövzəsi, hətta Avropa ölkələri də gərginlikdən zərər görə bilər. Hazırkı mənzərə göstərir ki, Ukrayna Qərbdən aldığı dəstəklə müharibədə təşəbbüsü ələ keçirib. Rusiya hələlik buna adekvat cavab tapa bilmir.

Hər yeni zərbə isə Kremlin həm hərbi, həm də siyasi nüfuzunu aşındırır. Ən önəmlisi Moskva daxildən daha zəif görünür. Buna qədər qaranlıqda qalan şəhərlər, dayanmış sənaye müəssisələri, generatorsuz xəstəxanalar və qorxu içində yaşayan insanlar Ukraynada idisə, indi artıq Rusiyanın özündədir. Bütün bunlar isə yeni reallığı ortaya qoyur. Ukrayna müharibəni artıq yalnız öz ərazisini müdafiə etməklə məhdudlaşdırmır, Rusiyanın toxunulmazlıq mifini dağıdır”.

Siyasi şərhçi deyib ki, Kremlin bu vəziyyətə nə qədər tab gətirməsi məlum olmasa da, iqtisadi zərbələr, sosial narazılıq və psixoloji təzyiq fonunda Moskva müharibəni davam etdirməkdə çətinlik çəkə bilər:

“Ola bilsin ki, yaxın aylarda Rusiya özü təşəbbüs göstərərək danışıqlara gedəcək. Çünki Ukraynanın Rusiyadan əxz etdiyi strategiya müharibəni başqa müstəviyə keçirib. Bu, sadəcə Donbas xəndəklərində gedən döyüş deyil, artıq Rusiyanın böyük şəhərləri qaranlığa qərq olur və əhalidə böyük narazılıq doğurur. Bu gedişat Kremlə daxildə böyük gərginlik vəd edir. Kremldə də bunu yaxşı başa düşürlər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR