Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda son illər ali təhsil sistemində bir sıra dəyişikliklər edilib. Onlardan biri də müəyyən şərtlərlə tələbələrin imtahansız – yalnız orta məktəb attestatı ilə universitetlərə qəbul imkanının yaradılmasıdır. Bu addım həm təhsilalanların seçim imkanlarını genişləndirir, həm də regionlardan gələn gənclərə əlavə fürsət verir. Lakin bu qaydanın hansı ixtisaslara, hansı universitetlərə və hansı kateqoriyadan olan abituriyentlərə şamil edildiyi cəmiyyətdə müzakirə mövzusudur.
Bəs Azərbaycanda attestatla universitetə qəbul hansı ixtisas və təhsil müəssisələrində tətbiq olunur? Bu imkan bütün abituriyentlərə aid edilirmi, yoxsa yalnız xüsusi kateqoriyaya şamil edilir?
Təhsil mütəxəssisi Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:
“İlk növbədə qeyd edim ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun əsas mexanizmi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş imtahanlardır və attestat yalnız ilkin hüquqverici sənəd rolunu oynayır. Yəni tam orta təhsil haqqında dövlət nümunəli sənədi olmayan şəxs universitetə qəbul ola bilmir.
Lakin qanunvericilikdə və qəbul qaydalarında imtahansız, yalnız attestat əsasında qəbulun tətbiq olunduğu xüsusi istisna halları mövcuddur.
“Təhsil haqqında” Qanunun 5-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququ təsbit olunub, 18-ci maddədə isə dövlətin təhsilalanların hüquqlarını və imkanlarını təmin etməsi öhdəliyi qeyd olunur. Bu hüquqi baza üzərində “Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” formalaşıb. Burada ümumi qayda imtahanla qəbul olsa da, müəyyən istedadlı qruplar üçün imtahansız qəbul imkanı nəzərdə tutulur.”
Ekspertin sözlərinə görə, bu hallar aşağıdakılardır:
Birincisi, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri (I–III yerlər) imtahansız olaraq, attestatla birbaşa ali məktəblərə qəbul edilə bilirlər. Bu hüquq tam orta təhsil haqqında sənəd aldıqdan sonrakı iki tədris ili ərzində qüvvədə olur. Eyni zamanda beynəlxalq müsabiqə və yarışlarda qalib gəlmiş şagirdlər üçün də analoji güzəşt tətbiq olunur. Bu modelin əsas məqsədi istedadlı gənclərin itirilməsinin qarşısını almaq və onların potensialını ölkə daxilində reallaşdırmaqdır.
İkincisi, beynəlxalq akkreditasiyadan keçmiş ümumi orta təhsil proqramlarının (məsələn, IB Diploma, GCE A-Level, AP) məzunları Azərbaycan dili fənnindən imtahan verməklə ali məktəblərə müsabiqədənkənar qəbul hüququ qazanırlar. Burada əsas meyar onların attestat ekvivalenti olan beynəlxalq diplomlarıdır.
Ekspert əlavə edib ki, üçüncüsü, əcnəbi vətəndaşların Azərbaycanda ali məktəblərə qəbulu ayrıca qaydalarla tənzimlənir:
“Onlar əksər hallarda attestat və universitetin daxili seçim mexanizmləri (müsahibə, sənəd qiymətləndirilməsi) əsasında imtahansız qəbul edilə bilirlər. Bu, Azərbaycan vətəndaşları üçün deyil, yalnız əcnəbilər üçün tətbiq olunur.
Müsbət tərəf ondan ibarətdir ki, bu yanaşma istedadlı və beynəlxalq səviyyədə uğur qazanmış gəncləri imtahan yükündən azad edir, onların akademik inkişafını sürətləndirir və ölkə daxilində saxlamağa xidmət edir. Bununla yanaşı, əcnəbilərin attestatla qəbul olunması universitetlərin beynəlxalqlaşmasına, müxtəlif ölkələrdən tələbə cəlb etməsinə şərait yaradır.
Mənfi tərəfi isə odur ki, bu mexanizm yalnız məhdud sayda şagirdi əhatə edir və geniş ictimaiyyət üçün ümumi qəbul qaydası dəyişmir. Əlavə olaraq, bəzən istedadlı şagirdlərin seçilməsi və həmin güzəştlərin tətbiqində inzibati şəffaflıq məsələləri müzakirələr doğurur.”
Kamran Əsədov dünya təcrübəsinə də toxunub:
“Avropa ölkələrinin çoxunda məktəbi bitirən şagirdlər yalnız attestat və məktəb qiymətləri ilə universitetlərə qəbul olunurlar. ABŞ-da qəbul əsasən orta məktəbin qiymətləri və SAT/ACT nəticələri əsasında formalaşır. Türkiyədə isə Azərbaycan kimi mərkəzləşdirilmiş imtahan əsas qəbul mexanizmidir, amma beynəlxalq proqram məzunları üçün əlavə güzəştlər tətbiq olunur.”
Mütəxəssis hesab edir ki, Azərbaycanda attestatla qəbul yalnız istedadlı şagirdlər (olimpiada və beynəlxalq müsabiqə qalibləri), beynəlxalq proqram məzunları və əcnəbilər üçün hüquqi əsasda mümkündür:
“Qalan bütün abituriyentlər üçün qəbul prosesi imtahan üzərindən aparılır. Bu, həm ədalətli rəqabəti qorumaq, həm də keyfiyyətin təmin olunması məqsədinə xidmət edir. Elm və Təhsil Nazirliyinin bu siyasəti əsaslandırılmışdır, çünki o, bir tərəfdən bütün gənclərə bərabər imkan yaradır, digər tərəfdən isə istedadlıların inkişafını dəstəkləyir.”
Afaq Mirayiq,
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ