İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev 08.08.08 müharibəsindən danışdı – “Geciksəydik, Gürcüstan...”

“2008-ci il avqustun 8-də Gürcüstanın təcavüzünə reaksiya ilə bağlı Rusiya Federasiyasının rəhbərliyində xüsusi məsləhətləşmələr aparılmayıb, hərbi cavabdan başqa alternativ yox idi və tərəddüd etmək mümkün deyildi”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri 2008-ci ildə Rusiya prezidenti postunu tutan, hazırda Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-a müsahibəsində bildirib.

Siyasətçi izah edib ki, həmin vaxt Gürcüstan tərəfi Cənubi Osetiyaya hücum edib və yüzlərlə insan, o cümlədən Rusiya sülhməramlıları bu hücumun qurbanı olub.

“Məni kimin dilə tutmasından danışsaq, belə bir məsələ olmayıb. Çünki gürcü tərəfinin hücumu ilə mənim baş komandan kimi qərarım arasından cəmi bir neçə saat keçdi. Bu mövzuda heç bir xüsusi məsləhətləşmələr aparılmadı", - Təhlükəsizlik Şurası rəhbərinin müavini deyib: “Aqressiya var, bizim tərəfdən cavab var. Əgər geciksəydik, nəticələr tamamilə fərqli olardı və o zaman, Gürcüstanın hərbi maşını Rusiya Federasiyasının hərbi maşını ilə müqayisəolunmaz olsa da, hərbi əməliyyatlar daha çox davam edərdi”.

Rusiya Federasiyasının Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlətlər kimi tanınmasına münasibət bildirən Medvedyev qeyd edib ki, bu məsələ Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə olunub, “onlar müsbət və mənfi cəhətləri ölçüb-biçiblər və analoji qərar qəbul edilib”.

“Bu, zamanın sınağından keçdi, çünki bu, bir tərəfdən beynəlxalq ictimaiyyət üçün bir qədər gözlənilməz oldu, digər tərəfdən isə gözlənilən idi, çünki hamı başa düşdü ki, başqa yol yoxdur, Rusiya bu iki ərazini müdafiə etməyə, onlarla müqavilə bağlamağa, orada bazalar yerləşdirməyə və əslində, bu ölkələrdə yaşayan insanların sülh və əmin-amanlığını təmin edərək öz maraqlarını müdafiə etməyə məcburdu. Ona görə də bunların asan qərarlar olmamasına baxmayaraq, bu qərarlar zamanın sınağından çıxıb”, - deyə siyasətçi yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR