Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin mərkəzində, Qış parkına gedən yeraltı keçidlərdən birində eskalatorların uzun müddətdir işlək vəziyyətdə olmaması piyadaların narazılığına səbəb olub.
Musavat.com xəbər verir ki, hər gün yüzlərlə insanın istifadə etdiyi bu keçiddə eskalatorların fəaliyyətsiz qalması, xüsusilə yaşlılar, uşaqlı valideynlər üçün ciddi çətinliklər yaradır.
Eskalatorlar təmirli və müasir olsa da keçiddəki eskalatorlar aylardır işləmədiyindən piyadalar məcburən pilləkənlərdən istifadə etməli olurlar. Həmin pilləkənlər isə bəzi insanlar üçün həm təhlükəli, həm də fiziki baxımdan yorucudur.
Məsələ ilə bağlı sakinlərin fikirlərini öyrəndik. Onlar bu halın həm yay, həm də qış üçün narahatlıq doğurduğunu bildirirlər. Yayın istisində, xüsusən də günün pik saatlarında pilləkənlərlə qalxıb-enmək əziyyətə çevrilir. Qış aylarında isə yağış və qar səbəbindən pilləkənlər sürüşkən olur və bu da qəzaların başvermə riskini artırır.
Ərazidən keçən paytaxt sakini Ənvər Yaqubov deyir: “Bu qədər pul tökülüb, sakinlərin rahatlığı üçün eskalatorlar tikilib. Amma işləmirsə, niyə var? Yaxşı, deyək ki, texniki problem var, bəs bu qədər uzun müddətli texniki problem olar? Nə vaxt düzələcək, heç bilən də yoxdur. Mən yaşlı adamam, pilləkənlərdən istifadə etmək istəmirəm. Eskalatorlar var ki, biz vətəndaşların işini asanlaşdırsın”.
Digər sakinlər də bu məsələyə münasibət bildiriblər. Özünü tanıtmaq istəməyən gənc bir qız bildirir: "Yağışlı havada, qar yağanda eskalatorların işləməməsi çox pis haldır. Rəfiqəm bir dəfə eskalator işləmədiyindən pilləkəndən istifadə etdi və orada sürüşüb yıxıldı, ayağını zədələdi. Tezliklə problem həll olunsa, çox yaxşı olar".
Uşaqlı valideynlər də vəziyyətdən narahat olduqlarını deyirlər. Onların sözlərinə görə, isti yay günlərində uşaqla birlikdə pilləkənlərdən qalxmaq ciddi narahatlıq yaradır və bəzən bu səbəbdən keçiddən istifadə etməkdən imtina edirlər.
Paytaxt sakini Elza Qardaşova hazırkı situasiyadan razı deyil: "Qızmar günlərdə qucağımda uşaqla bu pilləkənlərdən qalxıb-enmək çox çətindir. Həm də qorxuram ki, birdən ayağım ilişər, yıxılaram".
Məsələ ilə bağlı AYNA-dan sorğumuza verilən cavabda bildirilir ki, "Qış parkı"nın aşağısında yerləşən yeraltı dayanacaq təhvil alınarkən müəyyən çatışmazlıqlar mövcud olub: "Həmin zaman aparılmış yoxlamalar nəticəsində lift və eskalatorlarda ciddi nöqsanların olduğu və onların işləmədiyi aşkar edilib. Bildirilir ki, avtodayanacaqda yerləşən lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub. Artıq eskalatorların təmiri ilə bağlı tender elan olunub, qalib şirkət müəyyənləşdirilib və yaxın vaxtlarda təmir işlərinə başlanılması planlaşdırılır".
İnarə Hünbət
Fotolar müəllifindir
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ