Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda dərslərin başlanmasına təxminən bir aydan az vaxt qalıb. Bununla əlaqədar müxtəlif şəhər və rayonlardan tələbələr paytaxta üz tuturlar. Aydın məsələdir ki, rayondan Bakıya təhsil almaq üçün gələn tələbənin yaşamaq üçün yeri də olmalıdır. Tələbələrin gəlişi ilə Bakıda kirayə evlərə tələbat artır və qiymətlər dəyişir. Kirayə evlərin bahalaşması isə onların büdcələrinə uyğun gəlmir. Belə olan halda, onların dadına universitetlərin yataqxanası çatır. Lakin bundan da məhdud sayda tələbə istifadə edə bilir.
Maraqlıdır, yeni tədris ilində universitetlər tələbələri yataqxana ilə təmin edəcəkmi?
Musavat.com paytaxtdakı universitetlər arasında sorğu aparıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova deyib ki, universitetin 5 yataqxanası var. Orada keçmiş məcburi köçkünlər yerləşdiyi üçün tələbələr odan istifadə edə bilmir.
Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva deyib ki, universitetin yataqxanası mənzil tiplidir və 2-3 nəfərlik tələbə üçün nəzərdə tutulub:
“Burada tələbələr ödənişsiz qalacaqlar. Yataqxanamız bütün zəruri avadanlıqlarla təmin olunub. İndi hazırda yekun işlər gedir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov qeyd edib ki, universitetin 320 nəfərlik yataqxanası var:
“Bir otaqda 3 nəfər qalarsa onun qiyməti 100 manatdr. Bu məbləğ 3 nəfər arasında bölünür. İki nəfər qaldıqda isə hərəyə 50 manat ödəyirlər. Əcnəbi tələbələr də qala bilər. Müəyyən kövrək sosial qrupa aid tələbələr müraciət etdikdə onlar həmkarlar ittifaqının xətti ilə pulsuz yerləşdirilirlər. Eyni zamanda bütün ali məktəblərin qala biləcəyi 700 nəfərlik "Univerium" tələbə yataqxanası da var. Tələbələrimiz orada da qala bilirər”.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva deyib ki, ali məktəbin yataqxanası 220 nəfər üçün nəzərdə tutulub:
“Əsasən həssas qrupa aid olanların – şəhid və qazilərin övladları ora qəbul edilir. Ən son standartlara cavab verir. İnternet, təhlükəsizlik kameraları, mebellər və oxu zalı ilə təmin olunub. Aylıq ödəniş məbləği 75 manatdır”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq deyib ki, universitetin yataqxanasında uzun illər məcburi köçkünlər yaşayıblar. Ona görə də tələbələr istifadə etmir. Azərbaycan Texniki Universitetin də yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:
“Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Qeyd edim ki, yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”, - mətbuat katibi Sevinc İsgəndərova deyib.
Azərbaycan Tibb Universitetində isə hazırda 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar.
“Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prossesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 manat, 2 nəfərlik otaqlar ayda 80 manat, 3-4 nəfərlik otaqlar isə 60 manat təşkil edir. Lakin Şəhid ailələrində olan və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə Rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”, - Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yataqxanası, hələlik, obyektiv səbəblərə görə mövcud deyil. Gələcəkdə ali təhsil müəssisəsi tələbələrinin yataqxana ilə təmin olunması nəzərdə tutulur.
“Hazırda sosial təminatı zəif, eyni zamanda, şəhid və qazi ailələrindən olan tələbələrə kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) bizə dəstək göstərir.
Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda, təqaüddən əlavə, onlara yeməkpulu da ödənilir. Yüksək göstəricələrə malik tələbələr isə adlı təqaüdlərlə təmin edilirlər”, -universitetdən bildirilib.
Sumqayıt Dövlət Universitetinin də yataqxanası təmir olunub və uzun illərdən sonra tələbələrin istifadəsinə veriləcək.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ