İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maskaları qaytarın!”-ÜST-in tələbi, Bakının reaksiyası

Mütəxəssislərin fikrincə, yeni mutasiya ağır gedişli xəstəliyə səbəb ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrin hökumətlərini maska rejiminə qayıtmağa çağırıb. Təşkilat bunu ölənlərin sayının artmağa davam etməsi ilə əlaqələndirib. Bir çox varlı ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra koronavirusla bağlı məhdudiyyətlərdən tamamilə imtina etsələr də, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın “hələ bitmədiyini” vurğulayıb. O qeyd edib ki, “Omikron”un alt variantları dünyada yeni xəstəlik dalğalarına, hospitalizasiyalara və ölümlərə səbəb olmağa davam edir: “COVİD-19 hallarının sayının artmaqda davam etməsindən və bunun gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərməsindən narahatam. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir”.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. COVİD-19-a yoluxanların sayı artdığı kimi, Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurduranların da sayı kəskin artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 991, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir. Yəni belə görünür ki, əhalinin də narahatlığı artmaqdadır.

Yenə də çoxlu suallar yaranır: maska rejiminə geri qayıdırıqmı, sərt karantin rejimi tətbiq olunmalıdırmı? Bir müddət öncə həkimlər bütün karantin qaydalarının yığışdırılmasının tərəfdarı idilər. Çünki ölkəmizdə epidemioloji vəziyyət normal idi. Hazırda yoluxma sayında artım olsa da, indi vəziyyət o dərəcədə təhlükəli deyil. Bəs həkimlər bu barədə nə düşünür?

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli

İnfeksionist Nicat Əzimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: ““Omikron” variantının son alt variantlarının insanlar arasında yayılması və bəzi ölkələrdə bunun fonunda ölüm saylarının artması müşahidə olunur. ÜST sədrinin də bunu vurğulaması lap yerində deyilib. Lakin Azərbaycanda koronavirusla bağlı epidemik vəziyyət hazırda qənaətbəxşdir. Yoluxma sayında artım müşahidə olunsa da, dünya ölkələrində olduğu qədər narahatedici səviyyədə deyil. Amma bir temp var və artım görünür. Bu, əvvəlki dövrlərdə hər kəsin müşahidə etdiyi kimi, daha da arta bilər. Əgər önləyici tədbirlər görülməzsə, artım payızın gəlişi ilə sürətlənə bilər. Bu olmasın deyə, hər kəs lazım olan tədbirləri fərdi şəkildə yerinə yetirməlidir. Dövlət səviyyəsində maska rejiminə qayıdılmasına ehtiyac yoxdur. Lakin hər kəs kütləvi yerlərdə, insanların sıx toplaşdığı yerdə maskadan istifadə edə bilər, sosial məsafəni də saxlamaq olar".

İnfeksionistin fikrincə, sərt karantin rejiminin tətbiqinə də ehtiyac yoxdur: “Çünki ölkədə epidemioloji vəziyyət qənaətbəxş hesab olunur. Ola bilər ki, qarşıdakı aylarda vəziyyət dəyişsin. İnsanların sosial vəziyyətinə təsir etməsin deyə, minimal tədbirlərlə qarşısının alınması mütləqdir. Xüsusilə də vaksinasiya, xatırlatma dozaları çox önəmlidir”.

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC

Nilufər Məmmədova

Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “ÜST necə ki, pandemiyanın başlamasını elan etməyənə kimi heç birimiz bu barədə məlumatlı deyildik, həmin qayda ilə də ÜST pandemiyanın bitməsini elan etməyənə kimi bu təhlükədən xilas olmuş sayılmırıq. Bilirik ki, koronaviruslar daima mutasiyaya uğrayan viruslardır. ÜST pandemiyaya səbəb olan ştamın dəfələrlə mutasiyaya uğradığını elan etmişdi. Məhz bu səbəbdən pandemiyanı bitmiş hesab etmirik. Çünki mutasiyalar yenidən gözləniləndir. Xüsusilə də qış aylarına doğru bu mutasiyaların artacağı istisna olunmur. Həmçinin indi yay fəsli ilə əlaqədar insanların çox toplanması, tədbirlərin çoxalması ilə bağlı olaraq yenidən virusa yoluxanların sayında artım gözləyirdik. Təbii ki, yeni mutasiyanın hansı ağırlıqda gələcəyini öncədən heç birimiz proqnozlaşdıra bilmərik. Bu, daha yüngül xəstəliyə səbəb olan mutasiya da ola bilər, ağır gedişli xəstəliyə səbəb olan mutasiyalar da. ÜST bütün qorunma tədbirlərini öncədən təklif edir ki, yoluxma sayı artmasın, ölüm sayında artım olmasın. Hələ ki Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, xüsusi bir təhlükə yoxdur. Amma bu o demək deyil ki, insanlar tam arxayın olmalıdır ki, bizdə pandemiya bitib. Pandemiya bütün dünyada bitmədikcə bizdə də yoluxma davam edəcək. Xüsusilə də insanların turistik səfərləri yoluxma sayının artmasına səbəb ola bilər. Xəstə insanlardan xahiş edirik, özlərini təcrid etsinlər. Yüngül simptomları olan insanlar belə maska taxsınlar. Evdə özlərini izolyasiya etsinlər və mütləq COVİD testi versinlər. Risk qrupuna aid insanlarla bağlı tövsiyələr isə eynilə qalır. Həmin şəxsləri diqqətli olmağa çağırırıq. Heç bir vaksin insanları ömürlük koronaviruslardan qoruya bilməz. Lazım olarsa, qüvvətləndirici doza vaksin tələb olunduğu zaman bunu etməliyik”.  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR