İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallı sakinləri prezidentə müraciət etdilər: “İşıqsızıq, bizə kömək edin”  

 

Masallının Boradigah qəsəbəsinin bir qrup sakini Azərbaycan prezidenti İlham Əliyevə, eyni zamanda “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət ediblər. Onlar son illər yaşadıqları problemləri diqqətə çatdıraraq həlli istiqamətində addımlar atılmasını istəyiblər. Musavat.com sözügedən müraciəti diqqətə çatdırır: “Hörmətli prezident, hörmətli Vüqar müəllim, son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin biz də şahidiyik. Cənab prezidentin açılışını etdiyi  obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ilk yerdə olacaq. Amma təəssüf ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Bu qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir.  Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir”.

Müraciət müəllifləri bildiriblər ki, qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir: “Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı olduğu halda, 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi  və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki,  tam yüklənmə olarsa , vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq. Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn  bir neçə kilometrlik  məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir.  Böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz”.

Mövzu ilə bağlı Azərişıq ASC-nin mövqeyini də işıqlandırmağa hazırıq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR