İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Əliyevə olası təbriki – Məktubdakı o sözlər...

Qərb liderlərindən “sükutu” ilk pozan Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak və ardınca Almaniya Kansleri Olaf Şolts oldu. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlı təbrik namələrini deyirik.

Gözlənilən idi. “Köhnə qitə”dən Türkiyəyə, Azərbaycana, ümumən Türk dünyasına ən loyal dövlətin məhz İngiltərə olduğu bəllidir. O İngiltərə ki, saxta “erməni soyqırımı”nı bu günədək tanımayan yeganə qüdrətli Qərb ölkəsidir. Türk etnosunun güclü olduğu Almaniyanın kanslerinin insaf damarının bir az gec də olsa, özünü göstərməsi də təqdiredicidir...

İndi ən qəliz durumda Fransa prezidenti Emmanuel Makron görünür. Onun Azərbaycana “toksik” münasibəti çoxdan məlum. Ancaq ən azından, Makronun tutuğu postla bağlı siyasi etiket və ədəb qaydaları tələb edir ki, o, Sunak və Şoltsdan çox geri qalmasın.

İstisna deyil ki, bu gün-sabah Makron da “daşı ətəyindən” tökəcək. Bakıya təbrik göndərəcək. Hansı təbriki ki, ermənilər istənilən halda yüzdə yüz mikroskopla analiz edəcəklər. Nə etməli, “böyük bacı” olmaq, özü də Ermənistana, ermənilərə “böyük bacı”lıq etmək qəliz və əzablı iş, lap dəqiqi, bədbəxtçilikdir. Allah qapılarını açsın...

Əlbəttə, İlham Əliyevə gələn təbriklər hər şeydən öncə Azərbaycan xalqının iradəsinə sayğının təzahürü və təsdiqi sayılır. Bəziləri bir az ləng tərpənsə də. Təbrikə ərinən “demokrat” liderlərin isə demokratiyadan, azad seçimdən danışması absurddur.

Necə olur, sizin ölkədə xalq sərbəst seçim edəndə ədalətli, düzgün olur, başqa ölkədə eyni hadisə - yox? Azərbaycan toplumu təzyiq, təhdid olmadan seçimini edib. Öz xoşu ilə, rahat şəkildə, hətta sevə-sevə. Bunu da bütün dünya gördü, əmin oldu. Sizin susmağınız guya nəyi dəyişəcək ki?..

Ancaq konkret olaraq Makron üçün bəlkə də tarixi şans, fürsət yaranıb ki, Azərbaycan-Fransa münasibətlərində köhnə səhifəni çevirib yenisini açsın. Bunu ən əvvəl onun ölkəsinin milli maraqları diktə edir. Çünki nə Azərbaycan və Türkiyə, nə də onların yenilməz tarixi tandemi, Şuşa Bəyannaməsi havaya buxarlanan deyil. Azərbaycansız heç bir xarici güc də Güney Qafqaza nə girə, nə də orda oturuşa bilər.

Bu artıq aksiomdur. Bakıya təzyiqlər isə yalnızca “prujin” effekti yaradıb və yaradacaq. Yəni sıxıldıqca onu sıxana daha böyük təhlükə vəd edəcək...

Demək ki, ən yaxşısı, bölgənin açar ölkəsi ilə - Azərbaycanla dil tapmaq, anlaşmaqdır. Heç olmasa, düşmənə çevrilməməkdir – həm də perspektivi olmayan cırtdan Ermənistana görə. Makron bunu bacaracaqmı, nəhayət, sərt reallığı qəbul edib də yanlış və düşmən mövqeyinə düzəliş edəcəkmi?

Qısası, təbrik məktubunda və ya zəngində həm də etiraf notlarını gözləyirik. Hələ gec deyil. Top Fransanın meydanında...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR