İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ukraynaya yay hücumu planı işləmədi - ŞOK

Rusiya Baş Qərargahının qələbə bəyanatlarına baxmayaraq, Putinin ordusu cəbhədə vəziyyəti dəyişə bilməyib. Onun Donetsk vilayətindəki əsas hədəfləri ötən ildən bəri dəyişməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli hərbi ekspertlər bildirib.

Məlumata əsasən, yay boyunca Rusiya ordusu təşəbbüsü ələ alsa da, 1550 kv. km Ukrayna ərazisi işğal edilib – bu, yaz aylarında ələ keçirilən 780 kv. km-dən təxminən iki dəfə çoxdur. Lakin heç bir həlledici dərin irəliləyiş olmayıb: bütün bu ərazilər təxminən 500 km-lik cəbhə xətti boyunca paylanır, əsas hissə Donetsk vilayətinə düşür.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya ordusu “total sızma” taktikasından istifadə edir və Ukrayna arxa cəbhəsində diversiya fəaliyyətlərini artırır.

CIT-in yaradıcısı Ruslan Leviyev isə izah edib ki, kiçik qruplar (2–3 nəfər) yaşayış məntəqələrinə daxil olur, evlərdə gizlənirlər, sayları artdıqda çıxaraq ərazidə möhkəmlənməyə çalışırlar. Ukrayna ordusunun canlı qüvvə çatışmazlığı bu qrupların operativ təmizlənməsini çətinləşdirir. Bu taktika Pokrovsk istiqamətində istifadə olunur və nəticədə “Dobropolsk dəliyi” yaranıb – Ukrayna ordusu artıq iki həftədən çoxdur ki, bunu aradan qaldırmağa çalışır.

Strateji planda isə yay heç bir dəyişiklik gətirməyib: Rusiya ordusunun yaxın hədəfləri əvvəlki kimi Pokrovsk və Konstantinovkadır, sonrakı mərhələdə isə Slovyansk və Kramatorsk aqlomerasiya bölgələri hədəfdədir. Hərbi analitiklərin müxtəlif hesablamalarına görə, hazırkı şəraitdə bu ərazilərin ələ keçirilməsi Rusiyaya yarım ildən iki ilə qədər vaxt aparacaq.

Kurskdan Ukrayna qoşunlarının çıxmasından sonra başlayan Sumı vilayəti istiqamətindəki Rusiya hücumu isə yayda dayanıb. Ukrayna ordusu bir neçə uğurlu əks-hücum həyata keçirib, bəzi əraziləri geri qaytara bilib. Son günlərdə rus qoşunlarının Sumı istiqamətindən Pokrovska doğru yönləndirilməsi də ilk istiqamətin prioritet olmadığını göstərir.

Müharibə Araşdırmaları İnstitutu (ISW) analitikləri bildirirlər ki, Baş Qərargah rəisi Gerasimov Rusiya ordusunun qazandığı uğurları əhəmiyyətli dərəcədə şişirdib. Bu, Kremlin Qərbə yönəlmiş dezinformasiya kampaniyasının bir hissəsi kimi qiymətləndirilir. Onun açıqlamaları hətta Z-blogerlərin narazılığına səbəb olub.

Hərbi analitik Yan Matveyev bildirib:

“Rusiyanın yay hücumu ən genişmiqyaslı və Ukrayna Silahlı Qüvvələri üçün ən ağır hücum oldu. Amma nəticələrə mahiyyətcə baxanda görünür ki, Putinin planı işləmədi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR