İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunun ləğvi sülh prosesinə təsir göstərəcək

Əgər Ermənistanda hakimiyyət dəyişərsə, radikallar gələrsə...

Xəbər verildiyi kimi, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü iki əsas şərtdən biri idi. Rəsmi Bakının digər şərti isə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır ki, bu tələbin də ən pis halda 2026-cı ildə yerinə yetiriləcəyi gözləniləndir. Siyasi ekspertlərin fikrincə, ATƏT-in Minsk Qrupunun ləğvi tələbinin yerinə yetirilməsi Azərbaycanla Ermənistan arasında sülh prosesinə müsbət təsirini göstərəcək və prosesi sürətləndirəcək.
ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilməsi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilməsinin digər mühüm əhəmiyyətinə gəlincə, de-fakto fəaliyyət göstərməyən Minsk qrupunun de-yure mövcudluğu Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə qalması demək idi və bu, maraqlı qüvvələrin regiona müdaxiləsi üçün istinad riskini saxlayırdı, həmçinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının perspektivini təmin edirdi. Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən də tamamilə çıxarılmış oldu. Ekspertlər hesab edir ki, ATƏT-in Minsk Qrupu da müəyyən bir dövrdən sonra yenidən “dirilə” bilərdi. Ona görə də rəsmi Bakı bu qurumun ləğv olunmasına nail oldu.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bundan sonra Ermənistan və Azərbaycan münasibətləri kontekstində hadisələr necə inkişaf edirsə etsin, heç bir vaxt heç bir kəs ATƏT-in Minsk qrupuna və onun qəbul etdiyi qərarlara istinad edə bilməyəcək. Çünki qüvvədən düşmüş hesab olunur:

440076.jpg (74 KB)

“Əgər Ermənistanda hakimiyyət dəyişərsə, radikallar gələrsə, yenidən münasibətlər gərginləşərsə, problem yaratmağa cəhd edərlərsə və ATƏT-in Minsk qrupunu yenidən görməyi arzu edərlərsə, artıq istinad nöqtəsi tapılmayacaq ki, nə vaxtsa belə bir problem olub və nə vaxtsa hansısa qərarlar qəbul edilib. Bu məsələnin ən önəmli tərəflərindən biridir. Düşünürəm ki, bu bizim diplomatiya tariximizin ən uğurlu nəticələrindən biridir.

Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Bu qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Bununla da münaqişənin rəsmən həll olunduğu və bu səhifənin qapandığı beynəlxalq səviyyədə təsdiqləndi”.

Qeyd edək ki, 24 mart 1992-ci ildə, Helsinkidə keçirilmiş ATƏT (o vaxt ATƏM) Nazirlər Şurasının əlavə iclasında Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan Minsk Qrupu məsələnin həlli üçün heç bir müsbət addım atmayıb. Əksinə, Minsk Qrupunun həmsədrləri olan üç ölkə-Rusiya, Fransa, ABŞ öz maraqlarını daim önə çəkərək məsələnin həllinə maneələr yaradıblar. Xüsusən Rusiya və Fransa tərəfsiz vasitəçi olmaq əvəzinə işğalçının tərəfini tutublar və Minsk Qrupu Azərbaycanı işğalla barışmağa sürükləməyə çalışan bir təsisat kimi tanınıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR