Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Avropa və NATO ölkələrinin liderləri ilə ikinci görüşünü keçirib. İlk qeyri-rəsmi mini-samit bazar ertəsi Parisdə, Yelisey sarayında baş tutmuşdu.
Musavat.com xəbər verir ki, ikinci görüş isə əsasən onlayn formatda təşkil edilib, burada 19 dövlət və hökumət başçısı iştirak edib.
TF1 telekanalının məlumatına görə, videokonfransa Aİ və NATO üzvü olan 19 ölkənin rəhbərləri qoşulub. Kanada, Norveç və İslandiya da toplantıya qatılan ölkələr arasında olub.
Samitdə kimlər iştirak edib?
• Görüşdə şəxsi iştirak edən liderlər yalnız Rumıniyanın müvəqqəti prezidenti İliye Boloyan və Lüksemburqun Baş naziri Lük Friden olub.
• Baltikyanı ölkələrin (Estoniya, Latviya, Litva), Kıbrıs, Finlandiya, Belçika, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İrlandiya, İslandiya, Portuqaliya, İsveç, Sloveniya, Çexiya liderləri və Kanada Baş naziri Castin Trüdo onlayn qoşulub.
Görüşdə hansı məsələlər müzakirə olunub?
Fransa Prezidenti Avropanın Ukrayna ilə bağlı vahid mövqeyini və kollektiv müdafiə siyasətini formalaşdırmaq məqsədilə bu görüşü keçirdiyini bildirib. Müzakirələr əsasən ABŞ-dakı yeni administrasiyanın son bəyanatları fonunda Avropanın təhlükəsizlik strategiyası və Ukraynanın gələcəyi ilə bağlı olub.
Makron Avropa İttifaqının 27 üzvü ilə ayrıca görüş keçirəcəyini və bunun həftə sonuna qədər baş tutacağını bildirib.
Makron: “Avropanın təhlükəsizliyi bizim məsuliyyətimizdir”
Görüşdən sonra Fransa Prezidenti Makron əsas mövzuları açıqlayıb və Avropa liderlərinin Ukrayna məsələsində ortaq yanaşmaya malik olduğunu bildirib:
“Fransa və onun tərəfdaşlarının mövqeyi açıq və qətidir. Biz Ukraynada daimi və etibarlı sülh istəyirik. Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təminatçısı olmaq məsuliyyətini öz üzərimizə götürürük. Bu, Fransanın əsas maraqları ilə üst-üstə düşür və mən bu maraqların təminatçısıyam.”
Makron ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək məqsədilə apardığı danışıqlarla Avropanın hədəflərinin uyğun gəldiyini vurğulayıb:
“Bizim məqsədimiz Trampın məqsədi ilə üst-üstə düşür – artıq üç ildir davam edən Rusiya təcavüzkar müharibəsinə son qoymaq.”
Makronun sözlərinə görə, Avropa ölkələri sülh üçün atacağı addımları üç əsas prinsip əsasında davam etdirəcək:
Ukrayna danışıqlarda hər zaman iştirak etməli və onun suveren hüquqları qorunmalıdır.
Sülh davamlı olmalı və etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.
Avropanın təhlükəsizlik problemləri nəzərə alınaraq qərarlar verilməlidir.
Makron həmçinin Avropanın müdafiə imkanlarını artırmaq üçün daha çox investisiya yatırmalı olduğunu qeyd edib:
“Biz müdafiə və təhlükəsizlik sahəsində xərclərimizi və imkanlarımızı artırmağın vacibliyinə inanırıq. Bu istiqamətdə qərarlar yaxın günlər və həftələr ərzində qəbul ediləcək.”
Makronun bu toplantını təşkil etməsi ABŞ-ın Ukrayna məsələsində mövqeyini dəyişdiyi bir vaxtda Avropa ölkələrinin daha aktiv təhlükəsizlik siyasəti yürütməyə hazırlaşdığını göstərir.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ