Onlayn ictimai-siyasi qəzet
“Fransa uğursuzluğunu Qafqazda revanş almaqla kompensasiya etmək istəyir. Bu həm də Fransanın Afrikadakı məğlubiyyətlər silsiləsinin müəyyən hissəsini unutmaq niyyəti daşıyır”.
Bunu Musavat.com-a şərhində Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, Fransa Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsi nüfuzlu orqandır, 6 təşkilatdan ibarətdir və dünya səviyyəsində kifayət qədər peşəkar çalışır. Ekspert diqqətə çatdırdı ki, məhz Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra ölkənin xarici təhlükəsizlik üzrə xüsusi qurumları uduzmağa başladı:
“Ən son Nigeriya, 2022-ci ildə isə Rusiyanın Ukraynaya hücumundan öncə açıqlanan dosyeni xatırlatmaq yerinə düşər. Bildirilmişdi ki, Rusiya heç zaman Ukraynaya hücum etməyəcək. Bu hadisə gülüncə səbəb olmuşdu. Elə bir vəziyyət yaranıb ki, Makronla Xarici Təhlükəsizlik Baş İdarəsi qarşı-qarşıya gəlib. Tərəflər bir-birini ciddi şəkildə ittiham edir. Son olaraq Qafqazda kəşfiyyat əməliyyatları ifşa edildi. Proses çox əhəmiyyətlidir. Belə ki, hazırda dünyada kəşfiyyat savaşlarının güclü olduğu ərazilərdən biri də Cənubi Qafqazdır. Təkcə, Gürcüstan və Ermənistanın adını çəkmək kifayətdir. Bu iki ölkədə milli təhlükəsizlik həssas, hətta zəifdir. Buna görə də Cənubi Qafqaz xarici kəşfiyyatın fəaliyyətinə şərait yaradır. Regionda onlara qarşı yalnız Azərbaycan savaşa bilir. Fransa kəşfiyyatı Azərbaycan əleyhinə maliyyə kanalı açmaq istəyirdi. Onlar rezidentlərini “yemləmək” yolu ilə belə bir fəaliyyət qura bilərdilər. Fransa agentlərinin deşifrə olunması həm də onu göstərdi ki, Fransa Azərbaycanda xüsusi qurumların, hərbi-strateji obyektlərin xəritəsinin çıxarılması və Ermənistana təqdim olunması prosesini həyata keçirmək istəyib. Bu onu deməyə əsas verir ki, Azərbaycan bunun da qarşısını aldı, nəticə etibarilə Fransanın Qafqazdan qovulmasını asanlaşdırdı”.
Ə.Əlibəyli vurğuladı ki, Fransanın xarici kəşfiyyat konsepsiyasının 4 əsas istiqaməti var:
“Birinci istiqamət terror təhlükəsinə qarşı fəaliyyəti ehtiva edir ki, bunu Azərbaycan üzərindən qura bilmədilər. İkincisi, böyük risklərin, böhranların qarşısının alınması ilə bağlıdır. Burada risk amilini görmək mümkündür. Belə ki, Fransa Qafqazda öz maraqlarına zərər olması ilə əsaslandırır. Üçüncüsü, iqtisadi və sənaye maraqlarının müdafiəsi və təşviqidir. Son istiqamət təhlükələrə qarşı mübarizə üsuludur. Azərbaycanla savaş daha çox bu istiqamətdə keçirilir. Buna görə də Ermənistanın arxasında dayanması, onu silahlandırması Fransanın öz məqsədləri ilə bağlıdır. Bu prosesin sonunda Ermənistan bədbəxt olacaqsa, bu, Fransanın maraqları naminə özünü qurban vermək anlamına gəlir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ